Kimi qırxı çıxmamış uşağının yastığını, kimi həyat
yoldaşının köynəyini, kimi də 12 ildir xəstə oğlunu götürüb bura
gəlir. Bədnəzərini, qorxuluğunu götürmək, yaxud da bədənindəki
cindən, ruhdan azad olmaq üçün.
Bu, iki əsr əvvəl yazılmış əsərdən çıxarış deyil. Dövr: XXI əsr,
məkan: Bakı, Maştağa kəndi, Ağasəlim Çıldağın ocağı. Bu ocaq Şıx
Əlidən qalıb, vaxtilə Ağasəlim Çıldağın nənəsi burada çıldağlıq
edib. Onun nəslindən olanlar indi bu işi davam etdirir. Çıldaq
ailənin oğul övladına miras verilir.
Publika.az-ın müxbirinin məlumatına görə, bu ocaqda 4 evdə bu
işlə məşğul olurlar. Hər bir evdə kişilər və qadınlar
ayrı-ayrılıqda çıldaq edilir.
Çıldağlar bir-birinin çörəyinə bais olmamaq üçün aralarında
növbəli sistem qurublar. Hər həftə bir qrup işləyir. Bu zaman digər
çıldaqlar qapılarını bağlı saxlayır.
Kənd sakinlərinin köməyi ilə məşhur ocağı tapa bildik. Həqiqətən
də, iş günü olmayan digər ocaqların qapısı bağlı idi. Nə qədər
qapını döysək də, açan olmadı.
Bu gün növbə Sevil Nurəliyeva və qaynınındır. Qaynı evdə
olmadığına görə, Sevil xanımla danışmalı oluruq. Elə girişdəcə
azyaşlı övladı ilə çıldaqdan çıxan Aytən adlı bir qadınla
qarşılaşırıq. Deyir ki, övladı tək qalmaqdan qorxur, yuxudan
ağlayaraq oyanır. Belə narahatlıq olanda həmişə uşağı bura
gətirir.
Ocaqdan parçanı heç kimə vermək olmaz
Sevil Nurəliyeva deyir ki, ailələrində çıldağa inam olsa da,
əvvəllər bu işlə məşğul olmayıb.
"Gəlin gələndə bu evin ocaq olduğunu bilirdim, qayınanam da
çıldaq edirdi. Onun yanında yavaş-yavaş bu işi öyrəndim. 10 ildən
çoxdur çıldaq edirəm. Qadınları mən, kişiləri qaynım edir.
Qayınanam mənə miras qoyub, mən də gəlinimə verəcəm. Qızlarıma isə
düşmür, onlara topladığımız puldan pay verə bilirik".
Çıldaqlıq miras kimi nəsildən-nəslə ötürülür. Həm də bu işi hər
kəs görə bilmir.
"Bakıda, bölgələrdə bu işi görənlər çoxdur. İnsanlar həmin
çıldaqlara getsələr də, həmişə razı qalmırlar. Sonra araşdırıb,
bura gəlirlər. Mənim övladlarımın da əli yüngüldür. Bu iş onlara da
miras kimi ötürülüb. Bəzən gələnlər parça istəyirlər ki, evdə
özləri etsinlər. Amma razı olmuram. Çünki qayınatam mənə vəsiyyət
edib ki, ocaqdan parçanı heç kimə vermək olmaz".
Ruh çıxarıram
Müsahibim ancaq çıldağ etmir, həm də bəd nəzəri də götürür, ruh
tutanlara kömək edir. Hər dərdin də müalicəsi fərqlidir.
"Ruh tutan adamlar ölmüş yaxınlarının gözlərinə göründüyünü
deyirlər. Mən də ruhu çıxarıram, bu zaman kənardan kiminsə
baxdığını deyir. Ondan sonra xilas olur, daha gözünə görünmür.
Gələnlər onları narahat edən məqamları deyir, mən də dərdini
bilirəm. Başağrısı bəd nəzər əlamətidir. Bunun üçün həmin adamın
boynunun arxasında xüsusi damarları tutub, sıxıram. Bununla da bəd
nəzər gedir".
Sevil xanım ürək, mədə xəstəliklərini də türkəçarə ilə müalicə
edir.
"Bəzən deyirlər ki, qorxudan ürəyim düşdü. Həmin vaxtdan sonra
mədədə ağrılar başlayır. Çünki ürək sanki mədəyə düşür və həmin
gündən mədə uzanır. Adam yemək istəmir, ağrılar olur. Bu
narahatlığı olanlar həkimə gedir, dərman qəbul edirlər. Amma onun
çarəsi bizdədir. Həmin adamlara məsləhət görürük ki, pirləri,
ocaqları gəzsin, çıldağa getsin. Belə adamlar bizə gələndə
ürək-göbəyini çəkirəm. Bunun üçün xəstə yemək yemədən gəlməlidir.
Parçanın arasına daşı qoyuram, sonra onu mədənin üstünə bağlayıram.
Möhkəm sıxıram, mədənin qalxdığını hiss edir. Yemək yeyəndən bir
saat sonra daşı açıb, dördyol ayrıcına atmalıdır. Bundan sonra,
ağrılar hamısı aradan qalxır. Dəfələrlə ürəyində ağrısı olanlara
həkimlər əməliyyat məsləhət görüb. Mən çıldaq edəndən sonra həkim
əməliyyata ehtiyac olmadığını deyib. Dəfələrlə qucaqda bura
gətirilən adamları sağaltmışam, ayağa qalxıblar. Belə möcüzələr də
olub".
Bəs çıldağı necə edirsiniz?
Sual vermişdim ki, müsahibim bir qara parçanı yandırıb,
prosedura başlayır. Baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir
uclarına vurur. Sanki parçanın bədənimi yandırmasından həzz alırmış
kimi, hər dəfə daha möhkəm basdırır. Bir az yanma olsa da, qısa
zamanda ağrı aradan qalxır. Bu proses üç dəfə təkrar olmalıdır.
Amma uzaq yoldan gələnlər üçün alternativ variant tapılıb. Hər
prosedurdan sonra, qapıdan çıxıb, yenidən daxil olub təkrar
edilərək 3 dəfə tamamlanmış olur. Bərk qorxu olanda parça özündən
sönür.
Qeyd edim ki, çıldağı ancaq kətandan etmək məsləhət görülür.
Başqa parçadan edəndə yandırır. Müsahibim də Maştağadakı
satıcıların bundan məlumatlı olduğunu deyir. Çıldaq parçası deyən
kimi verirlər.
İnanmayan da olur
Amma XXI əsrdə çıldağa inam kütləvi deyil. Yəqin ki, inanmadan,
sınamaq üçün gələnlər olur. Müsahibim bu fikirlə razılaşsa da,
inanmayanların nəticəni görəndən sonra fikirlərindən daşındığını
deyir. Həm də gəlib nəticəsini görənlər başqalarına da deyir.
Beləliklə, inam artır. Bəzən qorxu sümüyə işləyir, onda heç nəyi
hiss etmir. Həmin adamların əvvəlcə ayaq barmaqlarına vurub,
sinirləri oyadır, sonra çıldaq edir.
Amma çıldaq yalnız bakılılar arasında dəb deyil. Digər
rayonlardan da bura qorxudan xilas olmaq üçün gəlirlər. Biz orada
olanda da, Neftçala, Hacıqabul, Şamaxıdan gələnlərlə qarşılaşdıq.
Kimi nəvəsi, kimi də özü üçün gəlmişdi. Müsahibim Naxçıvandan,
Moskvadan, digər xarici ölkələrdən gələnlərin olduğunu deyir.
Bakıdan ancaq yerli sakinlər deyil, rusdillilər də bura gəlir.
Əlində əsa çətinliklə hərəkət edən Kərbəlayi Züleyxa
Hacıqabuldan gəlib.
"Biz özümüz ocağıq, bilirik ki, harada kimə inanmaq olar. İki
nəvəmdə də qorxuluq var. Tək qala bilmirlər, gecə yuxuda qorxublar.
Heç bir həkimə aparmadım, çünki çarəsi çıldaqdır. Uşaqlıqdan belə
görmüşük, həmişə də nəticə yaxşı olub".
65 yaşlı Səkinə nənə özü üçün gəlib. Şikayəti isə ürək
sıxıntısı, nəfəs almada çətinlikdir. Nənədən buna görə ürək
həkiminə gedib-getmədiyini soruşuram. Amma həkimlərdən daha çox
çıldaqdan xeyir gələcəyinə inandığını deyir. Aylardır getmədiyi
çıldaq qalmayıb, bura son ümididir.
Bəs bu işin qarşılığında nə qədər ödəniş
olur?
Öyrənirik ki, hər çıldağın öz qiyməti var – 2 manat. Bura
gələnlər qiymətləri yaxşı bilir.
"Bəzən 5, 10 manat qoyanlar da olur. Amma bir dəfənin ödənişi 2
manatdan az deyil. Amma bir manat verən olsa, etiraz etmirik".
Müsahibim məndə böyük bədnəzər olduğunu deyir. Bunun göstəricisi
daim baş ağrılarının olmasıdır. Amma ömrünü bu işə həsr etmiş,
türkəçarəni həyat devizinə çevirmiş birinə "başağrılarımın
səbəbinin bəd nəzər yox, bütün günü kompüter qarşısında olmağımdır"
deməyim çox yersiz görünür. Mənim ağlımdan bu cavab keçərkən, o hər
gün evə gedəndə bir balaca pambıq yandırmağımı, sağ ayaqqabımı
başıma fırlayıb ayaqqabının burnunu kürəyimə vurmağımı, son məqamda
tüpürüb yerə atmağımı məsləhət görür.
Qadın çıldağında işimizi bitirib əsas ocağa baş çəkirik. Burada
kişilər çıldaq edilir. Mənim kimi balacaboy adamın əyilərək içəri
keçdiyi bu tikilinin 500 il yaşı var. Biz burada olanda kişiləri
çıldaq edən şəxsin əvəzində oğlu Ələmdar idi. Atasının cin çıxarmaq
üçün getdiyini deyir. Bununla da məkanda həm də cin çıxarmaq
xidməti göstərildiyini öyrənmiş oluruq. Ələmdar bu işi
bacarmadığından prosesi müşahidə edə bilmirik. Peşə sirri
olduğundan bu barədə ətraflı danışmaq istəmir. Amma cin tutanların,
adətən, normal yeriyərək gəzmədiyini deyir. Öyrənirik ki, çıldağa
ancaq sadə vətəndaşlar deyil, məşhurlar da gəlir.
Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni
ildə bir dəfə, bəzən altı aydan bir çıldaq etdirməyə gəlir. Təəssüf
ki, Ələmdar həmin kürəkənin adını xatırlaya bilmir. Bundan başqa,
yerlilərdən Eyyub Yaqubov, Əlibaba Məmmədov da tez-tez çıldağı
ziyarət edənlər arasındadır.
Qeyd edim ki, Sevil xanımın prosedurlarından sonra başağrım
keçmişdi. Amma bu çox çəkmədi, avtobusda başağrım yenidən başladı.
Deyəsən, müalicənin təsir müddəti bir neçə saatlıq idi.