Yer kürəsinin daxili nüvəsinin fırlanma sürətinin son aylarda azaldığı müşahidə edilir. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin Geologiya İnstitutunun 2024-cü və 2025-ci illər ərzində apardığı tədqiqatlara əsasən, daxili nüvə 2008-ci ildən etibarən əvvəllər olduğu kimi sürətlə fırlanmır və mantiyaya nisbətən iki-üç dəfə yavaşlayaraq istiqamətini şərqə doğru dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Geo” jurnalında dərc olunmuş məqalədə bildirilib.
Daxili nüvə planetimizin maye nüvəsinin hərəkətini təşkil edir. Əsasən dəmirdən ibarət maye nüvə elektrik cərəyanları vasitəsilə Yer kürəsinin maqnit sahəsini əmələ gətirir. Bu maqnit sahəsi isə, öz növbəsində günlərin uzunluğu, peyk naviqasiyası və quşların miqrasiya marşrutları üçün vacib göstərici kimi çıxış edir.
Almaniyanın Bayreut Universitetinin geofiziki Gerd Ştaynle-Noyman qeyd edib ki, daxili nüvə cazibə qüvvəsi ilə Yer kürəsinə bağlıdır və tam dayana bilməz. O, izah edib ki, nüvənin fırlanması onun maye nüvəyə təsiri ilə birlikdə uzun dövrlər ərzində kiçik dəyişikliklərə səbəb olur və bu dəyişikliklər minimal dalğalanmalarla günlərin uzunluğunda özünü göstərir.
Alimlərin araşdırması seysmik dalğalar əsasında aparılıb. ABŞ-dakı tədqiqatçılar, o cümlədən geoloq Vey Vanq bir neçə zəlzələ zamanı yaranan dalğaların daxili və maye nüvədən keçməsini ölçərək nüvənin fırlanma sürətindəki dəyişiklikləri müəyyən ediblər. Qeyd olunub ki, daxili nüvə uzun illər ərzində sürətlə irəliləyib, sonra geri fırlanaraq təbii dövrlər əmələ gətirib. Bu dövrlər təxminən 20-70 il davam edir və hələ tam olaraq anlaşılmayıb.
Həmçinin vurğulanıb ki, daxili nüvənin elastik, viskoz xüsusiyyətləri onun fırlanmasının dəyişkənliyini izah edir. Qısa müddətli perspektivdə nüvə bərk cisim kimi hərəkət edir, uzun müddətdə isə elastik kütlə kimi davranır. Bu isə fırlanma ritmlərinin uzun dövrlər ərzində dəyişməsinə səbəb olur. Nəticə etibarilə, daxili nüvənin yavaşlaması planetin maqnit sahəsi və gündəlik həyat üçün əhəmiyyətli dəyişikliklər yaratmır. Alimlər qeyd edirlər ki, bu proseslər Yer səthində geomaqnit sahəsinin minimal dəyişiklikləri ilə müşahidə olunur və heyvanların naviqasiyasına təsir etmir.
Bu tədqiqatlar Yer kürəsinin daxili strukturu, maqnit sahəsinin formalaşması və geodinamik proseslər barədə mühüm məlumatlar verir. Alimlər hesab edirlər ki, gələcək tədqiqatlar daxili nüvənin hərəkət mexanizmini daha dərindən açıqlayacaq və planetimizin daxili dinamikası haqqında əlavə biliklər əldə etməyə imkan yaradacaq.
“Biz Günəş haqqında nüvədən daha çox bilirik. Amma bir şey dəqiqdir: Yer kürəsinin nüvəsi dayanmayacaq”, - Gerd Ştaynle-Noyman bildirib.