"Ukrayna hadisələri Qafqazda
Dağlıq Qarabağ münaqişəsinin alovlanması ehtimalını unutdurub.
Hərçənd Ermənistan ordusunun qondarma "Dağlıq Qarabağ
Respublikası"nın adına çıxdığı hərbi helikopteri Azərbaycan
səmalarında uçurtması və qarşı tərəfin onu vurması unudulmuş
post-sovet müharibəsinin yenidən qızışa biləcəyi ehtimalını
gücləndirir".
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "La Stampa"
nəşri Azərbaycanın hava məkanını pozan erməni helikopterinin
hərbçilərimiz tərəfindən vurulmasını şərh edərkən yazıb.
Nəşr 1988-ci ildə ermənilərin azərbaycanlıları doğma
yurdlarından çıxarılması və ərazi iddiaları nəticəsində başlanan
Qarabağ münaqişəsinin SSRİ-nin "xalqlar dostluğu" mifini
dağıtdığını yazıb: "25 il əvvəl başlanan münaqişə dondurulmuş
vəziyyətdə qalır. Ermənistan qondarma "DQR" yaradıb. BMT
qətnamələrini yerinə yetirmir. Helikopter olayı hadisələrə bir daha
nəzər salmağı məcbur edir. Ermənistan təyyarələrini Azərbaycan
səmasında uçurtmaqla nə demək istəyirdi? Yerli ekspertlərə görə,
Paris görüşündən sonra 40 minlik erməni ordusunun Dağlıq Qarabağda
hərbi təlimlərə başlaması Bakıya qarşı əzələ nümayişi idi. Məqsəd
həm də növbəti təxribata start vermək olub. Bakı helikopteri
vurduğunu inkar etmir. Çünki bu ərazilər beynəlxalq hüquqda,
dünyanın ən ali orqanı BMT tərəfindən Azərbaycan torpaqları hesab
olunur. Belə olan təqdirdə, Bakı nə üçün helikopteri vurduğunu
inkar etməlidir? Erməni tərəfi isə Azərbaycanı adekvat cavab
verməkdə hədələyir. Dünya gücləri tərəfləri sakit olmağa çağırır.
Lakin bu toqquşma növbəti müharibənin qığılcımı ola bilər. Bəzi
şərhçilərə görə, Qafqazda unudulmuş münaqişə Ukrayna müharibəsinin
əks-sədası ola bilər. Xüsusilə, Bakı və İrəvan qarşıdurmasında
Ermənistanı dəstəkləyən Moskvanın addımları buna zəmin yarada
bilər. Ötən ay Ermənistanın Avrasiya İttifaqına qoşulması haqqında
qərarın qəbulu İrəvanı Rusiyaya daha çox yaxınlaşdırdı".