İngiltərənin "İndependent"
qəzeti 1 ildir özünü "Xilafət" elan edən İŞİD-in dayandırılmasının
yollarını axtarıb.
Axar.az xəbər verir ki, ənənəvi terrorun üstündən xətt çəkən bu
təşkilat haqda geniş yazı dərc edən qəzet "İŞİD-i kim
dayandıracaq?" sualı ilə bir neçə tanınmış ekspertin fikrini
öyrənib.
Ekstremizm əleyhinə "Quilliam" təşkilatının analitiki Çarli
Vinter əsas çatışmazlığı İraqda hərbi təhsilin aşağı səviyyədə
olması ilə əlaqələndirib:
"İraqın vəziyyətinin cavabı hərbi təhsildir. Haşdi Şabi (şiə
qüvvələri) yerinə dünyəvi qüvvələr mübarizəni davam etdirməlidir.
Asan deyil, çünki islamçı qüvvələr daha yaxşı təhsil görüb və daha
intizamlıdır. Ancaq İraqın bütün bunlardan qopması üçün hərbi
təhsil və intizam, korrupsiyanın hərbi və siyasi sistemdən
təmizlənməsi vacibdir. Bu, Suriyada hökmranlıq edən Bəşər Əsəd
problemindən asandır. Lakin Qərbdə hələ də ikinci ilə işləmək
arzusu - onun İŞİD-dən daha məqbul olduğunu fikirləşənlər var.
Ancaq bu, son səhvdir və o, açıq-aşkar beynəlxalq cəmiyyətlə
oynayır.
O, 200 min adamın ölümünə bais olub. İŞİD daha qlobal olsa da,
bu 200 minin yalnız bir parçasını öldürüb. Əsəd məktəblərdə və
xəstəxanalarda xlor qazı və çəllək bombaları istifadə etdikcə,
nizamlı olaraq insanları öldürdükcə, İŞİD kimi təşkilatlar inkişaf
edəcək.
Hazırda İŞİD-i çox güclü, davamlı genişlənən, "ilahi missiyası"
olan bir təşkilat kimi görürük. Əgər bunun hər zaman uğurlu
olmadığını sübut edə bilsək, bir fərq yarada bilərik. Bu, onun
markasını pozmaqla əlaqəli bir şey də ola bilər".
Ərəb-İngilis Anlayış Şurasının (CAABU) səlahiyyətlisi Yozef
Uillits İŞİD-lə mübarizədə təkbaşına zəfərin mümkünsüz olduğunu
deyib:
"Böhran və qarşıdurmayla birləşən çox böyük siyasi boşluqlar
İŞİD-in inkişafına və genişlənməsinə şərait yaradır. Hava hücumları
İŞİD-in bəzi liderlərini yox etsə də, təkbaşına təsirli ola
bilməyəcək. İŞİD-in nəzarətində olan torpaqlarda sistemin daha
etibarlı və gözəl olduğuna inanan yerli icmalar üsyan
etməyəcək".
"İndependent" qəzetinin Yaxın Şərq üzrə ixtisaslaşan müxbiri
Patrik Kokbörn İran-kürd ittifaqı vasitəsilə İŞİD-i yox etməyin ən
asan yol olduğunu bildirib:
"İraqda İran dəstəkli şiə qüvvələr və ABŞ-ın hava hücumlarının
dəstəyini alan kürdlər İŞİD-i rəqəmlərin hesabına məğlub edə bilər.
Suriyada bu ehtimal daha aşağıdır. Ancaq İŞİD ABŞ-ın hava
hücumları, kürdlər, Suriya ordusu və üsyançıların təzyiqi altında
qalarsa, zəifləyə bilər".
"İnside the Army of Terror" təşkilatının yazarı Hassan Hassan
İŞİD-in Avropaya yayılmasını mümkün sayır:
"Radikallaşmaya qarşı tədbirlər görülməlidir. Bu gün yüzlərlə
avropalı təşkilat sıralarına qoşulur. İŞİD özünü tarixin ən uğurlu
cihadçı qruplaşması kimi tanıda bildi. Bu səbəbdən onlar Əl Qaidə
kimi yəqin ki, heç vaxt tam mənasıyla yox olmayacaqlar".
Qəzet dövlət orqanlarının da mövqeyini yaddan çıxarmayıb.
İngiltərə Xarici İşlər Nazirliyi İŞİD-i məğlub etməyin ilk növbədə
iraqlıların işi olduğunu bildirib:
"Yekun olaraq İŞİD-i məğlub etmək iraqlıların işidir. Bu səbəblə
koalisiyanın əsas hədəfi İŞİD-lə döyüşmək yox, terrorçuluqla
mübarizədə İraq ordusuna dəstək vermək və İraq torpaqlarında
nəzarəti yenidən təmin etməkdir. İngiltərə İŞİD-ə qarşı qlobal
koalisiyanın bir hissəsi kimi hava hücumları və kəşfiyyat sahəsində
çalışaraq kilid rolunu oynayır. Hava qüvvələrimiz 250-dən çox
müvəffəqiyyətli hava hücumu reallaşdırıb. Bu rəqəm koalisiyaya
ikinci böyük qatqı deməkdir".
Nottingem Universitetinin Yaxın Şərqdə terrorizm mütəxəssisi
Nataşa Anderhil İŞİD-i məğlub etməyin yeganə yolunun islami
fundamentalist qruplarla ideoloji mübarizədə olduğunu deyib:
"Hazırda İŞİD-i məğlub etməyin tək yolu, islami fundamentalist
qruplarla mübarizədə bizi narahat edən məsələlərdən uzaqlaşmaqdır.
İŞİD Əl Qaidə deyil. Onlarla mübarizədə bu həqiqəti unuduruq.
Terrorizmin yayılmasında ənənəvi bir hərbi yanaşma lazımdır. Ancaq
daha əhəmiyyətli olan onların İraq, Suriya və başqa yerlərdə yeni
torpaqlar işğal etməyinin qarşısını almaqdır. Eyni zamanda, İraqı
on illərdir narahat edən və İraqın işğalıyla daha pis bir hal alan
məzhəblərlə mübarizə aparmaq lazımdır. Siyasi azadlıq və siyasi
legitimlik İŞİD kimi qruplar üçün xərçəng kimi olar. Bu səbəbdən
onlar özlərinin təcili yardım kimi vacib olduqlarını sübut etmək
üçün məzhəblər arasında nifaq salırlar".