Şəriklərinə 7 milyon "atan" Cavadağa Sultanovun Bakıdakı cinayət
işi araşdırılmamış qalıb
Hacı Məmmədov: "Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır,
ya da kirayə qalır"
Bakı Baş Polis İdarəsinin keçmiş rəis
müavini Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirlikləri polisi
tərəfindən həbs edib. C.Sultanov Dubayda biznes sövdələşmələri
zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirməyib. Hazırda polis
Cavadağa Sultanovla əlaqəli olan digər şəxsləri axtarır.
Azərbaycanın Dubaydakı konsulluğu "amerikaninsesi.org"a
C.Sultanovun həbsini təkzib etməyib. Konsulluğun əməkdaşı həbsin
detalları ilə bağlı məlumat verməsə də bununla bağlı bütün
məlumatların Xarici İşlər Nazirliyinə göndərildiyini
bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa
Sultanovun Ərəb Əmirliklərində saxlandığını təsdiq edib.
"Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb.
Hazırda istintaq aparılır. Azərbaycan vətəndaşının saxlanması ilə
bağlı tərəfimizdən araşdırma aparılır və Dubaydakı konsulluğumuz
məsələni nəzarətdə saxlayır", - Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Cavadağa Sultanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini,
ondan əvvəl isə Binəqədinin polis rəisi işləyib.
Adı dəfələrlə beynəlxalq insan haqları təşkilatlarının
hesabatlarında işgəncələrə rəhbərlik edən şəxs kimi çəkilib.
Bu şəxsin adı yaddaşlarda daha çox DİN-in baş əməliyyat müvəkkili,
polkovnik Hacı Məmmədovun işi ilə bağlı keçən proseslərlə bağlı
qalıb.
C.Sultanovun adı H.Məmmədov və bandasının fəaliyyətindən xəbərdar
olan, həmçinin bu banda ilə əlbir olan yüksək rütbəli polis
zabitlərinin sırasında çəkilirdi.
H.Məmmədovun məhkəməsində C.Sultanovun adı şahid qismində keçib və
o, məhkəmədə ifadə verib. Həmçinin H.Məmmədovun işi ilə bağlı
C.Sultanov barəsində ayrıca cinayət işi başlanıb. Lakin bu işin
taleyi bu günə qədər qaranlıq olaraq qalır.
H.Məmmədovun məhkəməsində C.Sultanov qeyri-səmimi ifadə verməsi ilə
təqsirləndirilənlərin qəzəbinə tuş gəlib. O, məhkəmə ifadəsində
bildirib ki, H.Məmmədovun qətlə yetirdiyi kriminalist Rövşən Əliyev
bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu
işlərin arxasında dayanan polisləri tutacağını deyib: "Soruşdum ki,
onlar kimdir, dedi ki, generallar".
Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona
inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib.
Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini
soruşub. Cavadağa Sultanov isə bildirib ki, o, ailəsinə görə
qorxurmuş: "Əgər məlumat versəydim, indi burda mənim ölüm işimlə
bağlı epizoda baxılacaqdı".
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş
əməliyyat müvəkkili Nizami Qasımovun məhkəmədəki ifadəsindən:
"Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, arvadınızı
oğurlayanları uzaqda axtarmaqdansa, Zakir Nəsirovdan soruşun".
Şahid qeyd edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin
uzaq qohumudur. 2005-ci ilin fevral ayında Cahangir Hacıyevin həyat
yoldaşı Zamirə Hacıyeva oğurlanandan sonra BŞBPİ cinayət-axtarış
şöbəsinin əməliyyatçıları axtarış əməliyyatına cəlb olunublar.
Həmin müddətdə BŞBPİ-nin rəis müavini işləmiş Cavadağa Sultanovun
Zamirə Hacıyevanın DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir
Nəsirovun sifarişi ilə oğurlanmasından xəbəri olub.
"Mən Cahangir Hacıyevin iş yerinə gedəndə gördüm ki, Cavadağa
Sultanov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev və
idarənin Aydın Mirzəyev adlı əməkdaşı oradadır. Cavadağa Sultanov
Cahangir Hacıyevə bildirdi ki, adam oğrularını uzaqda axtarmaq
lazım deyil, Zakir Nəsirovu bura çağırın və adam oğrularının qadını
gizlətdikləri yeri deməsini ondan tələb edin" - deyə şahid qeyd
edib.
H.Məmmədov C.Sultanovun çoxsaylı cinayətlərinin olduğunu söyləyib:
"Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin
30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan
çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş
istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza
olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və
Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa
Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən
imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar
ya qəbiristanlıqdadır, ya da kirayə qalır. Cavadağa Sultanov şahid
kimi ifadə verərkən bütün işlər barədə Məhərrəm Əliyevə məlumat
verdiyini dedi. Məhərrəm Əliyev general olduğu üçün bura
çağırılmadı, ancaq gizlində də olsa ondan Cavadağanın düz
danışıb-danışmamağını soruşmaq olardı. Burada oturanların bəziləri
qrupumun üzvüdür, vəzifə baxımından məndən böyüklər isə qrup üzvüm
ola bilməz".
Hazırda ömürlük həbs cəzası çəkən DİN-in Baş Cinayət Axtarış
İdarəsinin sabiq rəisi Zakir Nəsirov C.Sultanovun qeyri-səmimi
olmasınının səbəbini məhkəməyə Bakı Şəhər Baş Polis İdarəsinin
əməkdaşları və rəisi Məhərrəm Əliyevlə münasibətlərinin tarixçəsinə
toxunaraq aydınlıq gətirmişdi: "1995-ci ildə Heydər Əliyevin
təyyarəsini vurmaq istəyən dəstə Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən alındı. Sonradan məlum oldu ki, bu dəstənin
üzvləri bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində
saxlanılıb, külli miqdarda pul aldıqdan sonra onları azadlığa
buraxıblar. Məhərrəm Əliyev bu dəqiqə də raket məsələsini mənə
bağışlamır. Cavadağa Sultanovun mənim barəmdə danışdıqları aramızda
olan şəxsi münasibətlə bağlıdır".
Qeyd edək ki, C.Sultanov Daxili İşlər nazirinin 23 mart 2005-ci il
tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
O, sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar
Babayevin qudasıdır ("
Musavat.com")