Ana səhifə Planet |
1990-cı ildə Qanlı Yanvar faciəsini törədənlərdən olan
SSRİ müdafiə naziri, marşal Dmitri Yazov illər sonra baş verənləri
xatırlayır. O, qoşunu Bakıya yeritdiyini etiraf edir, lakin bunu
Qorbaçovun əmri ilə etdiyini deyir.
Publika.az xəbər verir ki, Yazov Qorbaçovun ermənilərə yardım etdiyini bildirib: "Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda, Qorbaçov xüsusi tərzdə soruşdu: "Siz Arsax haqqında danışırsınız?" Ermənilər Qarabağı "Arsax" adlandırır. Bu onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: "Siz tarixi bilirsiniz".
Əslində, Qorbaçov tarixi bilmirdi. Ona sadəcə kimsə bu haqda
demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə
ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan
ayırmağı tələb edirdilər. İclasda Siyasi Büronun üzvləri Nikolay
Rıjkov, Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq.
Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üstünə yağ tökür.
Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından
qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət çətin
idi. Bu Siyasi Büroda şok effekti yaratdı. Qarbaçov məni, Kryuçkovu
və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir.
Bakıya ezam olunmuş Qirenko və Primakovla telefon vasitəsilə
danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin
vacibliyini deyirdilər. Çünki "azərbaycanlılar erməniləri
pəncərələrdən atır və burda böyük qan iyi gəlir". Onda Qorbaçov
hiylə işlədərək özünün yerinə müavini Bobkovu Bakıya göndərdi. Mən
də getdim. Nəticədə nümayəndə heyəti böyük oldu. Bakıda Qirenko,
Primakov, Mütəllibov və Azərbaycan MK-ın başqa üzvləri toplaşdı.
Mən 3 gün ərzinə fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim.
Moskvada Çkalov aeroportundan uçarkən hansı rayonlara desant
alaylarının yerləşdirilməsi haqda artıq əmr verdim. Biz radio
vasitəsilə qoşunların şəhərə girişi haqda elan etdik. Televiziya
partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə
insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar öldürmək məqsədilə
şəhərə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə
azərbaycanlılar arasında münaqişəni həll etmək idi".
O, əsgərlərə kimisə vurmağı əmr etmədiyini iddia edib.
"Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən
insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara
getsəm, həbs olunacam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim,
ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni
günahkar hesab edirlər. Kimi ittiham edirlər? Məni, Yazovu. Mən
insanları güllələməyi əmr etmirdim - həm Bakıda, həm Vilnüsdə. Mən
gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər
nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə
daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk
növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm
ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni
aldatdılar. Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində
yazırdı ki,Qorbaçovu və o hadisələrin icraçısı Yazovu
bağışlamayacam. Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab
edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv
olurlar. Qoşunları mən daxil etdim, lakin bu mənim güllələ əmrini
verməyim demək deyil".
Yazov öz cinayətini etiraf etmir. Bu gün 20 Yanvar istintaqı ilə bağlı materiallar Rusiya Prokurorluğunda saxlanılır və Moskva bu sənədləri Bakıdakı kolleqalarına vermək istəmir. Bir neçə ölkə Dmitri Yazovu cinayətkar elan edib. Lakin bu ittihamlar hələlik hüquqi statusunu almayıb.
Tarix
2016.01.20 / 14:54
|
Müəllif
Axar.az
|