Axar.az-ın budəfəki qonağı
tanınmış xanəndə Alim Qasımovun qızı Fərqanədir.
Onunla söhbətimizdə qadınlardan və onların qarşılaşdığı
çətinliklərdən danışdıq.
Öncə gəlin, Fərqanə xanımın bioqrafiyasına qısaca nəzər
salaq.
Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olub. 2002-ci ildə
Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq
müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo
konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur
vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu"
layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək
yolu" ansamblının üzvüdür.
- Həyat necə gedir?
- Həyat rəngarəng, enişli-yoxuşlu, eyni zamanda da sakit
şəkildə...
- Qadın olmaq hər hansısa çətinlik
yaradırmı?
- Qadın olmaq, ana olmaq özü bir ali vəzifədir. Hətta görürsünüz
ki, Allah-təala qadınlara deyir ki, siz məscidlərə getməyin, sizin
eviniz, həm də məscidinizdir. Bizim ibadətimiz ailəmizə,
övladlarımıza göstərdiyimiz qayğıdır. Allah qadına görün nə qədər
üstünlüklər verib. Onsuz da qadın olmaq çox ciddi məsuliyyətdir,
onun üzərinə başqa vəzifələr gələndə isə bu, qadın üçün əlavə yük
olur. Bu baxımdan da hər bir qadın üçün evindən qıraqda olan başqa
işlər ağır bir yük sayılır.
- Ailə, yoxsa sənət?
- Mən uşaqlarımın ən körpə, ailəmə isə ən lazımlı olan vaxtda
hər ikisini bir anda dartıb gətirə bilmişəm. Bundan sonra seçim
qarşısında qalacağımı düşünmürəm. Amma hər bir halda mən ailəmi
seçərəm.
- Müsahibələrinizdən birində demisiniz ki, sizi bu
sənətə atanız gətirdi. Alim Qasımov sizə istiqamət verməsəydi,
Fərqanə bu gün hansı sahədə çalışmış olardı?
- Yenə də incəsənəti seçərdim. Uşaq vaxtı qardaşımla mən gözəl
rəsmlər çəkir, zövqlü musiqilərə qulaq asardıq. Hərdən evdə
klip-filan da çəkirdik (gülür). Bunları düşünəndə hiss edirəm ki,
atam mənə istiqamət verməsə belə, mən yenə də üstünlüyü incəsənətə
verərdim.
- Qadına asandır, yoxsa kişiyə?
- Mənə elə gəlir ki, qadınların işi kişilərdən hər zaman çətin
olur. Çünki onlar ən birinci növbədə ana, sirdaş olurlar. Buna görə
də, sənətim mənim üçün ağır sayılır. Çünki həmişə məşqlərdə,
səfərlərdə oluruq. Bu isə minimum günümüzün yarısını aparır. Belə
də olanda, görün ailəmizdən nə qədər ayrı düşürük.
- Atanız olduqca mühavizəkar insana bənzəyir, çoxmu
qadağalar qoyub sizə?
- O, heç vaxt mənə sözlə qadağa qoymayıb. Mənə sadəcə
məsuliyyəti öyrədib. Buna görə də, ondan icazəsiz heç nə etməmişəm.
Hər zaman məsləhətinə ehtiyac duymuşam, onunla birlikdə addımlasam.
Fikir versəniz, mən yalnız son vaxtlar tək addımlamağa başlamışam.
Bütün bunlar isə muğama olan hörmətimdən irəli gəlir. Düşünürəm ki,
artıq muğam üçün nəsə etməliyəm.
Hər zaman atam kimi təvazökar olmuşam. Düşünmüşəm ki, öncə atam
sonra mən. Onun ardınca hara gedərəm, gedərəm. Amma artıq görürəm
ki, atamın sağlığında özüm nəsə qazanmalıyam ki, sonradan mənə heç
bir çətinlik olmasın. İstəyirəm ki, atam mənim uğurlarımı görsün,
narahat, nigaran qalmasın.
-Qadın nə vaxt qocalır?
- Mən həmişə elə bilirdim ki, 30 yaşdan sonra qadın qoca olur.
Yaşım getdikcə pis olurdum. Amma gördüm ki, əslində ən gözəl çağlar
elə bu yaşda başlayır. Bəlkə də ən gözəl çağ 50 yaşdan sonra
başlayır, amma onları görmədiyim üçün bir şey deyə bilməyəcəm.
- Bu gün Fərqanə xanımın ən çox nəyə ehtiyacı
var?
- Qadının ən böyük ehtiyacı, ən böyük xoşbəxtçiliyi onun
ailəsindən başlayır. Ailənin bütövlüyü, ocağının isti olması onu
xoşbəxt edir. Bu yaşıma qədər çox ölkələri gəzdim, amma şükürlər
olsun ki, mən xoşbəxtliyimi yalnız öz evimdə, ailəmdə tapıram.
- Alim Qasımovun qızı ilə Fərqanəni nə
ayırır?
- Həyatda necəyəmsə, Alim Qasımovun qızı olaraq da eləyəm.
Deyərdim ki, Alim Qasımov çox xoşbəxt atadır ki, mənim kimi
qaraqabaq qızı var (gülür). Amma qaraqabaq görünsəm də, elə
deyiləm. Buna həyat məcbur edir. Biz çox insan əhatəsində oluruq,
buna görə də, mimikalarımz xarakterimizi göstərməkdə bizə çox kömək
edir. Bunlar isə düşünülmüş olmur. Hamısı xarakterdən irəli
gəlir.
Gözəllik bəzən qadına mane olur
- Uğurlu qadın olmaq üçün nələr lazımdır?
- Hər şeyin başında özünəinam dayanır. Əgər qadının içində inam
varsa, o qarşısına çıxan təkliflərin hər birini qəbul edir.
Gözəlliyin uğurda roluna gəlincə, heç bir əhəmiyyəti yoxdur, hətta
deyərdim ki, gözəllik bəzən qadına mane olur.
Bir dəfə küçədə biri mənə terrorçu deyib
qışqırdı
- Avropa ölkələrinə səfərlərinizdə hicablı olmanız
hansısa çətinlik yaradırdımı?
- Bəli, bəzən olur ki, xaricə gedəndə hicablılara bir az pis
baxırlar, incidirlər. Bir dəfə küçədə gedirdik, biri mənə terrorçu
deyib qışqırdı. Bizim belə çətin anlarımız olub. Nə olursa-olsun
biz müsəlman qadını olduğumuzu unutmamalıyıq. Mən hər bir
hərəkətimlə müsəlmanların adına həm şərəf, həm də ləkə gətirə
bilərəm. Buna görə, mən bütün hərəkətlərimi hesablayıram.
Konsertlərimdə belə milli geyimlərə, şərq üslubuna üstünlük
verirəm.
- Konsertlərinizdə istifadə etdiyiniz paltarlara
gəlmişkən, hansı geyim seçiminizlə insanlar bu gün də
maraqlanır?
- Fəxriyyə Xələfovadan 2014-cü ildə götürdüyüm paltar ilə hələ
də hər kəs maraqlanır. Başdan-ayağa yalnız şərq üslubu, rəngləri
ilə hazırlanıb.O mənim diqqətimi ilk baxışdan çəkmişdi. Yeri
gəlmişkən, Fəxriyyə xanım elə ordaca həmin paltarı mənə hədiyyə
etdi. Buna görə ona çox təşəkkür edirəm. Fəxriyyə xanımdan sonra
Bakı moda evi Könül xanıma da həmişə minnətdaram, onlar bizə milli
paltar mövzusunda həmişə kömək edirlər. Azərbaycanımızın fəxridir
bu qadınlar. Biz şərq üslubunda doğulmuşuq və həmişə də ona meyilli
olacağıq.
- Bəs qızlarınız da belə düşünürmü?
- Bəzən qızlarımın avropasayağı düşüncələri ilə qarşılaşıram.
Belə şeyləri hiss edəndə izah edirəm ki, sən müsəlmansan, buna görə
də, uzun geyinməlisən, yaxan bağlı olmalıdır. Bəzən qızım deyir ki,
mən də qısa yubka geyinmək istəyirəm, bunu görəndən sonra
alış-verişdə özüm onlara yubka təklif etdim, amma gördüm ki, qızım
özü istəmədi. Dedi ki, yox, ana, axı mən onda rahat olmaram. Onlar
özləri də zamanla hər şeyi dərk edirlər.
- Qayınana sizinçün kimdir?
- Mən qaynana deyəndə, hər zaman öz anamı görürəm. Anam olduqca
nümunəvi qayınanadır. Bilirsiniz, hər bir qayınana gəlinə ana ola
bilməz. Belə bir deyim var, gəlin gəlin olmasa da, gərək düşdüyü
yer gəlin olsun. Ana qızlarına qarşı necədirsə, gəlininə də elə
olmalıdır. Düşünürəm ki, qayınana mütləq hər zaman cəmiyyət içində
gəlininin tərəfini saxlamalıdır. Belə olanda o, həm də gəlinin
hörmətini qazanır. Gəlinə bildirilən iradların hamısı yalnız
qayınana və gəlin arasında qalmalıdır. Əgər qayınana gəlinini
oğlunun yanında pisləyib, ona təhqiredici sözlər deyərsə, əlbəttə o
ailədə heç vaxt xoşbəxtlik də olmaz. Mənim anam isə hər zaman
oğlunu danlayıb, gəlnini yox.
- Deyir, nə edirsən elə, gəlin həmişə yad qızıdır. Siz
necə düşünürsünüz?
- Bilirsiniz, zaman keçdikcə, hər şey öz yerini tapır. Gənc
yaşında kimsə sənə pis baxa, yanlış anlaya bilər. Amma zamanla hər
kəs sənin böyüklüyünü görür. Və sənə "yad qızı" kimi baxan ailə o
sadiqliyi, vəfanı görür. O sadiqlikdən sonra isə haqqı görməmək,
mənə elə gəlir ki, artıq nankorluq olar. Düşünürəm ki, mənim
ailəmdə "yad qızı" yanaşması artıq keçib.
-Nə qədər vaxt lazım oldu keçməsi üçün?
- Deyərdim ki, yeni gəlinə ən azı 3-4 il vaxt vermək, bu illər
ərzində isə güzəştə getmək lazımdır. Yeni gəlin adətən anasıgilə
tez-tez baş çəkmək istəyir. Övladları olanda bəzən bacarmır,
anasından kömək istəyir. Bu illər ərzində qayınana gəlinə elə bir
qayğı göstərməlidir ki, gəlin bütün meylini öz ailəsindən alıb,
qayınanasına verə bilsin.
- Deyəsən, kövrəksiniz…
- Əvvəllər çox kövrək idim. Amma sonralar getdikcə bərkidim.
Artıq istədiyim vaxt gözümün yaşını tutmağı bacarıram, amma
əvvəllər hislərimi idarə edə bilmirdim. Fikirləşirəm ki, istədiyim
hər vaxt ağlamaq olmaz, onu idarə etməyi bacarmalısan. Bəzən atam
məni danlayanda da özümü saxlayıram. Yeganə insan həyat yoldaşımdır
ki, mən ona həmişə kövrəkliyimi göstərmişəm. Bilirsiniz, kövrəklik
özü paklığın, məsumluğun əlamətidir. Hər bir insan kövrək ola
bilməz. Gözdən axan yaş insanın qəlbinin saflığıdır.
- Gəlin, bir az da ideallarınızdan danışaq. Sizə görə,
ideal kişi necə olmalıdır? İdeal kişi dedikdə necə bir insan
təsəvvür edirsiniz?
- Mənim üçün ideal kişi tək görüntüdə ola bilməz. O, yalnız
bizim peyğəmbərimiz ola bilər. Kişi xarakteri çox çətindir. Onlar
hər zaman əyləncə axtaran, fikirləri dağınıq olur. Kişi deyəndə
əyləncəli bir insan nəzərimdə canlanır. İdeal kişiyə gəlincə, onun
evdən çıxış və giriş saatları bəlli olmalıdır. Onun qadını
bilməlidir ki, həyat yoldaşı hansı saatda evdə olacaq. Vaxtının,
qazancının çox hissəsini ailəsinə sərf edən kişiyə çox şeyi
bağışlamaq olar.
- Subay qızlara tövsiyələriniz…
- Əsas elmə fikir versinlər. Bir də ailə qurmaqda tələsməsinlər.
Düzdür, bu qismətdir, ən düzgün seçim etmək şansı elmdə yaranır.
Qadın ictimailəşdikcə, daha düzgün seçimlər etmək imkanına sahib
olur. Belə qadınlar gözüaçıq olurlar. Onlara bunu tövsiyə edirəm.
Düşünürəm ki, vaxt gələcək, bizim qızlar üçün orta evlilik yaşı 30
olacaq.