Ana səhifə Planet |
2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.
Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi
Əvvəli BURADA
Polkovnik Abbas Bənai Xeyrabadi:
- SEPAH-ın əyalətdəki möhtərəm komandiri əyalətin şəraitindən danışdı və ümumi vəziyyəti bildirdi. Mən sadəcə SEPAH-ın “Məhəmməd Rəsulullah” hərbi hissəsi ilə bağlı bir neçə kiçik məqamı vurğulamaq istəyirəm. Qüvvələrin etirazçılarla qarşıdurmadan çəkindikləri aydın şəkildə görünür. Belə çıxır ki, məhz bu iş üçün hazırlanmış xüsusi qüvvələrimiz lazımı yerdə tapşırıqlarının öhdəsindən gələ bilmirlər. Əlbəttə, dostlarımızın vurğuladıqları səbəblərdən əlavə başqa səbəblər də var.
Həzrət ağa (Xamenei – red.), mənim tabeçiliyimdə olanların bəzilərinin düşüncələri problem yaradır. Bunlar qadınlar və qızlarla qarşıdurmadan boyun qaçırdırlar. “İğtişaşçılar kişi olsaydılar, məmnuniyyətlə susdurardıq; lakin bunlar qadındır” deyirlər. Buna görə də tapşırığı doğru-dürüst yerinə yetirmirlər və sadəcə xəbərdarlıqla kifayətlənirlər. İki dəfə özüm şahid oldum ki, Şirazın Erəm bulvarında etirazçı qız tələbələri sözlərlə yola saldılar. Mənim qüvvələrimin də bir hissəsi etirazçılarla qarşıdurma zamanı öz silahlarını yerə qoyublar və “bunlar bizim ailəmizdir və etiraz etmələrində haqlıdırlar” deyə bildiriblər. Bu o deməkdir ki, mənim qüvvələrimin bir hissəsi bu etirazları dəstəkləyir. Bunların arasındakı bəzi rabitəçilərimiz, iğtişaş və mitinqlər zamanı qüvvələrə səhv ünvan verərək, başqa yerlərə göndərirlər. Daha sonralar bunun səbəbini maraqlananda dedilər ki, bizim millətlə qarşıdurma niyyətimiz yoxdur. Hətta saxlayarkən də gülər üzlə bu işi görməyə çalışırıq və mümkün qədər özümüzdən razı salmağa cəhd göstəririk. Bu qüvvələrin dəyişik düşüncə tərzləri var ki, sistemlə bunların arasında yaranan məsafə həm hökumət üçün, həm də ölkə üçün böyük təhlükələr yarada bilər.
Briqada generalı Əvəz Şahabi Far:
- Əziz dostlarım, mən danışıqları dinlədim. İclasın əvvəlində elə zənn edirdim ki, dostlarımızın bir neçəsi qüvvələrinin azlığından şikayətlənəcəklər; lakin danışıqları eşidəndən sonra mənə aydın oldu ki, ölkədə çoxlu problemlər var və əlbəttə, mən bunu siz əzizlərimin bacarıqsızlığında görürəm. Ola bilsin ki, bir çoxu burada deyə ki, sən problemlərlə yaxından üzləşməmisən. Lakin deməliyəm ki, ilk işlədiyim ərazidə daim iğtişaşçılarla mübarizə aparırdım. Komandanlıq vəzifəsində öz tapşırığımı yerinə yetirirdim. Qüds qüvvələrində olan zamanda o dərəcəyə çatdı ki, İŞİD-in mühasirəsinə düşdüm, sinəmi xəncərlə deşik-deşik etdilər. Nə mən, nə qüvvələrim Həzrət ağaya etiraz etdik. Sizin bu danışıqlarınızdan belə çıxır ki, Həzrət ağaya etirazınız var. Ancaq bunu elə deyirsiniz ki, etirazınızın olduğunu bəlli etmirsiz. Əziz qardaşlarım, məqsədimiz bu deyildi ki, gəlib burda İmam Zamanın naibinin (Xamenei - red.) qarşısında gileylənək. Bizim məqsədimiz çətin günlərdə rəhbərimizin yanında olmaqdır. Çətin gün adamı deyildinizsə, niyə bu vəzifəni qəbul etdiniz? Ölkədə sakitçilik olanda yox, böhran zamanı idarəetmə özünü göstərməlidir. Bizim borcumuz ölkəni və rəhbəri qorumaqdır. Problem yoxdur demirəm; sadəcə bunu həll etmək sizin öhdəliyinizdədir. Şəhid Qasım Süleymani zamanında Qüds qüvvələrində bir neçə millətdən və hətta bir neçə ölkədən hərbçilərimiz var idi və biz bunları idarə edə bilirdik. Necə olur ki, siz ölkə daxilində farsdilli əsgəri idarə edə bilmirsiz?
Effektiv bir əmrə sahib olun. Cəza və zorakılığın səviyyəsi və qüvvə qarşısında sərt olmaq əmrlərə tabe olmağı asanlaşdıra bilər. Deyilənlər doğrudur ki, əsgər adi çörəyə belə möhtacdır. Amma müsəlman ictimaiyyətində hər kəsin borcudur ki, bununla razılaşsın. Əsasən də rəhbərin tabeliyində olmaq hüdud tanımamalıdır. Rejimin qlobal siyasətləri hər nə olursa olsun, ölkənin xeyrinə və rəhbərimizin fikrincədir. Biz özümüz uzun illər rəhbərimizin yanında durmuşuq. Ağaların bir çoxu bu yolda saqqal ağardıb, bir çoxlarını cavanlığımdan tanıyıram, bəzilərini də müharibə dövründən.
Qardaşlarım, iqtisadi problemlər büdcənin təmin olunması və idarəçiliklə həll ola bilər. Siz qüvvələrin hədəf və rəhbərə qarşı inanclarının üzərində çalışın. Qardaşlardan biri, səhv etmirəmsə, Müctəbanın müdaxilə etməsindən danışırdı. İclasın əvvəlində yox idim. Əziz qardaşım, o, (Müctəba) hərbi sahədə alimlərdən biridir, hər şeylə yaxşı tanışlığı var. Hacı Qasım zamanında Hacı Qaaniylə birlikdə onun hüzurundaydıq. İclasdan çıxandan sonra həm şəhid Qasım, həm də əziz qardaşım Qaani, onun (Müctəba) xarici məsələlər və hökumət üçün xarici təhdidlərlə bağlı biliyindən təəccublənmişdilər. Ona görə də hesab edirəm ki, ölkəmizin xeyrinədir ki, Həzrət ağa ixtiyarı olan işlərdə müdaxilə edərək bizə kömək etsin.
Ardı BURADA
Tarix
2023.04.19 / 09:00
|
Müəllif
Axar.az
|