Məktəbə getməyən uşaqların və gənclərin sayı yeddinci ildir durmadan ardıcıl olaraq artır və 273 milyon nəfərə çatıb. Bu, əhalinin sayının artması, böhranlar və büdcələrin azalması ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə UNESKO-nun 2026-cı il üzrə Təhsilin Monitorinqinə dair Qlobal Məruzəsində – təhsil sahəsinin vəziyyətinə dair əsas qlobal məlumat mənbəyində bildirilir.
Dünyada məktəb yaşlı hər altı uşaqdan biri təhsil sistemindən kənarda qalır və şagirdlərin yalnız üçdə ikisi orta təhsili başa vurur. Bununla belə, bir çox ölkə əhəmiyyətli irəliləyiş əldə edir ki, bu da hədəf göstəricilərin müəyyənləşdirilməsi və müvafiq siyasətin hazırlanması zamanı milli kontekstin nəzərə alınmasının vacibliyini vurğulayır.
UNESKO-nun çərşənbə günü dərc olunan məruzəsi göstərir ki, 2015-ci ildən bəri məktəbdə davamiyyətin təmin olunması üzrə irəliləyiş demək olar ki, bütün regionlarda zəifləyib. Ən ciddi zəifləmə Saxaranın cənubunda yerləşən Afrika ölkələrində müşahidə olunur ki, bu da əsasən əhalinin sayının artması ilə bağlıdır. Münaqişələr də daxil olmaqla bir sıra böhranlar irəliləyişi ləngidib. Dünyadakı bütün uşaqların altıda birindən çoxu münaqişə zonalarında yaşayır. Bu isə o deməkdir ki, məktəbə getməyən uşaqların faktiki sayı rəsmi statistikada əks olunan göstəricilərdən milyonlarla çoxdur.
Bu problem xüsusilə Yaxın Şərqdə kəskin xarakter daşıyır, burada davam edən regional gərginlik bir çox məktəbin bağlanmasına səbəb olub. Nəticədə milyonlarla uşaq dərslərdə iştirak etmək imkanından məhrum olub və təhsildə geri qalma riski ilə üzləşib.