ABŞ Prezidenti Donald Tramp ayaqlarında yüngül şişkinlik və bir qolunda göyərmələrin yaranması səbəbindən tibbi müayinədən keçib.
Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri Ağ Evin açıqlamasına istinadən məlumat yayıb.
Ağ Evin sözçüsü Karolina Levittin sözlərinə görə, Tramp hərtərəfli müayinə olunub, o cümlədən damar sisteminin diaqnostik yoxlamasından keçib. Onun 70 yaşdan yuxarı insanlarda tez-tez rast gəlinən bir xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilib.
“Müayinə göstərdi ki, 79 yaşlı Tramp xroniki venoz çatışmazlığından əziyyət çəkir. "Klivlend" klinikası qeyd edir ki, bu hal venaların qanın ürəyə geri daşıma funksiyasını yerinə yetirə bilmədiyi zaman baş verir və nəticədə qanın ayaqlarda toplanmasına səbəb olur”, – deyə məlumatda bildirilib.
Levitt əlavə edib ki, Trampda dərin vena trombozu, yəni qan laxtalarının yaranması və ya damarların tutulması ilə müşahidə olunan arterial xəstəlik əlamətləri aşkarlanmayıb.