"Beynəlxalq reytinq agentlikləri Ermənistanın Rusiyadan
asılılığını və dayanıqlı iqtisadi modelinin olmadığını nəzərə
alaraq ölkənin reytinq cədvəlini endirir. Və çox güman ki, bundan
sonra digər agentliklər də Ermənistanın reytinqini aşağı
salacaqlar".
Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli
bildirib. O, "Fitç" (Fitch) Beynəlxalq Reytinq Agentliyinin
Ermənistanın reytinqini aşağı salmasına aydınlıq gətirib:
"Ermənistan iqtisadiyyatının böyük bir hissəsi katostrofik
dərəcədə Rusiyadan asılı vəziyyətdədir. Hətta bəzi Rusiya
vilayətləri var ki, aldıqları dotasiyanın həcminə görə
Ermənistandan sonrakı yerlərdə gəlir. Təbii ki, Rusiya
iqtisadiyyatında baş verən problemlər, rublun ucuzlaşması,
borcların artması Ermənistana da ciddi dərəcədə təsir göstərir.
Çünki Ermənistanda ÜDM-in 60 faizə yaxını birbaşa Rusiya ilə
bağlıdır. Bundan əlavə Rusiyada yaşayan erməni əsilli vətəndaşlar
öz ailələrinə ildə 2 milyarda yaxın vəsait göndərirdilər. Bu
vəsaitin həcmi Rusiyada baş verən problemlərlə əlaqədar azalıb və
bu da özlüyündə Ermənistanın daxili bazarında problemlər yaradır.
Beynəlxalq reytinq agentlikləri Ermənistanın bu asılılığını və
dayanıqlı iqtisadi modelinin olmadığını nəzərə alaraq, ölkənin
reytinq cədvəlini endirir. Və çox güman ki, bundan sonra
Ermənistanın reytinqini digər agentliklər də aşağı salacaqlar".
Natiq Cəfərli Ermənistanın yaxın 2 ildə çox ciddi şəkildə sosial
problemlərlə üz-üzə qalacağını bildirib:
"Ermənistanın reytinqinin aşağı salınması ölkə iqtisadiyyatında
çox ciddi tənəzzüllə müşayiət olunacaq. Bu tənəzzülün əsas
səbəblərindən biri də ölkəyə kapital qoyuluşlarının azalmasıdır.
Böhrandan öncəki illərdə Rusiya Ermənistana 1 milyard kapital
qoyuluşları həyata keçirirdi. Və yaxud Ermənistanın mülkiyyətində
olan iqtisadiyyat sahələrini Rusiya şirkətləri özəlləşdirirdi. Bu
da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərirdi. İndi bu
tendensiya dayanıb və hətta Ermənistanda aktivlərin həddindən artıq
ziyanlı olduğunu nəzərə alaraq, Rusiya şirkətləri bəzi aktivlərdən
imtina etməyi düşünürlər. Yaxın vaxtlarda Ermənistanın
iqtisadiyyatında ciddi problemlərin şahidi olacağıq. İl ərzində
Rusiya rubluna bağlılığı olan dramda çox ciddi enmələr və
devalvasiya müşahidə ediləcək. Bunun nəticəsində isə Ermənistanda
inflyasiya yüksələcək və qiymətlərin yüksəlməsi sosial gərginliyini
kəskin şəkildə artımı ilə müşayiət olunacaq. Ermənistan
iqtisadiyyatında baş verən proseslər mütləq özünü siyasi arenada da
göstərəcək".
Qeyd edək ki, "Fitç" (Fitch) Beynəlxalq Reytinq Agentliyi
Ermənistanın reytinqini "BB-"-dən "B+"-ə endirib.