ABŞ Dövlət katibi Con Kerri İsraillə Fələstin arasındakı
sülh müzakirələrində vasitəçilik etmək üçün onuncu dəfə Yaxın Şərq
bölgəsinə danışıqlara gedib.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Con Kerri
Yaxın Şərq səfəri boyunca Qüdslə Ramallahda olacaq. Bu gün axşam
saatlarında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşən
Kerrinin cümə və şənbə günləri Fələstin lideri Mahmud Abbasla
danışıqlar aparacağı və İsrail tərəfindən fərqli siyasətçilərlə
görüşlər keçirəcəyi planlaşdırılır. Con Kerrinin keçirəcəyi
görüşlər əsnasında mümkün razılaşmanın ümumi müddəalarını özündə
ehtiva edən bir sənəd təqdim etməsi gözlənilir.
"Yerusəlim Post" qəzetində yayımlanan xəbərə görə, 10 səhifədən
ibarət olan sənəddə hər iki tərəfin əsas tələbləri əks olunub.
Kerrinin məqsədi tərəflərin sülh müzakirələrinə davam etməsidir.
Hazırladığı sənəddə xüsusilə "iki dövləti həll" təklifi üzərində
dayanıldığı iddia edilir. İsraillə Fələstinin razılaşa bilmədiyi ən
əhəmiyyətli əsas maddələr tərəflər arasındakı sərhədlər, Fələstinin
bir dövlət olaraq İsrail tərəfindən tanınmaması və İsrailin yəhudi
məskunlaşma yerlərlərinin inşasına davam etməsidir. Qüdsün statusu
da tərəflərin razılaşa bilmədyi mövzular arasında əsas
məqamlardandır.
Con Kerri tərəflər arasında üç ildir təxirə salınan sülh
müzakirələrin iyul ayının sonunda yenidən başlatmış və razılaşmanın
bu il aprel ayının sonuna qədər tamamlanması üçün doqquz aylıq bir
təqvim təyin olunmasını təmin etmişdi. Ancaq hazırda tərəflər
arasındakı 20 görüşdən hər hansı nəticə alınmayıb. Hər iki tərəfin
sülh razılaşmasının maddələri ilə razılaşmadığı bildirilir. Buna
görə də Kerrinin təxminən yarım əsrdir davam edən anlaşılmazlığı
bitirmək üçün yanvar ayının sonuna qədər tərəflərin əsas maddələrdə
razılaşmaya gəlməsinə səy göstərdiyi iddiaya edilir.