Yuxarı

Rəşid Behbudov Alimi niyə qəbul etməyib? - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşid Behbudov Alimi niyə qəbul etməyib? - Video

Bu gün böyük sənətkar, dünya şöhrətli Rəşid Behbudovun 100 yaşı tamam olur. Bu münasibətlə Rəşid Behbudovun sənət dostları onunla bağlı xatirələrini, fikirlərini Axar.az-la bölüşüb.

Xalq artisti Yalçın Rzazadə Rəşid Behbudovu Azərbaycanın ən yaxşı səsi adlandırdı:

"Rəşid Behbudov çox böyük bir məktəb idi. Mən hələ onun mahnılarını dinləyəndə düşünürdüm ki, görəsən, Rəşid Behbudov da bizim kimi yatır, durur, bizim kimi çörək yeyir? O, gözümdə elə idi ki, mənə elə gəlirdi, belə səsi olan bir dahi bizim kimi ola bilməz. Hələ uşaqlıq vaxtlarımdan dahi sənətkara böyük sevgi oyanmışdı məndə. Onun sənəti çoxbucaqlı idi. Azərbaycan səhnəsində, mən deyərdim, bu günə kimi gələn ən güclü səs idi. Onun vokal sənətindəki xidmətləri təkrarsızdır. O oxuyanda adama elə gəlir ki, bal yeyir. O vaxtlar Moskvaya gedəndə görürdüm ki, bəziləri Azərbaycanı Rəşid Behbudova görə tanıyırlar. Rəşid Behbudov öz adı ilə Azərbaycanı bütünləşdirmişdi. Bundan gözəl nə ola bilər axı? O öz gəlişi ilə Azərbaycan musiqisinə böyük bir axın gətirdi. Özü getdi, amma əsərləri hələ də qalır".

Xalq artisti Flora Kərimova Rəşid Behbudovun ən çətin vaxtlarında ona dəstək olduğunu bildirdi:

"Mənim üçün Rəşid Behbudovu sözlə ifadə etmək çətindir. O, bütün SSRİ-də, o cümlədən, dünyada Azərbaycanı tanıtmış bir şəxsdir. Rəşid Behbudov hər sözü ilə Azərbaycanı daha da tanıtmağa çalışırdı. Mənim ona qarşı olan fikirlərim, təəssüratlarım sözlərə sığmaz. Onu xalq sevirdi, xalq dəstəkləyirdi. O, eyni zamanda, çox gözəl insan idi. Həyat yoldaşımı yeni itirmişdim, çox pis idim, heç cür özümə gələ bilmirdim. O ərəfədə Rəşid bəy məni öz ansamblına çağırdı, yadımdadır, biz onunla elə Mahnı Teatrında görüşdük. Ona dedim ki, Rəşid bəy, mən artıq oxumaq istəmirəm. O isə dedi ki, Flora, siz hələ cavansınız, gözəlsiniz, enerjilisiniz, bu sənətdən ayrılmayın. Onun bu sözləri məni yenidən həyata qaytardı və mən səhnədən getmədim".

Xalq artisti Alim Qasımov Rəşid Behbudovla ilk görüşündən danışdı:

"O, çox böyük bir sənətkar idi. Rəhmətlik Bülbüldən sonra ən güclü səs sahibi o idi. O vaxtkı gənclərin çoxu çalışırdı ona oxşasın. Elə indi də gənc müğənnilərin çoxu özünü ona oxşadır. Mən özüm də muğam ifaçısı olmağıma baxmayaraq, həmişə onu özümə örnək götürmüşəm. Onunla ilk görüşümüz heç yadımdan çıxmır. O vaxt məni də Rəşid Behbudov adına Mahnı Teatrına dəvət etmişdilər ki, Rəşid müəllimin önündə çıxış edim. Əgər o bəyənsəydi, məni də öz ansamblı ilə birlikdə qastrola aparacaqdı. Gəlib çıxış etdim, Rəşid müəllim oturub dinləyirdi. Çıxışımdan sonra kövrəldi və dedi ki, bu mahnı ilə sən mənim atamı yadıma saldın. Mən sevindim, dedim ki, aha, deməli, məni bəyəndi, özü ilə aparacaq. Amma belə olmadı. Üstündən bir neçə gün keçdi və öyrəndim ki, məni özü ilə qastrola aparmayacaq. Bu hadisədən bir müddət keçəndən sonra Opera və Balet Teatrında bir dostumla rastlaşdım. Dostum mənə dedi ki, mən Rəşid Behbudovdan soruşdum, "bir oğlan gəlmişdi, sizin ansambla qoşulmaq istəyirdi, axı o yaxşı oxudu, niyə ansambla götürmədiniz? Rəşid Behbudov da dedi ki, çünki ansamblda bir bəstəboy adam kifayət edər, ikinciyə ehtiyac yoxdur".

Tarix
2015.12.14 / 16:08
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla