Rusiya Baş Kəşfiyyat
İdarəsinin (QRU) keçmiş rəisi İqor Serqun öldürülə
bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə öz Feysbuk səhifəsində
rusiyalı iqtisadçı Slava Rabinoviç çıxış edib. Onun sözlərinə görə,
Serqun Malaziyanın "Boinq" təyyarəsinin Donbasda partladılmasında
əsas günahkarlardan biri ola bilər:
"Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun 59 yaşında qəflətən
vəfat edib. Donbas üzərində MH-17-ni məhv edən günahkarlarla bağlı
ov artıq başlayıb. Haaqada yox, birbaşa Moskvada... Köhnə
metodlarla..."
Qeyd edək ki, QRU rəisi İqor Serqun dünən vəfat edib. Onun
vəfatı ilə bağlı məlumat Rusiya Prezidenti Vladimir Putinin
mərhumun yaxınlarına ünvanladığı başsağlığı mətninin yayılmasından
sonra üzə çıxıb. Serqun 200 nəfərin ölümü ilə nəticələnən Malaziya
təyyarəsinin məhv edilməsinin əsas günahkarlarından hesab edilir.
Maraqlı məqam orasındadır ki, Serqundan bir müddət öncə dekabrın
29-da Rusiyanın Hava Desant Qüvvələrinin qərargah rəisinin müavini
general-mayor Aleksandr Şuşukin də vəfat edib. Onun da Serqun kimi
ölümünə səbəb ürəyinin dayanması olub. Məhz bu general Şimali
Qafqaz və Yuqoslaviyadakı konfliktlərin aktiv iştirakçısı olub. O
2013-cü ilə qədər Cənubi Osetiyadakı Rusiya bazasına rəhbərlik
edib. Məhz onun rəhbərliyi altında Cənubi Osetiya əməliyyatı həyata
keçirilib. Bu general həmçinin 2014-cü ildə Krımın anneksiyası
əməliyyatına da rəhbərlik edib.
QRU-nun rəhbər şəxslərinin qəfil ölümü ilə bağlı bu, ilk hal
deyil. 1992-ci ilin dekabrında Rusiya Baş Kəşfiyyat İdarəsinin rəis
müavini Yuri Qusev avtomobil qəzası nəticəsində vəfat edib. Qusev
SSRİ dövrünün Rusiya hakimiyyətindəki sonuncu generallarından
sayılıb. Rusiya mətbuatının iddialarına görə, Yeltsinə qarşı sərt
mövqeyi olan Qusevə o zamankı Müdafiə naziri Viktor Barannikov
tərəfindən Dövlət Təhlükəsizlik Komitəsinin təsir agentləri ilə
bağlı verilən siyahı generalın ölümünə səbəb olub. Məhz bu siyahıda
Yeltsin dövründə məşhurlaşaraq varlanan şəxslərin, hakimiyyətin
yuxarı eşelonlarında təmsil olunan insanların da adları var idi.
Ümumiyyətlə, siyahıyda 2200 nəfərin adı olub. Bu şəxslərin adının
açıqlanması Yeltsin ətrafındakı şəxslər üçün böyük zərbə ola
bilərdi. Qusevdən sonra QRU daxilində müəyyən təmizləmələr getdi.
Üstəlik, sosial iğtişaşlar yaratmaqda günahlandırılan Viktor
Barannikov həbs edildi və həbsdən azad olunduqdan az sonra -
1995-ci ildə qəflətən vəfat etdi. Maraqlı məqam orasındadır ki,
Qusevin ölümündən bir ay öncə Çexoslovakiya Federal Məclisinin
rəhbəri Aleksandr Dubçek Sovet İttifaqı Kommunist Partiyasının ləğv
edilməsilə bağlı başladılan məhkəmə prosesində iştirak etmək üçün
Moskvaya səfər edərkən, avtomobil qəzası nəticəsində öldü.
Qusevdən sonra 2010-cu ildə QRU rəisinin birinci müavini Yuri
İvanov da qəflətən vəfat edib. Şimal Qafqazdakı hərbi kəşfiyyata
uzun illər rəhbərlik edən İvanov ölümündən bir neçə gün öncə
Suriyanın Latakiya şəhərinə səfər edib. Gizli təşkil olunan bu
səfər zamanı da o, vəfat edib. Onun meyiti isə Türkiyənin Hatay
vilayəti yaxınlığında dənizdən tapılıb. Rusiya mətbuatı bu haqda
informasiyanı ilk dəfə onun ölümündən dörd gün sonra yayıb. İndiyə
qədər İvanovun ölümündə bir çox qurumlar günahlandırılır. Bunlar
sırasında çeçen terrorçuları, İsrail, ABŞ və Ukraynanın da adı var.
Bəzi ekspertlər hətta İvanovun ölümünü 2008-ci ildə Suriya hərbi
kəşfiyyatının keçmiş rəisi, briqada generalı Məhəmməd Süleymanın
Tartusda Mossad tərəfindən qətlə yetirilməsinə bənzədərək,
Tel-Əvivin əsas günahkar olduğunu bildirirlər. Lakin ortada maraqlı
başqa bir iddia da var. İvanovun ölümündən bir gün sonra məşhur
silah taciri Viktor Butun Moskvadakı vəkili Yana Dasquptanın
Amsterdama səfəri zamanı səhhəti qəflətən pisləşərək vəfat edir.
Onun ölüm xəbəri sentyabrın 1-də İvanovla birgə yayılır. Sentyabrın
2-də isə Tailandda Butun ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə
prosesi başlayır. Tezliklə, onun ABŞ-a verilməsi ilə bağlı qərar
qəbul olunur. Bir sıra mənbələr Butun ifadəsindəki bəzi məqamların
məhz Yuri İvanova, eləcə də Baş Kəşfiyyat İdarəsinin digər
şəxslərinə aparıb çıxardığını bildirirlər.