"Qətnamə Azərbaycanla Avropa Parlamentinin əməkdaşlığını
ciddi şəkildə sual altına qoyacaq".
Bu
sözləri Axar.az-a millət vəkili, ATƏT Parlament Assambleyasının
Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay
Quliyev Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan
qətnaməyə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bu,
praktiki effekti olmayan bir kağız parçasıdır:
"Qətnamə başdan ayağa bir nəfərin, yaxud da bir neçə nəfərin
subyektiv düşüncələri əsasında yazılmış və demək olar ki, bir çox
hallarda qeyri-peşəkar və əsassız olaraq hazırlanmış qətnamədir.
Bu, ilk növbədə beynəlxalq hüquqa, müstəqil bir dövlətin hüquq
sisteminə ciddi şəkildə kölgə salan, müstəqil ölkə ilə təzyiq və
əda dilində danışan, qanunun aliliyi prinsiplərinə məhəl qoymayan ,
yüksək tonla, amiranə şəkildə yazılmış, heç bir konkret əhəmiyyəti
və konkret praktiki effekti olmayan kağız parçasıdır. Mən buna çox
təəssüf edirəm. Hesab edirəm ki, Avropa Parlamentinin deputatları
bir qrup şəxsin hikkəsinin qurbanı olmamalı idi".
Millət vəkilinin sözlərinə görə, bu qətnamə Avropa ilə Azərbaycan
arasında yaranan münasibətlərin sonu ola bilər:
"Bu məsələdə tələsik, əsaslandırılmamış qərar qəbul edilməməli
idi. Amma bu edilibsə, deməli, artıq qətnaməni hazırlayanlar
doğurdan da bütün proseslərdən uzaq və reallığı olduğu kimi
qiymətləndirə bilməyən insanlardır. Onlar bir qrup bu işdə marağı
olan şəxsin təzyiqi altında, onların istəyini nəzərə alaraq və
onların planlarına uyğun şəkildə bu addımı atıblar. Hesab edirəm
ki, bu, ilk növbədə Avropa Parlamentinin nüfuzuna xələl gətirəcək
bir addımdır və Azərbaycanla Avropa Parlamentinin əməkdaşlığını
ciddi şəkildə sual altına qoyacaq. Əlbəttə ki, bu hadisə bizdə
təəssuf hissi doğurur. Xarici İşlər Nazirliyi bəyanat verib,
münasibət bildirilib və hesab edirəm ki, Azərbaycan Parlamenti də
bu məsələyə münasibətini bildirəcək. Bir qrup qətnamə müəllifinin
Avropada keçiriləcək yeni seçilərdə populyarlaşması üçün bu lazım
idi və bunu etdilər. Məncə, bu qətnaməyə xüsusi əhəmiyyət vermək
lazım deyil".
Millət
vəkili, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Çingiz Qənizadə isə hər hansı bir qətnamə ilə Azərbaycana
təzyiqin yolverilməz olduğunu bildirdi:
"Azərbaycanla heç bir dövlət diktə ilə danışa bilməz. Avropa
Parlamentinin "Cənub" qaz dəhlizinin genişləndirilməsi və
"Trans-Anadolu" layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir
qətnaməni qəbul etməsi əslində Avropa üçün arzuolunan deyil. Avropa
bu cür addımları ilə Azərbaycanı özündən uzaqlaşdırır. Bu gün
Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Avropa Azərbaycana.
Çox təəssüf edirəm ki, Avropa Parlamentinin daxilində Avropa
İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən
müəyyən qüvvələr var. Bu qüvvələr də bu cür qətnamələrin qəbulunda
aktiv iştirak edir".
Millət vəkilinin sözlərinə görə, bu qətnaməni hazırlayanlar bir
dəfə də Azərbaycanda olmayıblar:
"Ən maraqlısı budur ki, Parlamentdə bu qətnamənin layihəsini
hazırlayan deputatların heç biri Azərbaycanda olmayıb. Onlar
ölkəmizdə olmadıqları halda, ölkəmizdəki həqiqəti və reallığı
bilmədiyi, görmədiyi halda belə bir qətnaməni hazırlamaqda maraqlı
olublar. Xüsusilə də bununla bağlı Avropa Parlementində almaniyalı
deputatlar canfəşanlıq göstərib. Son zamanlar almaniyalı
deputatların Azərbaycanla bağlı müəyyən qərəzli mövqelərinin şahidi
olmuşuq. Çox təəssüfedici haldır ki, bütün dövlətlərə qanunun
aliliyini uca tutmağı tövsiyyə edən Avropa parlamentariləri bu dəfə
qanunun aliliyinə deyil, fərdlərin aliliyinə qiymət verdilər.
Qətnamənin bəzi adamların qeyri-şərtsiz azadlığa buraxılmasını
tələb etməsi absurddur. Bu adamlar bilavasitə Avropa ölkələri ilə,
beynəlxalq təşkilatlar ilə sıx əlaqədə olan və onlardan maliyyə
dəstəyi alaraq ölkəmizin milli maraqlarına zidd fəaliyyətlə məşğul
idilər. Biz bu faktları kənara qoyuruq. Avropada da bu gün ən ciddi
cəzalandırılan vergi qanunvericiliyi tələblərini pozan insanların
qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Biz bu
qətnaməni Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə
qarışması, hüquq-mühafizə orqanlarının işinə qarışması və
Azərbaycanda qanunların ayaq altına atılmasına xidmət edən bir
bəyanatın verilməsi kimi qiymətləndiririk".
Avropalı parlamentarilərin Azərbaycanda ola-ola Krım məsələsini
müzakirə edəndə Qarabağı yaddan çıxardıqlarını deyən millət vəkili
Avropanın Azərbaycana ikili standartlarla yanaşdığını bildirdi:
"Belə hesab edirəm ki, Avropa Parlamenti nəinki ikili, hətta
çoxyönlü standartlarla Azərbaycana təsir edir. Ölkəmizdə keçirilən
beynəlxalq tədbirdə avropalı deputatlar Krımla bağlı qətnamə qəbul
etmək istədikləri halda işğal olunmuş torpaqlarımızı yaddan
çıxartdılar. Özlərindən min kilometr uzaqlıqda bir ölkənin
təəssübünü çəkdikləri halda tədbir keçirdikləri ölkənin işğal
olunmuş torpaqlarını görməzlikdən gəldilər. Bu da onu göstərir ki,
Avropa Parlamenti Azərbaycana qarşı səmimi deyil".
Millət vəkili onu da bildirdi ki, bu qətnamə Azərbaycan üçün
vacib deyil və münasibətlərin pozulmasına gətirib çıxaracaq:
"Bu qətnamələr nə qədər qəbul olunsa da, Azərbaycan üçün vacib
şərtlərdən deyil və Azərbaycan bu tələbləri icra etməyəcək. Əksinə,
bu, Avropa-Azərbaycan münasibətlərinin pozulmasına gətirib
çıxaracaq. Hər bir vətəndaşın şikayəti ola bilər. Azərbaycan da bu
istiqamətdə öhdəsinə götürdüyü öhdəliyə sadiq qalır və hər kəs
Avropa məhkəməsinə şikayət edə bilər. İndidən, istintaqın getdiyi
bir vaxtda insanların azad olunması tələbi ilə çıxış etmək və
Azərbaycanda insan haqlarının pozulması, QHT-lərin sıxışdırılması,
digər hüquq və insan haqlarının pozulması kimi bəyanatın hazırlanıb
önə çıxarılması göstərir ki, Avropa ölkəmizə qarşı səmimi deyil.
Qətiyyətlə bu qətnaməni pisləyirik".
Azərbaycan
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət
vəkili Asim Mollazadə bu qətnamənin əvvəlcədən planlaşdırıldığını,
reallaşmaqda olan layihələrə təzyiq vasitəsi kimi istifadə
edildiyini dedi:
"Bəzi qüvvələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynamağından çox narahatdır. Məhz buna görə də Avropa
Parlamenti Azərbaycanda yeni layihələrin reallaşması ərəfəsində
belə bir qətnaməni hazırlayaraq Azərbaycana təzyiqləri artırmaq
üçün istifadə edib. İlk növbədə təbii ki, söhbət Azərbaycanı enerji
sahəsində rəqib görən qüvvələrdən gedir. Hər zaman olduğu kimi,
erməni diasporu öz fəaliyyətini daha da gücləndirərək belə bir
təzyiqlər istiqamətində iş aparır. Biz düşünürük ki, Avropa
Parlamenti daha yaxşı olardı ki, Azərbaycanın işğal olunmuş
əraziləri ilə bağlı vaxtında verilmiş qətnamənin icrası üçün
müvafiq işlər görərdi. Hal-hazırda Ukraynada baş verən hadisələr
ilə bağlı Avropa Birliyi bir sıra sanksiyalar müəyyənləşdirib. Amma
Ermənistan kimi işğalçı bir ölkəyə qarşı bu tip sanksiyalar tətbiq
olunmadı. Əgər tətbiq olunsaydı, bu gün Cənubi Qafqazda sülh və
əmanamanlıq bərqərar olardı".