10:50
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın
azərbaycanlı saxlanılıb.
Lent.az-ın
məlumatına görə, hadisə şəhərin Kosmonavtlar prospektindəki kafedə
baş verib.
Məlumata görə, kafedə Ağayar adlı kriminal avtoritetin ad günü
keçirlirmiş. Ad günü başlayandan bir qədər sonra polis kafeni
mühasirəyə alıb. Nəticədə 200 yaxın azərbaycanlı saxlanılıb.
Onların bir çoxunun üzərindən bıçaq, beysbol ağacı, narkotik
maddələr çıxıb.
Polisin ilkin qənaətinə görə, kafedə hansısa kriminal "razborka"
aparılacaqmış. Bu sırada
Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru" , Vaqif (Kamışlovo),
"Yuqra Cavanşir" və digər avtoritetlərin adı çəkilir.
***
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın
azərbaycanlının saxlanılması ilə bağlı yeni təfərrüat məlum
olub.
Şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki"
kafesində sözün həqiqi mənasında kriminal "sxodka" keçirilirmiş.
Tanımış azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski Ural
regionuna "nəzarətçi" kimi öz adamını Ağayev Ağayar Hüseyn oğlunu
qoymaq istəyib. Dünən isə Ağayarın ad günü imiş. Ağayev ad günün
təntənəli keçirmək üçün Bakıdan belə qonaqlar dəvət edib. Bu sırada
Ehtiram və İntiqam Rüstəmov qardaşları, Aqşin, Nicat Mənalı kimi
meyxanaçılar, habelə "Oqni Baku" qrupu da dəvətli olub. Saxlanılar
arasında onlar da var.
Saxlanılanların bir qrupunun adı sizlərə heç nə deməsə də, amma
tutduqları mövqe olduqca ilgincdir. Onların arasında olan Zaur
Həsənov, Əhliman Əliyev adlı şəxslər Rusiya Dumasının sədr müavini
və Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsiknin, necə
deyərlər, pul yığanları imiş. Söhbət ondan gedir ki, bu şəxslər
Yekaterinburqdakı əksər meyvə-tərəvəz bazalarından, ora girən yük
maşınlarından haqq alırlar. Həmyerlilərimiz bir növ briqadir rolunu
yerinə yetirirlər. Bu pullar isə Jirinovskinin adıgedən şəhərdəki
nümayəndəsi İvan Obuxova çatırmış.
Hadisənin iştirakçılarından
olan iş adamı Mehman Ağamuradov APA-ya bildirib ki, hadisə martın 30-da saat
21:00 radələrində baş verib. Polis aralarında qadın və uşaq da
olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında
Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və
İntiqam Rüstəmov qardaşları da olub.
M.Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların -
təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş
adamının yubileyinə həsr olunub:
"Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında
qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum
etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi
bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil
olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra
sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə,
saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq
dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey
olmamışdı".
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də
məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal
avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi
əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb
edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən
bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan
maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.