Rusiya Prokurorluğu Azərbaycan vətəndaşının intihar
etməsindən sonra 2 saylı İstintaq Təcridxanasında yoxlama aparıb, 7
vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.
Report xəbər verir ki, bu barədə çərşənbə
axşamı TASS-a Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən
məlumat verilib.
Nəzarət İdarəsinin məlumatına görə, Moskva Prokurorluğu
Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin paytaxt üzrə
idarəsinin 2 saylı İstintaq Təcridxanası federal dövlət
müəssisəsində saxlanılan və bir sıra zorakılıq əməllərinə görə
ittiham olunan 50 yaşlı Azərbaycan Respublikası vətəndaşının
intihar etməsinin səbəblərini araşdırıb.
"Məlum olub ki, kişi həbsdə saxlanılan zaman "Cinayət törətməkdə
şübhəli bilinən və ittiham olunan şəxslərin həbsdə saxlanılması
haqqında" Federal Qanunun 34-cü maddəsinin tələbləri, həmçinin
məcburi saxlanma yerlərində həbs olunan şəxsə nəzarət və onun
mühafizə olunması haqqında müəssisə normativ aktları kobud şəkildə
pozulub. Şəhər prokurorluğu yoxlamaların nəticəsinə əsasən,
sözügedən müəssisə rəhbərliyinə aşkar olunan qanun pozuntularının
aradan qaldırılması, həmçinin günahkar vəzifəli şəxslərin
məsuliyyətə cəlb olunmasına dair göstəriş verib. Göstərişə
baxılıb", - deyə məlumatda bildirilir.
Məlumatda hadisənin nə zaman baş verdiyi qeyd olunmayıb.
Bildirilib ki, prokurorluğun tələbləri tam həcmdə yerinə yetirilib,
istintaq təcridxanasının 7 vəzifəli şəxsi ciddi intizam
məsuliyyətinə cəlb olunub. Onlardan dörd nəfərinə vəzifəyə tam
uyğun olmamasına dair xəbərdarlıq edilib.