"Ermənistanın Gömrük İttifaqına qoşulma cəhdləri
iqtisadi baxımdan daha çox siyasi əhəmiyyət kəsb
edib".
Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Gömrük
ittifaqına heç bir vəchlə hələ də qoşula bilməyən Ermənistanın
yersiz səylərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, guya bu addım Rusiyanın qurduğu
iqtisadi ittifaqda yer almaq və müəyyən məhsulların öz ölkəsində
reallaşdırılması naminə atılır:
"Bildiyiniz kimi, Avrasiya İqtisadi Birliyi bu ittifaqın üst
qurum hissəsi hesab edilir. Sərkisyanın da burda əsas məqsədi
sözügedən qurumu bu və ya digər formada Qarabağda təmsil
etdirməkdən yana idi. Diplomatik uğur ondan ibarət olmalıydı ki,
Ermənistan sərhədi Qarabağın Avrasiya İqtisadi Birliyindən keçərək
müstəqilləşməsi üçün mühüm bir şans əldə edəcəkdi. İkili məqsəd
üçün nəzərdə tutulan bu cəhd alınmadı. Prezident İlham Əliyev bu
prosesi qabaqladı. Yəni Sərkisyanın iştirak etdiyi tədbirdə
Nazarbayevin dilindən cənab Prezident İlham Əliyevin ünvanladığı
məktubun ayrı-ayrı tezislərinin oxunması Ermənistanda siyasi şok
yaratdı. Həqiqətən də Rusiyanın çiynində yük kimi daşınan, əsas
iqtisadi sahələrini şimal qonşumuza təslim etdirmiş bir ölkə orada
yer almaqla sistemin ümumi yük daşımalarına, iqtisadi məhsullara və
birliyin formalaşmasına heç cür təsir edə bilməz".
Millət vəkilinin sözlərinə görə, diplomatik uğursuzluğa düçar
olan bir ölkənin belə bir ittifaqda yer alması mümkünsüzdür:
"Uğursuz bir ölkənin uğursuz diplomatik siyasəti siyasi şoka
aparacaq vəziyyətin son həmləsidir. İrəvan bilməliydi ki, iqtisadi
birlik hər hansı məsələlərə görə nəsə qazanmır. Ölkə büdcəsini və
real vəziyyəti nəzərə almayan Sərkisyanın bu addımı ona hələ çox
şoklar yaşadacaq. O ki qaldı İttifaqın bundan sonrakı fəaliyyətinə,
Rusiya hesab edirdi ki, çox ölkələr bu qurumun cazibədarlığını
qəbul edərək onu iqtisadi səfir kimi tanıyacaq, eyni zamanda,
Avropa Birliyi alternativ qurumu bir platforma kimi nəzərdən
keçirəcək. Ancaq məlum məsələdə hələ ki, heç bir nəticə
gözlənilmir. Çünki Qazaxıstanın İttifaqla bağlı məlum mövqeyi və
Rusiya-Ukrayna cəbhəsində gedən konfrontasiya sözügedən məsələdə
Rusiyaya geosiyasi planlarını və iqtisadi ideyalarını
reallaşdırmağa imkan verməyəcək".