Bu gün görkəmli Azərbaycan
bəstəkarı Qara Qarayevin doğum günüdür.
Axar.az xatırladır ki, Qara Qarayev 1918-ci il fevralın 5-də
Bakı şəhərində doğulub. 1926-cı ildə Azərbaycan Dövlət
Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilən Qara 1930-cu
ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi
texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin
tələbəsi olub.
1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq
sinfində müəllim kimi işə başlayan Qara Qarayev həmin il Cövdət
Hacıyevlə birlikdə yazılmış "Vətən" operasına görə SSRİ Dövlət
mükafatına layiq görülüb.
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı
əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən ikinci
süitanın ifası ilə bağlı Los Ancelesdə I Beynəlxalq Çağdaş Musiqi
Festivalının iştirakçısı olub, həmin il Qırmızı Əmək Bayrağı ordeni
ilə mükafatlandırılıb.
Qara Qarayevi təkcə Azərbaycanda deyil, bütün postsovet
məkanında, eləcə də Ermənistanda sevirdilər. Erməni bəstəkar Aram
Xaçaturyan Qarayevi yüksək qiymətləndirirdi:
"Mən dostum Qara Qarayevin yaradıcılığında onun insan həyatının
ən başlıca dəyəri haqqında insani, fəlsəfi və dərin deyim və
söyləmlərini olduqca yüksək qiymətləndirirəm. Onun melodik dilinin
özümlüyü və zənginliyi, xalq melosundan çox incəkliklə faydalanma
bacarığı, harmoniyalarının yeniliyi və saflığı, parlaq və kəskin
qarşılaşdırmaları, polifonik səs hörmə ustalığı, orkestr çalarları
məni sevindirir. O, həyatı dərk etməyi, kəskin qarşıdurmalarda geri
çəkilməməyi bacarır, doğruculluğa və insanlığa can atır. O, hər an
qaynar həyatdadır, çağdaşdır, qəlbi insanlar üçün, onların
xoşbəxtliyi üçün hər zaman açıqdır".
Dünya şöhrətli bəstəkar Dmitri Şostakoviç də Qara Qarayevin
sənəti haqda yüksək fikirlər deyib:
"Qara Qarayev böyük qoçaqlıqla, hətta ötkəmliklə öz yaradıcılıq
palitrasını hər cəhətdən genişləndirməyə çalışır. Belə çalışmanın
mahiyyəti ənənəviliklə yaradıcılıq azadlığının çoxçalarlı,
çoxsəviyyəli və üzvi şəkildə uzlaşdırılmasındadır. O, "xəlqilik"
anlamı çərçivəsindən kənara çıxmaqdan qorxmur, daha doğrusu, bu
anlamı genişləndirməyə çalışır.
Mən o dərəcədə özümə güvənən deyiləm ki, Qara Qarayev kimi böyük
bəstəkardan söhbət açarkən "mənim şagirdim" ifadəsini işlədim.
Lakin mən həmin görkəmli musiqiçinin, eləcə də Azərbaycan
simfonizminin digər sayılan şəxsi Cövdət Hacıyevin Moskva
konservatoriyasında, başçılıq etdiyim bəstəkarlıq sinfində çalışıb
yetkinləşdiyi ilə hər bir zaman öyünəcəyəm".
Dahi bəstəkar Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada
dünyasını dəyişib. Onu Bakıda dəfn ediblər.