Almaniya hökuməti İŞİD-ə qoşulmaq istəyən ölkə
vətəndaşlarının qarşısını almaq üçün işlərə başlayıb.
Axar.az xəbər verir ki, alman vətəndaşlarının xarici ölkəyə
gedişini əngəlləyəcək qanun layihəsinin qəbul olunacağı
gözlənilir.
Federal Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında
danışan Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Pamela
Müller-Nis Suriya və İraqa döyüşməyə getmək istəyənlərə qarşı bəzi
tədbirlər görüldüyünü açıqlayıb.
Almaniya "Vətəndaşlıq" qanununda dəyişikliyə ehtiyac olduğunu
bildirən Müller-Nis qanun qəbul olunarsa, vətəndaşların pasportunun
ehtiyac olduğu təqdirdə hökumət tərəfindən alınacağını deyib.
İŞİD-in Almaniya üçün təhlükə yaradacağı barədə hökumət
orqanlarında hər hansı məlumatın olmadığını deyən nazirlik rəsmisi
təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil olunduğunu
qeyd edib.
Bu arada Almaniya hökumətinin sözçüsü Steffen Sibert ölkəsinin
İŞİD-ə qarşı əməliyyatlara qoşulmayacağını açıqlayıb. Onun
sözlərinə görə, koalisiya tərkibində Almaniyanın öhdəsinə düşən
vəzifə başqadır: "Koalisiya tərkibində olan ölkələrin hər biri
fərqli sahələrdə köməklik göstərir. Almanya da bölgəyə humanitar
yardım göndərir, kürdlərə silah və sursat yardımı edir. Hazırda
hökumətin hərbi əməliyyatlarda iştirak mövzusunda verdiyi qərarda
dəyişiklik yoxdur".