Jurnalist Natiq Muxtarlı ilə Nərimanov parkında çay içib
söhbət etmək imkanını əldən vermək olmazdı. 30 ilə yaxındır dostluq
edirik, 2 aydan çox idi görüşmürdük.
Mən parka dostumdan 10-15 dəqiqə tez çatmışdım. Var-gəl edirdim.
Natiq arxadan səssiz yaxınlaşdı, ilk sözü bu oldu:
- Şair, sən öl, sənin yerin cəhənnəmlikdir, bayaqdan sənə fikir
verirəm. - Zarafatına zarafatla cavab verdim:
- İnşallah, ölərik, görərik kim cənnətlik, kim
cəhənnəmlikdir.
Elə bu an qulağıma xırıltılı səs gəldi, kimsə şeir dedi:
"Burda biz həsrətik bir kilo ətə
Orda istəyirik düşək cənnətə..."
Səsə tərəf çevrildim. Səhra rəngində sırınmaya bürünmüş (buna
geyinmək demək olmazdı) kişini tanıdım – Məmməddir. Sabir adına
Mərkəzi Şəhər Kitabxanasında fəaliyyət göstərən "Pərvanə" ədəbi
birliyinə gələrdi. Vahid adına çay evində rəhmətlik şair Həkim
Qəninin də dərnəyində müntəzəm iştirak edərdi. Həkim Qəni ona söz
verməzdi. Məmməddən xeyli yaşlı olan həkim onu bəzən acılayardı
da:
- Ə kişi, sən şeir yazan deyilsən, otur qulaq as, - deyərdi.
"Pərvanə"nin sədri Qəşəm Nəcəfzadə isə bu qoca və özünü-sözünü
bilməyən adama acıyar, bəzən onun könlü xoş olsun deyə, tədbirin
sonunda ona da söz verərdi ki, şeir oxusun. Sözsüz ki, Məmmədin
şeirləri bitən kimi məclis də sona çatardı. Bu isə Məmmədə heç də
xoş gəlməzdi. O, çox istəyirdi ki, onun da ədəbi yaradıcılığı
müzakirə olunsun. Bir neçə dəfə Qəşəmlə onun arasında gərginlik də
yaşanmışdı. Məmmədin mənə:
- Bu tərəkəmə niyə şeirlərim
haqda fikir bildirməyə şərait yaratmır? - deyə
soruşmuşdu.
Cin məni qurdalamış kimi demişdim:
- Paxıllıqdan. Sənin bu yaşda həftəyə bir dəftər şeir
yazmağını gözü götürmür. Həm də sənin mövzularını, şeirlərinin
məzmununu götürüb sonradan özü yazır. Ona görə də şeirlərin
müzakirə olunsa, yaddaşlarda ilişib qalar və onun plagiat olması
bilinər.
Məmməd mənim zarafatla dediyim sözü ciddi olaraq qəbul etmiş və
bir neçə dəfə də Qəşəmin ardınca asıb-kəsmişdi.
İndi, bu soyuq payız günündə əlində zibil dolu torba və süpürgə
tutan Məmməd şeirlə mənim Natiqlə etdiyim söhbətə müdaxilə
edirdi.
- Məmməd dayı, salam, məni tanıdın?
Üzümə baxdı, - yox, - dedi.
- Sən şair Məmməd deyilsən? 5-6 "obşi" dəftər şeirlərin
vardı.
Gülümsədi, mırıq dişləri göründü. Toz basmış kimi görünən
öləzimiş gözləri qırışın altında itib batdı. Yaxınlıqda uşaqlar
üçün qurğunu işlədən oğlanı çağırdı:
- Adə, bəri gəl, sənin nənənin... Gördün, məni şair kimi
tanıyırlar. Sən isə məni lağa qoyursan.
Oğlan xeyli güldü. Nənəsinin söyülməsini eşitmirmiş kimi,
Məmmədə yenə də söz atdı:
- Səndən necə şair çıxarsa, mənim də nənəmdən balerina
olar...
Məmməd bu dəfə mənə xoş bir baxış, isti bir təbəssümlə müraciət
etdi:
- Mənim yadıma heç düşmədin.
Özümü təqdim etdim. Yaddaşını vərəqlədi, bir şey hasil
olmadı.
- Məmməd kişi, Sabir adına kitabxana, şeir dərnəyi,
Faiqəm də. Qəşəm Nəcəfzadə...
Qəşəmin adını çəkdikdən, şeirlərinin məzmununu xatırlatdıqdan
sonra deyəsən, yaddaşının toz basmış qatına xəfif külək əsdi,
xatırladı:
- Aha, yadıma düşdü, cəlilabadlı balası... Mənə Fərqanə də, o
biri qızlar da sonra dedilər ki, sən camaatı dolayırsan, Qəşəmlə
məni davaya salırsan...
Kişinin sözü Natiqə ləzzət elədi:
- Gör, o dünyada bunun başına nə oyun gətirəcəklər...
Məmmədin qoluna girdim:
- Hə, zarafata nə isə deyirdim, amma mən səni heç
dolamadım.
Sonra Məmmədi Natiqə təqdim etdim, haqqında xoş söz dedim.
Məmməd bu dəfə Natiqə diqqətlə baxdı, onun nə edəcəyini gözlədi.
Natiq isə danışmaq istəmirdi, susdu. Bu, Məmmədə xoş gəlmədi:
- Mən indi 30 saylı JEK-də işləyirəm. Günüm buranın təmizliyinə
baxmaqla keçir. Mənim medalım da var. Bax buradadır, - sırınmasının
yaxasını açdı, nimdaş pencəyinin sol yaxalığındakı medalı göstərdi.
- Bunu mənim əməyimə, zəhmətimə görə şəxsən cənab prezidentimiz
verib. Özümün də 23 qalın dəftər şeirim var. Bayaq dostun 10 dəftər
dedi. Çoxdur, "prosto" adamım olmadı, irəli çəksin.
Natiq burnunun ucunda mızıldandı:
- Şair, qurtar da, gedək bir çay içək...
Natiqin etinasız olmasına Məmmədin incik düşməsi səsinin
qalxmasından hiss olundu:
- Mən burada təmizlik işi görürəm. O gün bax bu qalınlığa bir
kitab tapdım. Gördüm Zəlimxan Yaqubun kitabıdır. Bu, bilirsən
nədir? Biabırçılıqdır! Götürdüm kitabı gəldim, sildim, cildini
təmizlədim. Başdan-ayağa oxudum. Bəzi yerlərinə əl gəzdirdim,
düzəliş etdim, dedim, necə də olmasa, öz şairimizdir. Gedəcəkdim
ki, halallıq verim, yeni kitabına belə salsın. Eşitdim böyrəyi
xəstədir, əməliyyat olunub, getmədim. Allah şəfa versin.
Məmmədlə gəzişirik. Qarşısına çıxan park işçilərinə eyni sözləri
deyir:
- Bəs deyirdin mən şair deyiləm. Hər ikisi böyük yerdə işləyir,
məni görən kimi tanıdılar.
Məmmədin həyatını, dolanışığını soruşuram, "buna da şükür", -
deyir:
- O vaxt mənə "upravlyaşi" Lütfəli 3 otaqlı ev verirdi,
götürmədim. "İt damında yaşayaram, sənin verdiyin evdə yaşamaram",
- dedim. İndi başıma döyürəm...
Nə isə fikirləşdi, gözlərimə baxdı, sonra əlavə etdi:
- Götürəndə Lütfəli pis kişi deyildi. Eşitmişdi ki, 15 nəfər
qaçqını himayəmə götürmüşəm, rəhmi gəlmişdi mənə.
- Məmməd dayı, o vaxtı nə qaçqın?
- Naxçıvandan qohum-əqrəba gəlmişdi, işə düzəlmişdi bizim
trestə. Həyətimdə ev tikib vermişdim, yaşayırdılar. Evi almadım,
neynirdim evi. "Uçaskovı" ilə danışmışdım. Tikintidən
materialı-zadı "Kraz"la gətirib tökürdüm, iki gecəyə gecəqondunu
tikirdim. Amma gərək o evi də götürəydim.
Arada parkda selfi çəkdirən, dodaqlarını qabağa, ayaqlarının
birini geriyə verən qızlara baxıb ah çəkir.
- Nə olub, a kişi, ahın ah görməmiş, günah işlətməmiş
qəlblərə... Cavan qızlardır da..
- Bunlar da mənim balam, gözəl qızdılar, amma... Kaş cavan
olaydım...
- Nə edərdin cavan olsaydın?
- Düz yola çəkərdim, deyərdim, bu qədər erkəyin içində belə
durmayın, əzilib büzülməyin.
- Qoca kişisən, sənin məsləhət verib, yol göstərməli
vaxtın, əslində, indidir.
- Yox, indi məni eşitməzlər. Amma cavan olsam, deyərəm ki, sizi
sevirəm, inanarlar. Deyərəm ki, bax, belə olmayın, onlar da sevgiyə
görə belə olmaz..
Natiq mənə baxır, əli ilə saatını göstərir:
- Şair, hələ Keşlə bazarına da getməliyik, topdansatışdan balıq
alacağıq.
Məmməd isə məni buraxmaq istəmir. Ona xoşdur xatirələrini
çözmək. Məmmədi inandırıram ki, sabah gələcəyəm, səndən həm yazı
yazacağam, həm də şəklini çəkəcəyəm.
- De, göy haqqı? Kişi kimi de!
Göyə, Yerə and içib, kişi kimi söz verirəm ona:
- Sabah saat 2-də burada görüşürük.
Ertəsi gün əməkdaşımız fotoqraf Natiq Azəri ilə görüş yerinə
getdik. Məmməd dayı orada idi: Əynində palto, paltonun yaxalığında
isə medal vardı. Var-gəl edir, səbirsiz halda ətrafa boylanırdı.
Saata baxıram, 20 dəqiqə gecikmişik. Məni görən kimi üzünün
nigaranlığını sevinc hissləri əvəzlədi:
- Sən nə yaxşı adamsan, dedin də, gəldin də...
- Səni çox adam aldadıb?
- İndi heç kimə etibar yoxdur. Al, bax budur, Zəlimxanın kitabı.
Bütün şeirlərini dəftərə köçürmüşəm, - sellofandan 3 qalın dəftər
çıxardı, bir də - bax budur, - dedi.
- Niyə sən bu şeirləri dəftərə köçürmüsən?
- Qorxdum ki, hamı atar onun kitablarını, itib-batar bu şeirlər,
köçürdüm ki, gələcək nəsillərə saxlayım...
Məmmədin üzündə qəribə, yenicə xeyirxahlıq etmiş insanın
sifətində dolaşan məmnunluq ifadəsi vardı.
- Sən gərək öz şeir dəftərlərini gətirəydin. Seçərdim,
dərc edərdik...
Çiyinlərini çəkdi, sifətinə günah işlətmiş uşağın üzrxahlıq
edərkən boy verdiyi ifadə "dağıldı". Qoluna girdim, mənə tərəf
qısıldı.
- Məmməd dayı, sənin ən böyük arzun nədir?
- İstəyirəm şeirlərim çap olunsun. Amma pulum olmadığına görə
dərc etmirlər... Bir də istəyirəm ki, bayramlar da bizim
maaşımızdan tutmasınlar. Maaşımız azdır axı. Sağ olsunlar, mənim
medalıma, şair olmağıma hörmət edirlər. Məndən 28 manat
tuturlar.
- Məmməd dayı, sənin arzunun birini gerçəkləşdirəcəyik,
şeirini dərc edərik.
- Hamısı yaxşı adamdır. Mənə hörmət edirlər. - Əlini cibinə
salır. - bax, bu mənim medalımın "qnijka"sı, bu mənim YAP
"qnijkam", bu da mənim, sən də məni bağışla, arvadımın ölüm
kağızı... Tək kişiyəm də...
- A kişi, evlənmək istəyirsən bəlkə?
- Yox, yox...
- Oğuldan-uşaqdan nəyin var?
- Qızım 38 yaşında rəhmətə getdi. Oğlum var, mənə yaxşı baxır.
Özüm işləyirəm, işləməsəm, ölərəm. Səndən bir xahişim var.
- Buyur, hər nəyin vardır, de gəlsin...
-Gedək bağın o başında qoca kişilər yığışıb nərd, domino oynayır
ha, orada məni danışdır, orada mən şeir deyim. Onlar mənə həmişə
lağ edir.
Məmməd dayının bu xahişini də yerinə yetirdik. Nərd oynayan
veteranlar kameranın qarşısında şəstlə durub şeir deyən Məmmədə
tərəf baxdılar, əllərini bir anlıq da olsa, oyundan çəkdilər. Qara
eynəkli bir kişi Məmmədə yaxınlaşdı, şeir dediyi yerdə onun boynunu
qucaqladı:
- Başına dönərəm sənin, sən yaxşı kişisən.
Öpüşdülər. Məmmədin gözləri yaşarmışdı. Çox xoşbəxt
görünürdü.