Rusiyanın uğur qazanmasının
arxasında dayanan başlıca amil milyardlarla dollarlıq
təbliğatdır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
deyib. Sabiq dövlət müşavirinə görə, Kremlin təbliğat maşınının
fəaliyyəti faşizm dövründəki Göbbels təbliğatını xatırlatdır:
"Jozef Göbbels deyirdi ki, yalanı bir neçə dəfə təkrarlananda
insanların beynində həqiqətə çevrilir. Çox böyük vəsaitlərin
ayrıldığı Kreml təbliğatının arxasındakı baş fiqur bəllidir.
Rusiyada qara piar təbliğatı hazırda çox sürətlə inkişaf edir.
Üstəlik, təbliğatın səmərəliliyini artıran başlıca amil ölkədə
alternativ fikrin ifadəsi ilə məşğul olan KİV-lərin yox
səviyyəsində olmasıdır. Ən əsası isə Kremlin təbliğatı bir
istiqamətdə aparılır: piar formasında. O da maraqlıdır ki, belə bir
güclü təbliğat maşınına alternativ qeyri-mümkündür. Rusiya təbliğat
vasitələrinin sırf Moskvanın maraqlarına xidmət etdiyi heç kəsə
sirr deyil. Sözügedən təbliğat təkcə şəxsi maraqlara deyil, bir çox
siyasi və məqsədli dövlət maraqlarına hesablanıb".
Politoloq hesab edir ki, "Rossian Tudey" kimi KİV-lərin köməyi
ilə aparılan təbliğat birmənalı şəkildə Rusiyanın imperialist
maraqlarına hesablanıb:
"Birincisi, Rusiya postsovet ölkələrini öz təsirinə qaytarmaq
istəyir. İkincisi, başqa ölkələrdə də hərbi bazaların artırılması
Kreml üçün çox vacibdir. Üçüncü və bir nömrəli məqsəd başqa adlar
altında bəşəriyyəti Amerikanın birqütblü dünyasının zərərinə
inandırmaqdır. Ancaq bu ideoloji təbliğat Qərbə Rusiyanın sandığı
kimi dağıdıcı təsir göstərə bilməz. Kremlin təbliğat maşını o
yerlərdə təsirli olur ki, həmin ölkələrdə plüralizm, fikir
müxtəlifliyi var. İnkişaf etmiş liberal cəmiyyətlərdən fərqli
olaraq avtoritar cəmiyyətlərdə fikirlərin üzərinə qoyulan vəzifələr
tamamilə fərqlidir. Putin hazırda bu sahədə birinciliyini əldə
saxlayır. İnanmıram ki, bu oyun dünya balansını pozsun. Bu təbliğat
məqsədli maraqlardan savayı, çar monarxiyasının bərpasına da xidmət
edir. Kreml təbliğat maşınını çoxdan işə salıb. Çox güman ki,
üçüncü dünya ölkələrinin mümkün qədər öz təsirində saxlamağa
çalışan Rusiyanın bu oyunundan iqtisadiyyatı zəif Afrika, bəzi
Asiya, Mərkəzi və Latın Amerikası ölkələri təsirlənə bilər. Ancaq
mən Putin təbliğatının bütün dünyada uğur qazandığı qənaətində
deyiləm".
Qeyd edək ki, bir müddət öncə "Vaşinqton Post" qəzeti ABŞ-ın
anti-Amerika materiallarının yayılmasının qarşısını almaq üçün yeni
qanun hazırladığını yazıb. Qəzet bunun hazırda "Rossian Tudey" kimi
KİV-lərin köməyi ilə Moskvanın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq
və Latın Amerikasına qarşı informasiya hücumu həyata keçirməsini
önləmək məqsədi daşıdığını qeyd edib.
İddialara görə, Rusiyanın təbliğatını aparan media qurumlarına
ayrılan milyardlar sayəsində Kreml istədiyi piarı həyata keçirməyi
bacarır.
Xatırladaq ki, Rusiya hər il təkcə xarici ölkələrdə təbliğatının
aparılması üçün nəzarətində olan mediaya 1,4 milyard dollar
ayırır.