Bu gün ölkəmizdə də kifayət
qədər məşhur olan, 43 illik ömrünə 18 albom çıxarıb, 200-ə yaxın
mahnı bəstələməyi sığdıran kürd əsilli müğənni Əhməd Qayanın doğum
günüdür. Fransanın paytaxtı Parisdə "sürgün" həyatı yaşadığı sırada
vəfat edən müğənni yaşasaydı, bu gün 58-ci doğumunu qeyd
edəcəkdi.
Axar.az xatırladır ki, illər öncə Türkiyədə millətçiliyin geniş
vüsət aldığı vaxtlarda, 1999-cu il fevralın 12-də Şou-biznes
Jurnalistlər Dərnəyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb
"Kürdcə mahnı oxumaq, klip çəkdirmək istəyirəm", - deyən Əhməd Qaya
kəskin reaksiya ilə qarşılamışdı:
"İndilərdə hazırladığım və qarşımızdakı günlərdə yayımlayacağım
albomda kürdcə də bir mahnı oxuyacam və bu mahnıya klip
çəkdirəcəyəm. Aramızda bu klipi yayımlayacaq ürəkli TV-lərin
olduğunu bilirəm, yayınlamasalar, Türkiyə xalqı ilə necə
hesablaşacaqlarını da bilirəm".
Mükafatını alandan sonra çıxış edən müğənni, kürdcə klip
çəkdirəcəyini açıqlayanda aralarında məşhur müğənni Sərdar Ortacın
da olduğu bir qrup tərəfindən sərt etirazla qarşılanmışdı. Əhməd
Qayadan sonra səhnəyə çıxan Sərdar Sibel Canın "Padişah" mahnısının
sözlərini dəyişdirərək "Atatürk yolunda bütün Türkiyə, bu vətən
bizimdi, yadların deyil", şəklində oxumuşdu. Bu sırada salondakılar
daha da coşaraq Əhməd Qayaya etirazlarını ona və yanındakılara
çəngəl-bıçaq ataraq nümayiş etdirmişdilər.
Tədbirdə həyat yoldaşı ilə iştirak edən Əhməd Qaya bu olaydan
sonra ölkədən getməyi üstün tutur və 2000-ci il noyabrın 16-da ürək
çatışmazlığından Parisdə vəfat edir.
Zaman içində Türkiyədə türk-kürd məsələsi nisbətən normallaşdı,
o vaxt Əhməd Qayaya "çəngəl-bıçaq" atanlar illər sonra kürdcə mahnı
oxuyub, klip çəkdirməyə başladılar.
Sonda Əhməd Qayanın video-kameralar qarşısında hücuma məruz
qaldığı gecənin sonunda verdiyi müsahibədə söylədiklərini təqdim
edirik:
"İllərdir ki, bunu deyirəm: türk və kürd xalqları qardaşdır.
Həmişə də belə qalacaqlar. Mən illərlə Türkiyənin parçalanmaz
bütünlüyünü müdafiə etdiyimi söylədim, minlərlə il daha
bölünməyəcəyini deyirəm, amma kürd xalqının varlığını qəbul etmək
və müdafiə etmək məcburiyyətindədir bu ölkə. Mənim dediyim budur,
bunu deyirəm yəni".