Şahin Musaoğlu həm gözəl
həkim, həm də istedadlı şair kimi tanınıb. O, həkimlər arasında
həkim, şairlər sırasında şair olaraq tanınır və həmişə imzası
axtarılır. Bir çox hərbi vətənpərvərlik mövzusunda yazılan
marşların, mahnıların müəllifi olan şair-həkim, həm də AYB-nin
Hərbi Vətənpərvərlik Komissiyasının sədridir. Sözləri və musiqisi
Ş.Musaoğluna məxsus olan marşlar və mahnıların dillər əzbəri olması
da heç kəsə sirr deyil.
Axar.az Şahin Musaoğlu ilə hərbi vətənpərvərlik mövzusunda
söhbəti təqdim edir.
- Şahin müəllim, son günlər Qarabağdakı müharibə
ab-havası yaradıcılığınızda hansı izləri qoydu?
- Son hadisələrlə bağlı hamı kimi mən də çox gərgin, həyəcanlı,
üzüntülü və eyni dərəcədə qürurlu anlar, günlər yaşadım. Əlbəttə,
şəhidlərimizə görə üzüldüm. Ordumuzun uğurlu əməliyyatlarına görə
isə qürurlandım. Yaradıcılığa gəldikdə isə cəmiyyətin, xüsusən
gənclərin və qadınlarımızın ordumuza, əsgərlərimizə dəstəyi, sözsüz
ki, mənim də ruhuma təsirsiz ötüşmədi. Yaxında inşallah keçirdiyim
o hissləri, o duyğuları, o ovqatı mahnı diliylə paylaşacam.
- Çox gözəl. Bu arada sizi AYB-nin Hərbi Vətənpərvərlik
Komissiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm.
Əvvəllər siz komissiya üzvü idiniz. Deyin, sədrlik müddətinizdə nə
yeniliklər olacaq?
- Görüləcək işlər çoxdur. İlk növbədə, cəmiyyətdə artan ruh
yüksəkliyinin qorunub saxlamasını təmin etmək lazımdır. Bunun üçün
komissiya sədri olaraq, hərbi vətənpərvərlik mövzusunun ədəbi
mühitdə yerini, rolunu, əhəmiyyətini önə çəkmək və gündəmdə
saxlamaq qənaətindəyəm. Eyni zamanda hərbi vətənpərvərlik
mövzusunun təbliğatının gücləndirilməsi istiqamətində işlərin
görülməsinə nail olmaq istəyirəm. Elə məhz bu məsələ ilə əlaqəli
aprel ayının 20-də saat 14-də AYB-nin Natəvan klubunda birliyin
mətbuat xidməti ilə birlikdə bizim komissiyanın təşkilatçılığıyla
güc nazirliklərinin müvafiq xidmət nümayəndələri ilə, kütləvi
informasiya vasitələrinin, dövlət və qeyri-hökumət təşkilatlarının,
ictimai birliklərin nümayəndələri ilə birgə dəyirmi masa-forum
keçirməyi planlaşdırmışıq. Məqsədimiz bu əməkdaşlığın daha sıx,
dinamik, işlək fəaliyyət mexanizmini qurmaq və həyata keçirmək üçün
müzakirələr aparmaq, tədbir iştirakçılarının arzu, təklif,
tövsiyələrini dəyərləndirmək , hərbi hissələrdə, məktəblərdə,
təhsil müəssisələrində görüşlərin, tədbirlərin keçirilməsini təşkil
etmək və sairdir.
Gəlin etiraf edək ki...
- Yeri gəlmişkən, məlumdur ki, bütün dövrlərdə savaş
ədəbiyyatı yaranır və bu məzmunda olan əsərlər ölkədə müharibəyə
nifrət, qələbəyə inam və sevinc aşılayır. Komissiyanıza belə
əsərlərlə müraciət edənlər olubmu?
- Bildiyiniz kimi, sənət adamları, yazarlar öz yaradıcılığında
azad və sərbəstdir. Biz heç kimi məcbur edə bilmərik ki, bu mövzu
ilə əlaqəli yazıları mütləq şəkildə komissiyaya təqdim etsinlər.
Amma bizə təqdim olunan ədəbi əsərlərin dərci, təbliğatı, təşviqatı
məsələsi komissiyanın qarşısında duran əsas vəzifələrdən biridir.
Və mən hesab edirəm ki, Azərbaycanda kifayət qədər Qarabağa,
müharibəyə, Xocalı və 20 yanvar hadisələrinə aid ədəbiyyat
nümunələri, povest, hekayə, poema, şeir, musiqi, rəsm əsərləri,
bədii və sənədli filmlərdən ibarət böyük bir külliyyat var. Amma bu
külliyyatın vahid bir məkanda qeydiyyatı, təbliği, təşviqatı
yoxdur. Ən azından AYB olaraq bu mövzunu gündəmdə saxlamaq məqsədi
ilə yaranmış və yaranacaq savaş ədəbiyyatına sahib çıxmaq
istəyirik.
- Sizin mahnı mətnləriniz, eləcə də şeirlərinizin çox
qismi bu ruhda yazılıb, yadda qalan, sevilən mahnılarınız var.
Yeniləri ilə nə vaxt tanış ola bilərik?
- Əlbəttə, olacaq. Amma bu həm mənim öz daxili istəyimdən, həm
də məndən asılı olmayan səbəblərdən asılıdır. Bildiyiniz kimi,
musiqilərin yazılması xüsusi vaxt və texniki şərtlər tələb edir.
İndi əsasən dinləyicilərin zövqü ilə hesablaşan mahnılar yazılır.
Hərbi vətənpərvərlik mövzusu bir qədər fərqli mövzudur. Gəlin
etiraf edək ki, hərbi vətənpərvərlik mövzusunun auditoriyası həmişə
məhdud sayda olsa da, tələbkar auditoriya olub. Biz Birinci Qarabağ
savaşı ərəfəsində Şəmistan Əlizamanlı ilə bir neçə konsert
proqramları təşkil etmişik. Cəmiyyətin qaymaqları, aydınlar,
gənclərin bir qismi və orduya bağlı insanlar bizi sevib, bizi
dəstəkləyib. İndi isə vəziyyət dəyişib. Artan ruh yüksəkliyi demək
olar ki, cəmiyyətin bütün təbəqələrinə sirayət edib. Əlbəttə, bu,
çox yaxşı, öyünüləsi haldır.
- Şahin müəllim, ümumiyyətlə, əsgərlərimizin bu
mahnılara tələbatı nə qədərdir?
- Əsgərin bütün fəaliyyətində bir ritm müşayiət
olunur. 1,2,3,4, sol!!! Bu melodiyadır, əslində. Əsgərlər o ritmə
köklənir. O ritmin sədaları altında yatır, durur, yeyir, içir,
döyüşür. Marşların, mahnıların önəmi əsgərin
birinci tələbatıdır, məncə. O döyüş əməliyyatı zamanı ac da,
susuz da qala bilər. Amma marşsız, mahnısız qala bilməz. Hər hansı
bir mahnı ümiddir, dəstəkdir yaşamağa, qisas almağa, döyüşə
atılmağa, həmləyə, hücuma səslənişdir çünki! Bir sözlə, bir ritmlə
ordular ayağa qalxıb, zəfərlər qazanıb. Mahnı sədaları altında
anesteziyasız belə cərrahi əməliyyatlar icra olunub. Hərb tarixində
belə faktlar çoxdur. Məsələn, Anatoli Papanov öz xatirələrində
yazırdı ki, 1941-45-ci illərdə xəstələr üzərində cərrahi
əməliyyatlar aparmaq üçün lazım olan anestezi vasitələr çatmırdı.
Bəzən həkimlər narkoz vermədən əməliyyat etməli olurdular. Ayağı
amputasiya olunmalı bir əsgər narkozsuz əməliyyata razılıq verir. O
narkoz əvəzinə öz arzusuyla Lidiya Ruslanovanın ifa etdiyi
"Valenki" mahnısının sədaları altında ayağının amputasiya
olunmasını istəyib.
Kiminsə qeyri-səmimi olmasını düşünmürəm
- Daha hansı işləri görmək fikriniz var? Bu məzmunda
yazan yazarlarımızı mükafatlar gözəyə bilərmi?
- Həvəsləndirici tədbirlərin, mükafatların verilməsi,
layihələrin, təqdimatların keçirilməsi müsabiqələrdən sonrakı etapa
aid olan məsələlərdir. Bildiyiniz kimi, ayrı-ayrı təşkilatlar,
nazirliklər, idarələrlə birgə müsabiqələr keçirmək planlayırıq.
Bundan başqa AYB mətbuat xidməti və Hərbi Vətənpərvərlik
Komissiyasının təşkilati dəstəyi ilə "Ulduz" jurnalı və Ayb.az
saytı aprel sayında Qarabağ mövzusunda esse müsabiqəsi keçirəcək.
"Ulduz" jurnalının aprel sayı həm də oxucularına "Ver, ver bizə
Zəfər" adlı kitabını hədiyyə olaraq təqdim edəcək. Məlumat üçün
deyim ki, müəllifi Arzu Əsəd, redaktoru Qulu Ağsəs olan bu kitab
1000 nüsxə ilə çapdan çıxıb. Bunun 700-ü Azərbaycan əsgərinə, 300-ü
isə "Ulduz"un oxucularına təqdim olunacaq. Əlavə olaraq həmin
kitabın 5000 nüsxə çap olunması da nəzərdə tutulur. Başqa bir
informasiyanı da nəzərinizə çatdırmaq istəyirəm. Yaxın günlərdə AYB
mətbuat xidməti və Hərbi Vətənpərvərlik Komissiyası "Ulduz" jurnalı
ilə birlikdə vətənpərvərlik ruhunda mahnı mətnləri müsabiqəsi
keçirməyi də planlaşdırır.
- Ümumiyyətlə, vətənpərvərlik mövzusunda hansısa
müsabiqədə iştirak etmək üçün yazmaq, nə dərəcədə səmimi bir əsərin
araya-ərsəyə gəlməsinə səbəb ola bilər?
- Müsabiqə üçün yazılan əsərlər var, bir də var vaxtında
yazılıb, heç yerdə dərc olunmayıb. İndi müsabiqəyə təqdim olunur.
Müsabiqə adından bilindiyi kimi yaxşının yaxşısını seçib,
dəyərləndirməkdir, təbliğ etməkdir. Əlbəttə, sənətdə sifarişlə
yazılan əsərlər professional baxımdan qüsursuz ola bilər, amma
səmimi olmaz. Bu, mövzuya münasibətdən asılı olaraq özünü göstərir.
Amma söhbət vətəni, torpağı, bayrağı, əsgəri tərənnüm etməkdən
gedirsə, kiminsə qeyri-səmimi olmasını düşünmürəm. Bu, həm də
"tərəf" məsələsidir. Hötenin məşhur bir kəlamı var: "Səmimi olmağa
söz verirəm, tərəfsiz əsla". Bizi birləşdirən bu tərəfdi. Bu həmən
"tərəf" - gücdür. Vətən sevgisi, gücü!!! Bu milləti ayaqda tutan və
toplum arasında milli birliyi, bərabərliyi qoruyub saxlayan yeganə
bir gücdür.
Yəqin ki, bu fikirləri səsləndirməzdim
- Sizcə, Azərbaycan yazarı müsəlləh əsgər ola
bildimi?
- Əgər mən orduya bağlı olmasaydım, yəqin ki, bu fikirləri
səsləndirməzdim. Məncə, bu gün Azərbaycan ədəbi mühitində müsəlləh
əsgər olan kifayət qədər yazarımız olub, var və olacaq da. Sadəcə
olaraq, bu rupor, məkan, mənbə baxımından o illərdən fərqlənir. O
dönəm bir rupor – radio var idi. Teleməkan, televiziyalar
yığışdırılmışdı. Kiminsə var idi, onu da müsadirə etmişdilər.
İnformasiya məkanı bir neçə qəzet idi. Onlar da ciddi nəzarət
altında dərc olunurdular. İnformasiya qıtlığı bu informasiyadan ac
olan əhali tərəfindən anındaca mənimsənilir, sahiblənilir,
özünküləşdirilirdi. Hər bir məlumat, hər çağırış, hər bir şeir,
mahnı böyük hadisəyə çevrilirdi. İnsanlar bir kağız parçasına
yazılmış bir şeiri müqəddəs bir yazı kimi, ürəklərinin başında
gəzdirirdilər. Məsələn, o illərdə hərbi müxbir olan K.Simenovun
"Gözlə məni" şeiri iyirmi milyon nüsxədən çox dərc olunaraq
paylaşılmışdı. Bu, ən azından 20 milyon insan deməkdir. Digər bir
misal: Amerikada bir dərgidə E.Hubbat adlı bir köşə yazarının
"Qarsiyaya məktub" yazısı yüz milyondan çox dərc olunub. Həmin yazı
əlyazma şəklində Amerikadan Rusiyaya, oradan Yaponiyaya, oradan
yenə Amerikaya qayıdıb.
- Səməd Vurğunun "Ananı öyüdü" şeiri kimi müharibəyə,
qələbəyə çağırış verə biləcək yeni bir şeir son günlər sizə təsadüf
etdimi?
- Mənə təsadüf etməyibsə və ya biz
oxumamışıqsa, bu, hələ o demək deyil ki, bu ruhda bir şeir belə
olsun, yazılmayıb. Dediyim kimi, indi şeir məkanı, dövrü-mətbuat,
qəzet, jurnal, sayt portallarda ədəbi mövzulara poeziyaya həsr
olunmuş köşələr, rubrikalar var ki, orada o qədər müxtəlif, o qədər
çox, o qədər zəngin məlumatlar yerləşdirilir ki, bu yazıları
oxumaq, qiymətləndirmək fiziki cəhətdən mümkün deyil. Biz də AYB
komissiyası olaraq, məhz bu sahədə, bu mövzuda olan əsərləri ən
azından qeydiyyata almaq, sistemləşdirmək, dəyərləndirmək
istəyərdik. Əlbəttə, bizə bu işdə həmin yazarlar, şairlər kömək
etsə...