SSRİ əhalisi 1953-cü ilin
soyuq 5 mart səhərini bəd xəbərlə qarşıladı: "Yoldaş Stalin vəfat
edib". Rəsmi mətbuat vasitəsilə yayılan bu xəbər ölkə əhalisinin
bir qismini sarsıtdı. Sonradan açıqlanan və Rusiya mətbuatının
dönə-dönə yaydığı məlumata görə, diktatorun vida mərasimi zamanı
yaranan insan izdihamında basabas nəticəsində hətta yüzlərlə ölən
vardı. Sovet imperiyası rəsmən 30 ilə yaxın, qeyri-rəsmi olaraq bu
müddətdən də artıq ona rəhbərlik etmiş rəhbərini müəmmalı şəkildə
itirdi. Onun ölümündən dərhal sonra ortaya belə versiyalar çıxdı –
Stalin öldürülüb. Diktator hələ bir neçə il də yaşaya bilərdi.
İosif Vissarionoviçin ölümündə bir sıra şəxslər maraqlı idi. Bir
versiyaya görə, bu işdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi
agentlərinin də əli var. Həmin müəmma elə indi də müzakirə
mövzusudur.
Publika.az Stalinin ölümüylə bağlı müəmmalı versiyaları təqdim
edir.
"Məndən sonra Stalin də olmayacaq"
İlk öncə qeyd edək ki, SSRİ rəhbəri ömrünün son illərində
ətrafındakı bir sıra şəxslərdən kənar gəzirdi. 1951-ci ilin
sonlarından etibarən rəhbərlə görüş tamamilə məhdudlaşdırılmışdı.
Hətta qızı Svetlana Alliluyeva da atasına məktub yazmamış onunla
görüşə bilməzdi. Svetlana 1953-cü ilin Yeni il şənliyi ərəfəsində
ona məktub yazıb, sevimli bayramını atası ilə birlikdə keçirmək
istədiyini demişdi. Qızı onun cəmi bir neçə saat vaxtını alacağını
bildirmişdi. Qaydaya görə, Svetlana atasının qəbuluna istədiyi
ayda, həftədə, gündə gələ bilməzdi. O ya əvvəlcədən məktub yazıb
icazə almalı, ya da telefonla zəng etməli idi. SSRİ rəhbərinin
hətta öz övladı ilə görüşü də məhdudlaşdırılmışdı.
Birinci müəmma: Stalinin ölümü ilə bağlı
sonradan ortaya çıxan versiyaların çoxalmasında ona sadiq
insanların həbsi faktoru da mühüm rol oynayır. Belə şəxslərdən biri
də 21 il ərzində - 1931-ci ildən 1952-ci ilə qədər diktatorun şəxsi
mühafizəsinin rəhbəri vəzifəsində çalışmış general-leytenant
Nikolay Vlasik idi. Yalnız Vlasik Stalini yuxudan oyada, onun
otağına girə bilərdi. Kremldə uzun illər mövcud olmuş "doqquzluğ"un
ideya müəlliflərindən biri də o idi – SSRİ rəhbərini onun
gözlənilmədən postlarını yoxladığı 9 mühafizəçi qoruyurdu.
Hər şey Vlasikin "həkimlərin işi" qalmaqallı cinayət işinə görə
1952-ci ili dekabrın 16-da həbs edilməsindən sonra başladı. Qolları
qandallanan general atmaca atdı: "Mən həbs ediləndən sonra Stalin
də olmayacaq". Şübhəsiz ki, onun bu eyhamını heç kim ciddiyə
almadı. Amma nəticə doğrudan da belə oldu. Stalin generalın bu
atmacasından 2 ay sonra dünyasını dəyişdi.
"Sevinin, əclaflar, atamı öldürdünüz"
İkinci müəmma: Stalinlə vida mərasimində
iştirak edən şəxslər arasında onun qızı Svetlana və oğlu Vasili də
vardı. Əynində general forması olan Vasili həmin gün ayaq üstə
güclə dayanır, ağlayır, tez-tez cibindən dəsmalını çıxarıb,
gözlərinin yaşını silirdi. O, astadan yanındakılara xitabən
"Sevinin, əclaflar, atamı öldürdünüz" – deyərək, hirsini soyutmağa
çalışırdı. Son vaxtlar həddən artıq alkoqollu içki qəbul edən,
hətta bəzən iş vaxtı qərargaha gəlməyən SSRİ-nin ən gənc və kiçik
generalının həyat tərzindən atası da narazı idi. Vasili Stalinin
vəzifəsinin aşağı salınması barədə göstərişi elə rəhbərin özü
vermişdi. Bu mənada diktator övladına o qədər də ciddi yanaşmırdı.
Lakin uşaqlıq dostu Artyom Sergeyevə "Atam olmayandan sonra mən də
olmayacam" deyən Vasilinin atasının vəfatından heç 2 ay keçməmiş
həbs edilməsi onun bir çox həqiqətləri bildiyini düşünməyə əsas
verir. Lakin tam zərərsizləşdirilmiş Vasili atasının ölümü haqda
bildiyi faktları özü ilə qəbir evinə apardı.
Bütün bunları nəzərə alsaq, ortaya belə bir sual çıxır: Vasili
Stalin "əclaflar" dedikdə kimləri nəzərdə tuturdu?
Döşəmədə can verən diktator – Stalini kim
öldürdü?
Üçüncü müəmma: Bu, versiya iflic olmuş
diktatorun həkim yardımından məhrum edilməsi – başqa sözlə,
ölümünün sürətləndirilməsi ilə bağlıdır. Stalinin beyninə qan
sızdığından o, saatlarla Kuntsevadakı qonaq otağında yerə
sərələnmiş vəziyyətdə qalmışdı. Hərdən bir neçə saniyəlik özünə
gələn diktatora tibbi yardım, həkim köməyi lazım idi. O, arabir
böyük çətinliklə əlini tərpədə bilirdi. Bağ evinin keşikçiləri
rəhbərin otaqlarında həyat əlamətinin olmadığını görüb, qorxa-qorxa
otaqları gəzdilər. Onlar Stalini döşəmədə uzanmış vəziyyətdə
görsələr də, yaxınlaşa bilmədilər. Heç kimin İosif Vissarionoviçə
toxunmağa, hətta ona yaxınlaşmağa ixtiyarı yox idi. Yeri gəlmişkən,
Stalin hətta kitelini də kimsənin köməyi olmadan geyinirdi. Hətta
bir dəfə geyinmək üçün rəhbərə kömək etmək istəyən əshabələrindən
birinin ona uzanmış əlini əsəbi halda geri itələyərək, "mən özüm"
-demiş, paltarını özü geyinmişdi. Bundan sonra heç kim Stalinə
yaxınlaşmağa cürət etmirdi. Yalnız SSRİ rəhbərinin əl uzatdığı
adamlardan başqa.
Keşikçilər döşəmədə uzanıb hərəkətsiz qalmış, iflic olmuş
rəhbərə yaxınlaşa bilməzdilər. Bunun üçün SSRİ Nazirlər Soveti
sədrinin müavini Lavrenti Beriyanın icazəsi lazım idi. Dərhal
Beriyanın axtarışına başladılar. Uzun-uzadı axtarışlardan sonra onu
tapıb, Stalinin Kuntsevadakı evinə çağırdılar. Beriya isə öz
növbəsində "Stalin yatıb, onu oyatmaq olmaz" deyə, SSRİ rəhbərinə
hər hansı tibbi yardımın göstərilməsinə icazə vermədi. Bu səbəbdən
təcili tibbi yardıma ciddi ehtiyacı olan Stalin 12 saat köməksiz
vəziyyətdə qaldı. Sonradan olunan, gecikdirilmiş tibbi yardım isə
faydasız oldu.
Dördüncü müəmma: Yazının girişində də qeyd
etdiyimiz kimi, Stalinin ölümündə onun okeanın o tayındakı
düşmənlərinin, o cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi
əməkdaşlarının da müəyyən rol oynadığı istisna edilmir. Məsələ
burasındadır ki, həmin dövrdə gündəlik xatirələrini yazan ABŞ
prezidenti Duayt Eyzanhauerin (o, 1953-cü ilin yanvarında prezident
seçilmişdi) fevralın sonlarından martın ortalarına qədər öz
gündəliyinə heç nə qeyd etməməsi bununla bağlı şübhələrə ciddi əsas
yaradır. Bəzi analitiklər hesab edirlər ki, ABŞ prezidentinin və
ümumiyyətlə rəhbərliyinin başı 1953-cü ilin fevralının sonlarından
martın ortalarına qədər "başqa məsələlərə" qarışmışdı. Bu müddət
isə Stalinin ölümü və ondan sonrakı ərəfə ilə tam üst-üstə düşür.
Yeri gəlmişkən, sonralar irlandiyalı jurnalistlərdən biri Stalinin
ölümündə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin əli
olduğunu iddia edən kitab yazdı.
Yaxud müəmmalı olayda amerikalıların barmağı olmasına dair başqa
fakt: 1953-cü il, fevralın ortalarında Hindistanın SSRİ-dəki səfiri
ilə görüşü zamanı SSRİ rəhbəri gözlənilmədən, söhbətin mövzusuna
aidiyyəti olmayan bir neçə söz deyir: "Canavar mənim qanıma
susayıb, onu öldürmək lazımdır". Canavarları çox sevən İosif
Vissarionoviçin səfirlə söhbəti zamanı dediyi bu sözlərlə onun
ölümü arasındakı zaman məsafəsi ... cəmi 14 gündür. Sual olunur –
Stalin "canavar" dedikdə kim(lər)i nəzərdə tuturdu? Hansı
qüvvələrə, şəxslərə işarə edirdi?
Can verən kommunist əli ilə kimləri
hədələmişdi?
Beşinci müəmma: Atasının həyatının son anlarını
xatırlayan Svetlana Alliluyevanın sözlərinə görə, gözlərini yummuş,
iflic olduğundan hərəkətsiz qalmış Stalin heç kimin gözləmədiyi
halda qəfildən tərpənib. O, gözlərini yarımçıq açaraq, əlini yuxarı
qaldırmaq istəyib. SSRİ rəhbərinin bu hərəkəti ilə kimi hədələməsi
bu günədək sirr olaraq qalmadqadır. Atasının məlum davranışını
həyatının sonuna qədər unutmayacağını deyən Svetlana bildirirdi ki,
can verən İosif Vissarionoviçi həmin an sanki kimsə, hansısa sehrli
qüvvə boğurdu.
Altıncı müəmma: Nəhayət, Stalinin öz ətrafı
tərəfindən öldürülməsi versiyası. Qeyd edək ki, SSRİ diktatorunun
qəfil və müəmmalı ölümündə onun öz ətrafının əli olduğunu barədə
versiyalar həqiqətə daha yaxın mülahizələrdəndir. Keçək faktlara:
2003-cü ildə Rusiyanın "ORT" telekanalına müsahibə verən Svetlana
Alliluyeva bildirirdi ki, atası qan təzyiqinin yüksək olmasından
əziyyət çəkirmiş. Bundan əlavə, o, Stalinin müəmmalı ölümü faktını
araşdırmaq üçün ABŞ-dan Moskvaya gəlmiş amerikalı tədqiqatçının
lentə aldığı sənədli filmdə "Stalini kim öldürdü?" sualına
birmənalı olaraq "Beriya" cavabını verdi. Stalinin nəvələri, habelə
ona yaxın olmuş şəxslər də amerikalı jurnalistin analoji sualını
Siyasi Büronun üzvü Lavrenti Beriyanın adını çəkməklə
cavablandırdılar. SSRİ rəhbərliyində təmsil olunmuş şəxsin Stalinin
vaxtında tibbi yardım almasında günahkar olmasını yuxarıda (üçüncü
müəmmalı versiyada) qeyd etmişik. Məsələ burasındadır ki, Beriyanın
diktatorun ölümündə maraqlı olmasını əks etdirən başqa faktlar da
var. Belə ki, can verən Stalinin ətrafında gəzişən Beriya onu
astadan söyüb, təhqir edib. Hansısa anda gözləri tərpənən diktator
özünə gəldikdə Beriya onun qarşısında diz çökərək rəhbərin əlini
öpməyə başlayıb. Stalin yenidən huşunu itirdikdə isə ayağa qalxıb,
tüpürüb və onu yenidən təhqir edib.
Yeddinci müəmma: və digər
şəxslər versiyası
Stalinin ölümündə maraqlı olan şəxslər arasında Nikita Xruşşovun
da adı çəkilir. Beyninə qan sızmasından hələ bir neçə ay əvvəl –
1952-ci ilin noyabrında keçirilən XIX qurultayda hamıdan sonra
çıxış edən Stalin cəmi 6-7 dəqiqə tribunada ayaq üstə qala bilir.
Qurultay başa çatdıqdan sonra partiya rəhbərliyi Mərkəzi Komitənin
Rəyasət Heyətinin otağına yollanır. Burada isə Stalin "Baxın ha,
mən hələ bacarıram" deməklə, qoca olmasına baxmayaraq,
əshabələrinin yanındaca tribunada çıxış etməsi ilə öyünüb. Nikita
Xruşşov isə sonralar öz xatirələrində Stalini ələ salaraq onun
güclə ayaq üstdə qaldığını, tribunada əvvəlki kimi saatlarla yox,
bir neçə dəqiqə dura bilməsini önə çəkib. Xruşşovun əsas məqsədi
Stalinin həddən artıq qocalmasına işarə etməklə, onu gözdən salmaq,
habelə, diktatorun ölümünün səbəbinin yaşla əlaqədar olduğunu sübut
etmək idi. Nikita hansısa səbəblər üzündən Stalinin XIX qurultaydan
bir neçə gün sonra Mərkəzi Komitənin Plenumunda 1 saat yarım ayaq
üstdə çıxış etməsini ört-basdır etməyə başlamışdı. Sadaladıqlarımız
onu göstərir ki, Xruşşovun qurultayda cəmi 6-7 dəqiqə çıxış edən
Stalinin həddən artıq qocalması barədə iddiaları yalandır. Stalinin
xələfi ona böhtan atmaqla əsl simasını ortaya çıxardı. Yeri
gəlmişkən, SSRİ rəhbəri Plenumdakı çıxışında partiyada çat
yarandığını bəyan edərək, bu problemin ortaya çıxmasında Anastas
Mikoyanı və Vyaçeslav Molotovu ittiham etmişdi. Stalinin çıxışı
əslində onlar üçün ölüm hökmü idi. SSRİ rəhbəri yeni həbslər
dalğasını planlaşdırırdı. Bu mənada onun ölümündə digər şəxslərin
də maraqlı olmasını sübut etmək üçün əlavə dəlillərə ehtiyac
qalmır.
Və sonda: Martın 5-də dünyasını dəyişmiş Stalin
təkcə cismani yox, həm də siyasi baxımdan öldü(rüldü). Stalinin
kiçik oğlu Vasilini həbsxanada çürüdüb, "bomj" kimi dəfn etdilər.
Qızı Svetlananı isə ölkədən didərgin saldılar. SSRİ rəhbərinin
cəsədi əvvəlcə mavzoleydə qoyuldu. Leninin nəşinin bu günədək
saxlanıldığı mavzoley 8 ildən çox hər iki şəxsin adını daşıdı.
Lakin 1961-ci ildə Stalini Leninin vəsiyyətlərini pozmaqda
suçlandıraraq, onun cəsədini Mavzoleydən çıxardılar. Həmin ilin
oktyabrında diktatorun nəşini oradan çıxarıb, Kreml divarında dəfn
edildi. Bu dəyişikliklərdə Xruşşovun da əli vardı.