ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında bu gün Oval kabinetdə keçirilən görüş əvvəlki, gərgin fevral görüşündən fərqli olaraq daha sakit və dostyana atmosferdə keçib.
Axar.az xəbər verir ki, bu barədə CNN-in jurnalisti Kevin Liptak yazır.
“Ukrayna tərəfi bu dəfə görüşün uğurlu keçməsi üçün xüsusi hazırlıq görüb. Zelenski Trampa həyat yoldaşının yazdığı məktubu təqdim edib və ABŞ-ın birinci xanımı Melaniya Trampın müharibədə əziyyət çəkən uşaqlarla bağlı mesajına görə təşəkkür edib.
Fevral ayında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens tərəfindən “nankor” adlandırılan Zelenski bu dəfə çıxışına dörd dəfə “təşəkkür edirəm” deməklə başlayıb:
“Tədbirə dəvətə görə təşəkkür edirəm. Qətliamları və bu müharibəni dayandırmaq üçün göstərdiyiniz şəxsi səylərə görə təşəkkür edirəm. Bu fürsəti yaratdığınız üçün sizə və xanımınıza çox təşəkkür edirəm”.
Zelenski bu dəfə hərbi geyimdə yox, kostyumda olub. Bu, fevralda Trampın hərbi forma ilə bağlı narazılığına cavab kimi qiymətləndirilir və görüşdə yüngül zarafatlara da səbəb olub.
Bu dəfə Trampın nümayəndə heyəti – vitse-prezident Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiven Uitkoff görüş zamanı səssiz qalıb. Fevral görüşündə isə nümayəndə heyəti açıq tənqidlər səsləndirmişdi”, - nəşr bildirib.