ABŞ Müdafiə naziri Çak Heygeli aparan təyyarə bu gün
səhər saatlarında Ankarada yerə enib. Türkiyə mətbuatında bu hadisə
qaranlıq olsa da, görüşün təfərrüatları yetərincə maraq
oyadır.
Ayağını Türkiyə torpağına qoyar-qoymaz Müdafiə Nazirliyinin Baş
Qərargah rəisi Necdət Özəl ilə görüşən Heygel hökumətə bəlkə də
dünyaya qəbul ediləcək qərarların vacibliyini çatdırmaq istəyirdi.
Belə də oldu. 2 saata yaxın davam edən təkbətək görüşə jurnalistlər
buraxılmadı. Ən maraqlısı isə bu idi ki, görüşdən sonra hər hansı
bir açıqlama, brifinq də olmadı.
Pentaqon rəhbərinin qəflətən Qafqaza gəlməsi və ilk dəfə ayağını
basdığı Gürcüstana getməsi, oradan da Türkiyəyə uçması ortada şimal
küləyinin əsdiyindən xəbər verir. Qərbin sanksiyalarına əhəmiyyət
vermədən Rusiya ilə işbirliyinə başlayan Türkiyə üçün bu səfər
təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Çünki Qərbdən kəsilən
əlini Anadoluya uzadan Rusiyanın bütün istədikləri burada var. ABŞ
komandanının ilk növbədə Baş Qərargah rəisi ilə görüşməyi müharibə
qoxusunun gəldiyinə bir işarədir. Bunun fonunda ABŞ Prezidenti
Barak Obama ilə səmimi keçən görüşü Ərdoğanın müəyyən qədər bölgə
siyasətində razı salındığı anlamı verməkdədir. Məhz bu görüşdən
dərhal sonra belə qənaətə gəlmək olar ki, Türkiyəyə gələn Heygelin
çox güman ki, konkret tərtib olunmuş planı var.
Hədəf Yaxın Şərq?
NATO zirvəsində İŞİD-ə kifayət qədər ciddi mesajlar verən
Obamanın Yaxın Şərq mövzusunda qərarı qətiləşməkdədir. Bu planla
İŞİD mövzusu ilə Əsəd rejimini kölgədə qoyan Qərbin Suriyaya
girməməsi sadəcə mümkün deyil. Həm İraq, həm də Suriya ilə geniş
sərhədə malik Türkiyə üzərindən hərəkətə keçmək, İraqa girməklə
İran sərhədinə bir addım da yaxınlaşmaq, Suriyada İŞİD-i yox edərək
Əsədi yola salmaq planın mündəricatıdır desək, yanılmarıq. Zirvədən
dərhal sonra – yəni əsas ölkələrin razılığını alınandan sonra -
nazirin Türkiyəyə gəlməsi gözlənilən idi. Bu, regionda ən böyük
hərbi bazalardan olan İncirlikdən hücuma başlamaq, eynən İraq
ssenarisini Suriya dəftərinə köçürmək və illərin planını
reallaşdımaq vəzifəsidir. İkinci bir məsələ isə Türkiyə-Rusiya
əlaqələrinə ciddi zərbə vurmaq və Rusiyanın təklənməsinin birinci
fazasını yekunlaşdırmaqdır.
Türkiyəni Yaxın Şərqdə müharibə alovuna çəkməklə şimal
qonşumuzla əlaqəsini kəsməyi fikirləşən amerikalılar əslində düzgün
strategiya seçib. Artıq Ukraynadan əlini üzən Qərb Rusiyanı
dayandırmaq üçün hər yola əl atmağa hazır vəziyyətə gətirilib. Axı
Avropa tərəvəzlə Rusiyanın gözünü qorxutmağın gülünc olduğunu,
separatçılar baş qaldıranda Ukraynanın parçalanma təhlükəsi ilə
üzləşəcəyini bilməli idi.
Kiyev də NATO-ya üzv olmaq üçün etdiyi təklifi rədd edəndə bütün
bunları bilməli idi. Amma bilmədi...
Təsəvvür edin ki, Şərqi Ukrayna müstəqil oldu və qeyri-leqal
olsa da Rusiyanın tərkibinə keçdi. Belə olan halda Donetsk
çəmənliklərindən Avropaya baxan Rusiyanı NATO-nun 5 minlik ordusu
saxlaya bilərmi? Buna görə də çətin, qərarsız və əlacsız vəziyyətdə
olan Avropa böyük təhlükə qarşısındadır. Ekspertlərin fikrincə,
Zirvədən sonra qlobal siyasətdə vahid razılıq əldə olunub. Biz bura
Rusiyanı aid edə bilmərik. Çünki bu ölkə sammitə dəvət olunmamışdı.
Yəqindir ki, terrorla mübarizə yolları ilə birgə Avropanın başının
bəlasına çevrilən Rusiya haqqında da qərar qəbul edilib. Əminliklə
deyə bilərik ki, bu, sanksiya deyil.