Son günlər yağan güclü yağışlar Lahıc–Dəmirçi avtomobil yolunda torpaq sürüşməsinə səbəb olub. Nəticədə yolun hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Axar.az xəbər verir ki, hadisə yolun 11-ci kilometrliyində İsmayıllıdan keçən ərazisində baş verib. Torpaq sürüşməsi nəticəsində iki hərəkət zolaqlı avtomobil yolunun torpaq yatağı sürüşərək asfalt örtüyünü yararsız hala salıb. Ərazidə dərin yarğanlar, qabarmalar və çökmələr əmələ gəlib ki, bu da nəqliyyat vasitələrinin hərəkətini təhlükəli edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov Azərtac-a açıqlamasında bildirib ki, hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır. İdarənin nümayəndələri tərəfindən yolun vəziyyəti qiymətləndirilir, təhlükəsizlik tədbirləri görülür. Əraziyə xüsusi texnika və canlı qüvvənin cəlb olunması gözlənilir. Hazırda ərazidə aktiv torpaq sürüşməsi olduğundan hələlik işlərin görülməsi mümkün deyil. Sürücü və sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq yol qəzalı əraziyə çatmadan bağlanılıb, sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Baş mühəndis onu da qeyd edib ki, Dəmirçi–Lahıc avtomobil yolu sürüşmə zonasında yerləşir. Bu amil yolun vəziyyətinə də təsirsiz ötüşmür. Nəticədə bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə olunur. Agentliyin əməkdaşları tərəfindən yol daim nəzarətdə saxlanılır və hərəkətə mane ola biləcək hallar baş verdikdə operativ müdaxilə edilir.
Qeyd edək ki, Dəmirçi kəndini Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 22 kilometrdir. Bu marşrut həm yerli əhali, həm də Lahıca üz tutan turistlər üçün əsas nəqliyyat xətti hesab olunur. Yolun bağlanması bölgədə hərəkətə və turizm axınına da təsir göstərə bilər.
Son günlər bölgədə müşahidə olunan intensiv yağıntılar səbəbindən dağlıq və sürüşmə riski olan ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmaları tövsiyə edilir.