Güclü avtoritetə sahib Ekmeleddin İhsanoğlu CHP və
MHP-nin prezidentliyə vahid namizəd olur; AKP prezidentliyə
namizədini dəyişdirə bilər.
Uzun müzakirələrdən sonra iyunun 16-da Türkiyə müxalifəti
prezidentliyə vahid namizəd müəyyən edə bildi. Cümhuriyyət Xalq
Partiyasının lideri Kemal Kılıçdaroğlu ilə Milliyyətçi Hərəkat
Partiyasının lideri Devlet Bahçeli professor Ekmeleddin
İhsanoğlunun vahid namizəd olmasını razılaşdırdı. Bununla da bir
neçə ay davam edən gərgin müzakirələrdən sonra müxalifət 10 avqust
prezident seçkisində AKP-nin ehtimal olunan namizədi, indiki baş
nazir Rəcəb Tayyib Ərdoğanla rəqabət aparacaq şəxsi müəyyən
etdi.
Yada salaq ki, ölkəni bir çox problemlərlə üz-üzə qoyan AKP
iqtidarından qurtulmaq üçün müxalifətin prezident seçkilərinə vahid
komanda kimi getməsi ideyasının müəllifi MHP lideri Devlet
Bahçelidir. 30 mart seçkilərindən az sonra Bahçeli "çatı aday" –
bütün müxalifət partiyalarının maraqlarını birləşdirən vahid
namizədin müəyyən edilməsi üçün ölkə siyasətinin bir çox ismi ilə
müzakirələr aparmışdı. Müxalifət prezident Abdullah Gülü "çatı
aday" olaraq görmək istəsə də, Gül bu təklifdən imtina etmişdi.
İyunun 16-da CHP sədri MHP başqanını ziyarət edərək ona Ekmeleddin
İhsanoğlunun namizədliyini təklif edib və tərəflər bu məsələdə
razılaşıb.
MHP lideri Ekmeleddin İhsanoğlunun vahid namizədliyi haqqında
yerli mediaya danışarkən "bu isim millətimiz üçün çox faydalı bir
isimdir", deyib.
"Radikal" qəzetinin yazdığına görə, artıq Ekmeleddin İhsanoğlu
müxalifətin təklifinə müsbət cavab verib.
2005-ci ildən bugünə qədər İslam Əməkdaşlıq Təşkilatının baş
katibi olan Ekmeleddin İhsanoğlu 1943-cü ildə Qahirədə doğulub. Ali
təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara
Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib.
Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam
etdirib. E.İhsanoğlu YUNESKO-da və ABŞ-ın dünyaca ünlü Harvard
Universitetində çalışıb, tarix, batı-doğu mədəni-siyasi
münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri
Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində
dərslik statusundadır. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin
ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib.
E.İhsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin
ali dövlət mükafatının da sahibidir. Yaxın dostları ona sayğı ilə
"Elmel bəy" deyə müraciət edir. E.İhsanoğlu ailəlidir, 3 övladı
var.
Müxalifətin uğurlu seçimindən sonra AKP son dərəcə çətin duruma
düşüb. "Çatı aday" axtarışları uzandıqca həm AKP-də, həm də
toplumda baş nazirin seçkini asanlıqla qazanacağı qənaəti
formalaşmışdı. Hətta hakimiyyət təmsilçiləri müxalifətin uzun
axtarışlarına "siz axtarmağınızda olun, biz prezidentimizi seçərik"
sözləri ilə rişxənd edirdi. Ancaq bir sıra ekspertlər bildirirdilər
ki, AKP topluma özünü əmin göstərməyə çalışsa da içəridə o qədər də
rahat deyil. Dekabrdakı bəlli rüşvət qalmaqalı, Manisanın Soma
kəndindəki mədən faciəsindən sonra Rəcəb Tayyib Ərdoğanın vətəndaşı
şillələməsi, iqtidarın faktiki olaraq güney-doğuya nəzarəti
itirməsi, Diyarbəkirdə Türkiyə dövlət bayrağının endirilməsi,
Ərdoğanın adı 17 dekabr rüşvət qalmaqalında hallanan kiçik oğlu
Bilal Ərdoğanın İŞID-ın liderləri ilə ziyafət fotolarının mediaya
sızdırılması AKP-nin mövqeyini sürətlə zəiflədir. Son İŞİD olayları
- Mosulda 100 türkün, içində də konsul olaraq, girov götürülməsi
AKP-nin xarizmasını büsbütün bitirib. Rəqibləri iddia edirlər ki,
baş nazir Tayyib Ərdoğan Türkiyənin nüfuzunu büsbütün zədələyib və
regionun ən güclü dövlətini aciz bir hala gətirib.
Ölkənin siyasi ekspertləri seçkiyə çox qısa zaman qalsa da
AKP-nin namizəd irəli sürməməsini bu nüfuz enişinə bağlayır.
Ehtimallardan biri də odur ki, müxalifət seçkiyə güclü namizədlə
getsə, müxalifət "duelə" AKP lideri Rəcəb Tayyib Ərdoğanı deyil,
başqa bir namizədi çıxaracaq. Mümkündür ki, bu "başqa namizəd"
indiki prezident Abdullah Gül özü olsun. Yaxın günlərin siyasi
prosesləri bu məsələyə də aydınlıq gətirəcək.
Devlet Bahçelinin "çatı aday" hesablamalarına görə, müxalifətin
vahid namizədi qələbə üçün yerdə qalan elektoratdan başqa, AKP-nin
səslərinin 6 faizini ala bilməlidir. 30 mart bələdiyyə seçkisində
MHP-nin və CHP-nin birlikdə qazandığı 46 faizin üzərinə 6 faiz
əlavə edilsə, seçkidə qələbə təmin edilmiş olacaq. Müxalifətin bu
işi bacaracaq şəxs kimi Ekmeleddin İhsanoğlunu seçməsi təsadüfi
deyil. Bu seçimin daha çox illərdir AKP-ni hakimiyyətdə saxlayan
dini cameəyə hesablandığı aydındır. Müxalifət dini cameəyə 12 illik
hakimiyyətinin sonunda adı korrupsiyada hallanan iqtidar
komandasının qarşılığında İslam dünyasına liderlik edən alimi
təqdim edir.
Diqqət yönəldiləcək daha bir məqam var – o da İhsanoğlunun İslam
Konfransı Təşkilatı sədrliyinə AKP-nin təşəbbüsü ilə namizəd
olmasıdır. Üklüçü cameə bu durumu əsas gətirərək "Ekmel Bey"in
müxalifətin gözlədiyi lider olmaya biləcəyindən ehtiyatlanır.
İhsanoğlunun namizədliyi gündəmə gələndən sonra bu məsələ Tweeter
hesablarında, Facebook müzakirələrində səsləndirilib. Liderləri isə
təşəbbüslərində israrlıdır. Onlar "Ekmel bəy"in Türkiyənin taleyini
dəyişəcəyinə inanır. İhsanoğlunun namizədliyini müdafiə edənlərin
bəziləri isə xarizması, ən əsası indiyə qədər heç bir qalmaqallı
işə bulaşmaması ilə onun hətta AKP-ni parçalaya biləcək gücdə
olduğu fikrini müdafiə edirlər.
Musavat.com