"İstənilən ölkə özünün kino sənayesini qurmalı, həmçinin
beynəlxalq məkana ayaq açmaqla bərabər, həm də özünün milli
dəyərlərini qorumalıdır".
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
gənclərin sosial şəbəkələrdə başlatdığı "Kinoteatrlarda filmlər
Azərbaycan dilində olsun!" kampaniyası ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, dublyaj məsələsinə sadəcə tərcümə kimə baxmaq
sadəlöhvlük olar:
"Kino sahəsi təkcə tarixi bir proses deyil, həm də ölkənin
mənəvi mühitini, ideallarını, milli maraqlarını təmin etmək
imkanına sahibdir. Bu mənada kino sənəti yalnız hansı həyat
hadisələrin səhnələndirilməsi və süjetlə göstərilməsi deyil, burda
bir sıra siyasi maraqlar da mövcuddur. Bəzən bu cür filmlər
milyonlarla insana təsir edə bilir. Məsələn, "Pianoçu" filmi
yəhudilərin başına gətirilənləri dünyaya çatdıran və milyonlarla
insanı öz ətrafına toplaya bilən nümunələrdəndir.
Bu baxımdan dublyaj məsələsində keyfiyyətli tərcüməni tələb
etməklə bərabər, həm də nəyi tərcümə etdiyimizə baxmalıyıq. Əgər bu
sahə ilə bağlı nəsə qanun layihəsi hazırlanırsa, bu, həm də
Azərbaycan efir məkanı üçün uyğun olmayan filmlərin qarşısının
alınmasına, Azərbaycan dilinin statusunu qaldırmağa xidmət
etməlidir".
Zahid Oruc gənclərin başlatdığı kampaniyanı təqdirə layiq hesab
etdiyini və nazirliyin təklif edəcəyi qanun layihəsini
dəstəkləyəcəyini deyib:
"Mən sizin sualınızı daha geniş cavablandırdım ki, digər
detallar da kənarda qalmasın. Bunu qanunla tənzimləmək gərəkdirsə,
biz Mədəniyyət və Turizm Nazirliyinin təklif edəcəyi qanun
layihəsini dəstəkləməyə hazırıq. Bu ideya təqdirə layiqdir. Öz
adımdan onu deyə biləm ki, bu olduqca mütərəqqi bir təklifdir və
kino ilə bərabər, dilçilik sahəsində də bizə çox şeylər verəcək. Bu
təklifi ancaq alqışlamaq olar. Etiraf etmək lazımdır ki, efirimizdə
bu sahədə ciddi problemlər var. Bu, dövlət dilinin statusuna
olduqca müsbət təsir edəcək məsələ olduğu üçün düşünrəm ki, bu
təklifi dəstəkləmək lazımdır".
Kinoteatrlarla bağlı Mədəniyyət Nazirliyinin hazırladığı qanun
layihəsini Azərbaycan Dil Qurumun başqanı, millət vəkili Sabir
Rüstəmxanlı da şərh edib.
Deputat bildirib ki, əlavə xüsusi qanuna o qədər də ciddi
ehtiyac yoxdur. Mövcud qanunvericiliklə də bu məsələni tənzimləmək
olar və bu məsələ gərək çoxdan həll olunaydı:
"Kinoteatrlarımızdakı biabırçılıqla bağlı məsələ gərək çoxdan öz
həllini tapaydı. Mövcud qanunvericilik və onun tələbləri ilə də bu
məsələni həll etmək olardı. Mədəniyyət və Turizm Nazirliyi yeni
nəsə hazırlayır və qanunvericiliyi gücləndirirsə, lap yaxşı, amma
gərək mövcud qanunvericilik imkanlarından da istifadə edilsin. Ana
dilimizə bu cür etinasız yanaşamaya göz yummaq olmaz".
Sabir Rüstəmxanlı digər dillərdə filmin təqdim edilməsi
formasına da münasibət bildirib:
"Əgər ana dilimizlə bərabər, filmi başqa bir dildə də təqdim
etmək istəyirlərsə, subtitrlərdən istifadə edə bilərlər. Ancaq
birmənalı olaraq deyirəm ki, nazirlik bu məsələnin həlli üçün
kinoteatrlar qarşısında tələb qoymalıdır. Bu biabırçılığa son
qoymaq lazımdır. Qanunverici orqan olan Milli Məclis də bu məsələdə
ana dilimizin statusunu qorumaq mövqeyindədir. Nə lazımdırsa
etməyə, nazirliklərin bu sahədə atdığı istənilən addımı
dəstəkləməyə hazırıq".
Xatırladaq ki, gənclərin sosial mediada ötən gün öncə
başlatdıqları kampaniyaya artıq 4 mindən çox internet istifadəçisi
qoşulub.