Ukrayna ABŞ-la danışıqların dayandırılması üçün Rusiyanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərində teraktlar planlaşdırır.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb. Rəsmi Moskva iddia edir ki, təhlükənin olduğu ölkələr sırasında Almaniya, Baltikyanı və Skandinaviya ölkələri, Slovakiya, Macarıstan var.
Rusiya və Qərb mətbuatı isə iddia edir ki, iki ölkənin lideri Tramp və Putin artıq fevralın sonunda görüşə bilərlər. Hətta Rusiya Teleqram kanalları Putinin öz iqamətgahına çəkilərək görüşə hazırlaşdığını bildirib. Lakin rəsmi mənbələr hələlik görüşlə bağlı susurlar.
Tərəflər arasında görüş xəbərləri fonunda Ukrayna Prezidenti Vladimir Zelenski Trampın “ABŞ-ın Ukraynaya ayırdığı 350 milyard dollar haradadır?” iddiasına cavab verib. O deyib ki, müharibə Ukraynaya 320 milyard dollara başa gəlib və onun 120 milyardını Ukrayna xalqı ödəyib:
“Əgər ümumilikdə saysaq, ABŞ bizə 67 milyar dollarlıq hərbi, 31,5 milyard dollarlıq isə büdcəyə maliyyə yardımı edib”.
Bununla belə ABŞ-ın Beynəlxalq Əlaqələr Şurası ABŞ-ın Ukraynaya yardımını 175 milyard dollar olaraq dəyərləndirib. Başqa mənbələrdə isə Ukraynaya 76 milyard dollarlıq ABŞ yardımı olduğu, onun 30 milyardının USAİD-inin payına düşdüyü vurğulanıb. USAİD yardımları qrant şəklində verilib.
Rusiyanın keçən ilin sonun xarici agent elan etdiyi “Nezıqar” Teleqram kanalı isə Tramp administrasiyasının Putinə təkliflərinin Rusiya üçün gözlənilməz olduğunu və Moskvanın hətta Ukrayna müharibəsi dayanarsa belə ondan sonrası üçün strateji planının olmadığını yazıb:
“Təkcə xarici siyasət yox, hətta daxili siyasət üçün də plan yoxdur. Putin administrasiyası qələbə obrazının reallaşdırılması işinə köklənib, amma bu sadəcə hekayə formalaşdırmaqdır, gələcəyin strategiyası demək deyil”.
Kanal təkcə Rusiyanın yox, Avropanın da dəqiq planının olmadığını qeyd edib, amma Moskvanın Ukraynaya nüvə silahının yerləşdirilməsi təhdidini özünün yaratdığını yazıb. Bildirilir ki, Tramp üçün hazırda vacib olan Rusiyanın Çin və İrandan ayrılmasıdır:
“Rusiya üçün hazırda vacib olan Ukraynanı müharibəni unutmağa və seçki prosesinə qoşulmağa məcbur etməkdir ki, bu da Ukrayna elitasını zəiflədib, “Helsinki 1940” ssenarisini təmin edəcək. Tramp istəyir ki, Avropa Ukraynanın gələcəyi ilə bağlı zəmanət götürsün, Rusiya Çinə dəstəkdən ayrılsın və bununla Moskva-Pekin ittifaqını dağıtsın. Beləliklə, Ukrayna üçün müqavilənin imzalanması imkanı “Minsk-2″-dəki kimi illərlə təxirə salına bilər. Bu, Vaşinqton və Moskvaya sərf edən ssenaridir, çünki qeyri-müəyyən nəticəsi olan strateji qərarlardan qaçmağa imkan verir. Əvəzində hər iki tərəf fərqli regionlarda alyans yarada bilərlər. Məsələn, ABŞ Rusiyadan Çinə qarşı Afrikada istifadə edə bilər”.
Bu iddiaların nə qədər real olacağını demək çətin olsa da, diqqət çəkən məqam Trampın Rusiya ilə münasibətləri düzəltməkdə israrlı olmasıdır