Rusiyada Boris Nemtsovu qətlə yetirənlər həbs olunsa da,
"sifarişçi kim idi" sualı açıq qalıb. Rusiyada liberal dairələr
və beynəlxalq aləm Nemtsovun
Fransanın "Şarli Ebdo" dərgisini müdafiə etdiyinə görə qətlə
yetirildiyinə inanmırlar. Çünki Nemstov heç zaman islamofob
olmayıb, müsəlmanları təhqir etməyib.
Axar.az xəbər verir ki, bu haqda məlumat "Atlas" Araşdırmalar
Mərkəzinin analizində yer alıb.
Mərkəzin apardığı analizdə bir çox önəmli və üstüörtülü
məqamlara aydınlıq gətirilib.
Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə onu
tənqid edənlərin qətllərində sifarişçilər adətən müəyyənləşmir.
Aydındır ki, Nemtsovun qətlində Putinin marağı olmayıb. Ancaq
məsələ burasındadır ki, qatillər hər zaman məhz Putinin rəqiblərini
hədəf alırlar. Nemtsovu qətlə yetirən Çeçenistan Prezidenti Ramzan
Kadırovun tanıdığı və vaxtilə onun dəstəsində xidmət edən şəxsdir.
Belə vəziyyətdə Kadırovla bağlı araşdırma başlamalı idi. Putin isə
əksinə, Kadırova "xidmətlərinə" görə "Şöhrət ordeni" verdi.
Rusiyadakı hazırkı siyasi atmosfer hakimiyyətin rəqibləri üçün
təhlükəli vəziyyət yaradır. Fevralın 21-də Moskvada keçirilən
"anti-maydan" mitinqinin əsas təşkilatçıları kazaklar idi. Kazaklar
son zamanlar Rusiyanın müxtəlif şəhərlərində təşkilatlar
yaradırlar. Putin kazakların polis funksiyaları həyata keçirməsinə
şərait yaradıb. Bundan ruhlanan kazaklar liberal qüvvələrə qarşı
sərtləşirlər. Moskvada Ukrayna səfirliyi qarşısında liberal
gəncləri dağıdan da məhz kazaklar idi. Rusiyadan Ukraynanın Luqansk
şəhərində separatçılara qoşulan silahlı kazakların sayı da az
deyil. Kadırovu dəstəkləyən çeçenlər də kazaklarla birgə Ukraynanın
şərqinə yollanırlar.
Putin bu cür qrupların Ukraynaya keçməsinə şərait yaratmaqla
gələcəkdə Rusiya üçün də problemlər yaradır. Həmin qruplar
Ukraynada olduğu kimi Rusiya daxilində də rəqibləri
neytrallaşdırmaqda özlərini sərbəst hiss edirlər. Nemstov məhz bu
"sərbəstliyin" qurbanı oldu.
Xarici ölkələrdə yaşayan Putin tənqidçiləri də özlərini rahat
hiss etmirlər. Məsələn, çeçen mücahidlərinin liderlərindən biri
Zəlimxan Yandarbiyev Qətərdə siyasi sığınacaq almışdı. Qətər polisi
Yandarbiyevi qətl edənləri dərhal həbs etdi, onlar Rusiya Federal
Kəşfiyyat Xidmətinə bağlı şəxslər idi. Daha sonra Kreml Qətərlə
sövdələşməyə getdi və qatilləri Rusiyaya geri qaytardı. Və ya bir
neçə il öncə Putinin əsas tənqidçilərindən biri Litvinenko Londonda
müəmmalı şəkildə zəhərlənərək qətlə yetirildi. Qatillərin izi
Moskvaya gəlib çıxırdı. London nə qədər tələb etsə də, Moskva
şübhəliləri Böyük Britaniya məhkəməsinə təslim etmədi.
Boris Nemtsovun qətlindən dərhal sonra Tacikistan müxalifətinin
əsas simalarından biri İstanbulda öldürüldü. Tacisik liderin
qətlini sifariş verənlər Boris Nemtsovun qətlindən ilham alanlardı.
Rusiya müxalifətinin liderlərindən birini öldürmək mümkündürsə,
Tacikistan müxalifətinin liderinin qətli də çətin deyil.
Qətllərin sifarişçiləri daxildə olduğu kimi xaricdə də olur. Hər
hansı dövlət qonşusunun siyasətindən narazıdırsa, siyasi qətllərdən
öz məqsədləri üçün istifadə edir. Ukraynanın Xarkov və Odessa
şəhərlərində son terror aktlarının arxasında xarici iz axtarmaq
mümkündür. Məqsəd Ukrayna hakimiyyətini daha çox zəiflətmək və
qeyri-sabitliyi genişləndirməkdir.
Bir neçə il əvvəl Bakıda partlayış törətmək istəyən dəstə ələ
keçirildi. Qərb ölkələrinin, o cümlədən İsrailin Bakıdakı
səfirliyinə qarşı terror aksiyasi törətmək istəyən şəxslərin pul və
silahla İrandan təhciz olunduğu bildirildi.
İndi vəziyyət bir qədər dəyişib. Əgər keçmiş illərdə Bakıda
terror həyata keçirmək istəyən qrupların radikal şiələr olduğu,
tapşırığı isə İran və "Hizbullah" təşkilatından aldıqları
deyilirdisə, indi əskinə, radikal sələfi qruplar fəallaşıblar.
Suriya və İraqda savaş təcrübəsi qazanan azərbaycanlılar
Azərbaycanın müxtəlif bölgələrində terror aksiyaları həyata
keçirmək istəyirlər.
Rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür, heç bir
qonşusu ilə münasibətlərdə problemlər yaşamaq istəmir. Ancaq
Azərbaycan bölgənin əsas enerji ölkəsidir və rəsmi Bakı yaxın
gələcəkdə qazını Avropaya çatdıracaq. Bu həm bəzi qonşu
dövlətlərin, həm də radikal sələfilərin xoşuna gəlmir. Bu qüvvələr
rəsmi Bakıya mane olmaq üçün istənilən vasitələrdən istifadə edə
bilərlər. Ona görə də rəsmi Bakı Azərbaycanda sabitlikdə maraqlı
olan ölkələrlə - Türkiyə, ABŞ, Avropa Birliyi ilə əməkdaşlığını
genişləndirməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev
sonuncu dəfə Türkiyədə səfərdə olarkən Prezident Rəcəb Təyyub
Ərdoğanla terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına
qarşı məlumat bölüşdürülməsinin artırılmasına dair əməkdaşlıq
protokolu imzalamışdı. Eyni protokolların Qərb ölkələri ilə
imzalanmasına da ehtiyac var.