Biz Türkiyə dövlətinin qurulmasını istəmirdik. Lakin
Ermənistan, Fələstin və kürd dövlətinin yaradılmasına
çalışırdıq.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "İndependent"
qəzetinin Yaxın Şərq müxbiri Robert Fisk Türkiyənin "Aqos" qəzetinə
müsahibəsində deyib. O, Türkiyə ilə bağlı tarixi fikirlər
səsləndirib:
"Kürd problemi"nin Birinci Dünya müharibəsindən sonra ortaya
çıxmasında bizim (İngiltərə) də payımız var. Birinci Dünya
müharibəsinin məqsədlərindən biri Osmanlı imperiyasını, yəni
"Avropanın xəstə adamı"nı yıxmaq idi. Türklər intihar edərcəsinə
İttifaq Dövlətlərinə qoşulmuşdu və düşmən olduqları üçün məğlub
olmaları lazım idi. Biz Türkiyə dövlətinin qurulmasını istəmirdik.
Lakin Ermənistan, Fələstin və kürd dövlətinin yaradılmasına
çalışırdıq. Türkləri qorumaq üçün heç nə etmirdik, çünki onlar
bizim düşmənlərimizdi. Osmanlının son illərində insanlar İstanbulda
pianino çalıb, bizim kimi olmaq istəyirdilər. Lakin biz onları məhv
etdik. Onların Avropa mədəniyyətinin üzvü olmasını istəmədik.
Birinci Dünya müharibəsindən sonra Livanı yaratdıq. Lakin
kürdlərin, ermənilərin və fələstinlilərin dövləti olmadı. Məhz buna
görə hazırda kürd problemi var".
O, Türkiyə ilə ABŞ arasında əldə olunan İncirlik razılaşmasına
da toxunub:
"ABŞ-ın qırıcılarını havaya qaldırması üçün İncirlik bazasına
ehtiyacı yoxdur. Çünki ABŞ qırıcılarını hər yerdən uçura bilər. Bu
İncirlik razılaşması olduqca qəribədir. Türkiyə hazırda PKK-ya
qarşı İŞİD-lə müqayisədə daha aktivdir. Belə görünür ki, PKK
günahsız polisləri və əsgərləri öldürməklə özünü ayağından vurdu.
Türkiyə Şimali İraqda PKK düşərgələrini bombalamaqla nə etdiyini
bilir. Çünki Türkiyə müstəqil ruha sahib bir dövlətdir. Bu təsadüfi
deyil. ABŞ 2003-cü ildə Türkiyənin İraqı işğal etməsinə icazə
verəcəyini zənn edirdi və hətta donanmasını İzmirə göndərmişdi.
Lakin Türkiyə parlamenti yox dedi. Bu da Türkiyənin ərəb
ölkələrində olmayan müstəqilliyə sahib olduğunu göstərir. Siyasi
olaraq şübhə duyduğum şey bu razılaşma çərçivəsində Türkiyənin
ABŞ-dan istifadə etməsidir".