Türkiyəli köşə yazarı Dəniz Zeyrək Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun millət vəkili Məhərrəm İncənin prezidentliyə namizədliyini irəli sürməsinin səbəblərini açılayıb.
Axar.az xəbər verir ki, müəllif bu barədə “Hürriyyət” qəzetində yayımlanan “Kılıçdaroğlu niyə İncəni seçdi?” başlıqlı yazısında qeyd edib. O bildirib ki, K.Kılıçdaroğlunun M.İncəni namizəd göstərməsinin 3 əsas səbəbi var:
“Birincisi, partiyadan, Türkiyə Böyük Millət Məclisi (TBMM) qrupundan və idarəçilik orqanlarından “namizədimiz əsl CHP-çi olsun” çağırışı səslənirdi. Partiyanın keçirdiyi sorğularda da İncənin adı ön planda idi.
İkincisi, əgər növbəti tur nəzərə alınaraq CHP-nin İstanbul millət vəkili İlhan Kəsici və ya Əbdüllətif Şənər namizəd göstərilsəydi, partiyadakı təzyiqdən dolayı Səlahəddin Dəmirdaş və Maral Akşənərin yerində dəyişiklik ola bilərdi və CHP namizədi prezident seçkilərində ilk ikiliyə daxil ola bilməzdi. Bu da partiyaya böyük bir zərbə deməkdir.
Üçüncüsü, İncə mühafizəkar, milliyyətçi və kürd seçicilərin səsini toplamaq məsələsində iddialıdır”.
Müəllif İncənin milliyyətçi olduğuna görə digər partiyaların seçicilərinin də dəstəyini qazanacağını deyib:
“Prezident Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə və Səlahəddin Dəmirdaş TBMM-dəki qrupları sayəsində birbaşa namizəd olacaq. Maral Akşənər, Təməl Qaramollaoğlu və Doğu Perinçəyin namizədliyi isə yalnız 100 min imza toplandıqdan sonra rəsmiləşəcək.
Ərdoğanın seçkilərdən birinciliklə çıxması qəti görünür. Əgər seçki ikinci tura qalarsa və İncə də CHP-nin 2015-ci ilin oktyabrdakı kimi səs toplaya bilsə, ikinci tur Ərdoğanla İncə arasında baş tutacaq. CHP-çilərin fikrincə, milliyyətçi kimi tanınan İncə İYİ Partiyasının milliyyətçi səslərini toplamaqda çətinlik çəkməz.
O, toxunulmazlığın ləğv edilməsinə “yox” dediyinə görə HDP seçicisinin dəstəyini qazana bilər. Cümə və bayram namazlarına gedən, çıxışlarında hicablı bacısından danışan İncə keçmişdə CHP-nin səsini topladığı Anadolunun mühafizəkar əhalisindən səs toplaya biləcəyinə inanır”.
Qeyd edək ki, CHP millət vəkili Məhərrəm İncəni rəsmən prezidentliyə namizəd göstərib.