2023.02.08. 21:02
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Fransanın paytaxtı Parisə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, Makron administrasiyası jurnalistlərə bu axşam Yelisey sarayında Zelenskini gözlədiklərini təsdiqləyib.
Eyni zamanda, Almaniyanın NTV kanalı bildirib ki, Almaniya kansleri Olaf Şolts ukraynalı və fransalı həmkarları ilə görüşmək üçün Parisə uçacaq.
Qeyd edək ki, Zelenski Londonda səfərdədir. Onun Brüsselə gedəcəyi də gözlənilir.
***
Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın paytaxtı Parisə səfər edib.
Bildirilib ki, təyyarəsi paytaxtın Orli hava limanına enən V.Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşmək üçün Yelisey sarayına yola düşüb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Zelenski görüşdə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah lazım olduğunu bildirib.
Makron isə cavabında Fransa və Avropa Birliyinin silah tədarükündə səylərini davam etdirmək niyyətində olduqlarını deyib.