Avropa Birliyi (AB) yeni müqavilələr çərçivəsində Türkiyədən AB ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələb irəli sürəcək.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib.
Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.
Bununla belə, almaniyalı nazir Türkiyə rəsmilərinin məsələyə real yanaşmasını da diqqətə çatdırıb.
Ankara Rusiya qazının digər mənbələrlə əvəzlənməsinin qısa müddətdə mümkün olmadığını bəyan edib. Türkiyə tərəfi həm iqtisadi baxımdan, həm də mövcud resursların həcmi nöqteyi-nəzərindən Rusiya qazından birdən-birə imtina etməyin qeyri-real olduğunu bildirib.
Xatırladaq ki, Türkiyə 2022-ci ildə Rusiyanın "Qazprom" şirkətindən ən çox qaz alan ikinci ölkə olub. Hazırda Ankara ilə Moskva arasında 2026-cı ildən sonrakı dövr üçün qaz tədarükünə dair danışıqlar aparılır, çünki mövcud müqavilələrin müddəti başa çatmaqdadır. Türkiyənin energetika naziri Alparslan Bayraqdar qeyd edib ki, tərəflər hələlik nə mümkün tədarük həcmləri, nə də yeni sazişlərin müddəti barədə yekun razılığa gəlməyiblər. ABŞ və AB-nin təzyiqləri fonunda Ankaranın necə bir balanslaşdırılmış siyasət yürüdəcəyi isə hələlik sual altındadır.