Ermənistanın Baş prokuroru Anna Vardapetyanın aprelin 8-də Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında hərbi qulluqçularla görüşündən paylaşılan görüntülər ölkədə rezonans doğurub.
Axar.azGlobalinfo.az-a istinadla xəbər verir ki, Vardapetyan akademiyada ustad dərsi çərçivəsində hərbi qulluqçularla bir araya gəlib.
Baş prokuror zala daxil olduğu an auditoriyanı salamlayıb. Prokurorluğun yayımladığı görüntüdə Vardapetyanın salam verdiyi an hərbçilərin baş əyərək salamı aldığı, daha sonra əyləşdikləri müşahidə edilir.
Sözügedən görüntülər Ermənistanda ciddi narazılığa səbəb olub. Hərbçilərin baş prokorura baş əyməsi birmənalı qarşılanmayıb.
Daha sonra baş prokurorluq açıqama yayaraq məsələyə aydınlıq gətirib.
Açıqlamada akademiya rəisinin Vardapetyan zala daxil olduqdan sonra hərbçilərə “Azad olun, əyləşin” göstərişini verdiyi, onların əyləşmək üçün əyildiyi zaman prokurorun auditoriyanı salamladığı, bu iki anın təsadüfən üst-üstə düşdüyü və səhv anlaşıldığı qeyd olunur.
***
Ermənistan Baş Prokurorluğunun rəsmi Yutub kanalında yerləşdirilən videoda hərbçilərin Anna Vardapetyana baş əydikləri hissə çıxarılıb.
Buna baxmayaraq, Teleqram kanallarında həmin görüntülər qalıb.