Bolqarıstanın bir sıra
nüfuzlu qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə
rəsmi səfərini geniş işıqlandırıb.
Azərtac xəbər verir ki, "Standart" qəzeti
oxucuların diqqətini Azərbaycan və Bolqarıstan prezidentlərinin
görüşündə müzakirə olunmuş məsələlərə, ölkələrimiz arasında
strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəminə cəlb
edir.
Müəllif Bolqarıstan Prezidenti Rosen Plevneliyevə istinadla
yazır: "Azərbaycan nəinki Bolqarıstanda, eləcə də Cənub-Şərqi
Avropada şaxələndirmə və enerji təhlükəsizliyinin artırılması ilə
bağlı cəhdlərimizdə əsas tərəfdaşdır. Bolqarıstanı və Azərbaycanı
səmimi dostluq münasibətləri, Qara dəniz regionunda əməkdaşlıqla
bağlı gündəlikdə duran bir çox məsələlərdə ortaq mövqe birləşdirir.
Ölkələrimiz ikitərəfli münasibətləri, xüsusilə energetika,
əczaçılıq, informasiya texnologiyaları, kənd təsərrüfatı və yeyinti
məhsulları istehsalı, infrastruktur və turizm sahələrində əlaqələri
inkişaf etdirməyə hazırdır".
Bolqarıstan Prezidenti qeyd edib ki, Avropa Komissiyasının
Enerji İttifaqı ilə bağlı elan etdiyi konsepsiyada Azərbaycan
enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji
tərəfdaşı kimi göstərilir. Bolqarıstana ildə bir milyard kubmetr
təbii qazın nəqlini nəzərdə tutan müqavilə ölkənin bir
təchizatçıdan asılılığının aradan qaldırılması baxımından
energetika sahəsində əməkdaşlığın əsasını təşkil edir. Bu, həm də
regionun bütün ölkələri üçün real şaxələndirmə baxımından zəruri
şərtdir.
Prezident Rosen Plevneliyev vurğulayıb ki, Bolqarıstan və
Yunanıstan arasında təbii qazla bağlı əlaqə "Cənub" qaz dəhlizinin
ayrılmaz tərkib hissəsidir. Bu vacib layihənin reallaşması
Bolqarıstan üçün Trans-Adriatik qaz kəmərinə çıxışa imkan
yaradacaq. Bolqarıstan dövlətinin başçısı Azərbaycan və Avropa
İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün
dəstəyini bildirib.
"Standart" qəzetində dərc olunan digər məqalədə isə
Bolqarıstanın Baş naziri Boyko Borisovun ölkələrimiz arasında
əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirləri yer
alıb.
Baş nazir bildirib ki, Bolqarıstan və Azərbaycan arasında
dostluq münasibətləri perspektivdə böyük təhlükəsizlik vəd
edir.
Eyni zamanda, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin
ölkələrimizin əlaqələrin yüksək səviyyədə olması, "Cənub" qaz
dəhlizinin əhəmiyyəti, Azərbaycan-Bolqarıstan münasibətlərində
Avropa İttifaqının rolu barədə fikirləri diqqətə çatdırılır.
"24 Çasa" (24 Saat), "Trud" qəzetləri Azərbaycan Prezidentinin
Bolqarıstana səfəri zamanı müzakirə olunan məsələlər arasında
enerji sahəsində əməkdaşlıqla bağlı məqamlara daha çox diqqət
ayırıb. Bu qəzetlərdə dərc olunan məqalələrdə Prezident İlham
Əliyevin Bolqarıstanın da "Cənub" qaz dəhlizi layihəsinin
iştirakçısı olması, gələcəkdə tranzit ölkə kimi həmin layihədə
mühüm rol oynayacağı ilə bağlı fikri diqqətə çatdırılıb.
Dövlətimizin başçısına istinadən bildirilib ki, "nəqliyyat
infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi
maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da
sıx bağlayacaqdır".
"24 Çasa" qəzetində dərc olunan məqalədə dövlətimizin başçısının
aşağıdakı fikirləri yer alıb:
"Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına,
eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə
xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox
etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan
qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz
mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon
kubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz
qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa
bazarı prioritet bazardır".
"Trud" qəzetində dərc olunan yazıda Prezident İlham Əliyevə
istinadən bu gün Azərbaycan və Bolqarıstan arasında strateji
tərəfdaşlığın əsasının qoyulduğu vurğulanır. Dövlət başçısının
"Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar
xalqına bizim çox böyük rəğbətimiz var" fikri oxucuların diqqətinə
çatdırılır.