Mayın 19-da baş verən yanğında xilasedicilər barədə çox
danışılır, hətta bəziləri qəhrəman adlandırılır.
Təbii ki, qəhrəmanlıq ayrı anlamdır və vəzifə borcunu yerinə
yetirən şəxslərin qəhrəman adlandırılmasına ehtiyac yoxdur.
Ancaq...
Ancaq bir xüsusi məqam var: əgər xilasedici öz əleyhqazını
çıxarıb, tüstü altında qalan sakinə verirsə, öz əynindəki
odadavamlı paltarını çıxarıb, xilas etmək istədiyi adamın əyninə
geyindirirsə və əleyhqazsız, çılpaq qaldığı halda belə
"geyindirdiyi" zərərçəkəni çiyinlərinə alıb, 7 mərtəbə düşürürsə,
huşunu itirib yerə yıxılana qədər insanları xilas etməyə davam
edirsə... O, artıq qəhrəmandır.
Özünü təhlükəyə atan, yanğından qorunma paltarını, tüstüdən
boğulmağa imkan verməyən əleyhqazını başqa bir insana verib, tam
təhlükə altına düşdüyünü bilə-bilə yanğından insan xilas etməyin
başqa adı varmı?
Həmin xilasedicini axtardıq:
Xətai Şahverdiyevi, FHN-in Yanğından Mühafizə dəstəsinin Nəsimi
rayon əməkdaşını. Bizim üçün sürpriz çıxışı Nəsimi rayon Yanğından
Mühafizə dəstəsinin rəisi etdi: "Haqqımızda bu qədər yazmaq doğru
deyil. Dəstəmiz, sadəcə, öz vəzifə tapşırığını yerinə
yetirib".
Təvazökarlıqmı? Yox, sadəcə, onlar doğrudan da belə düşünürlər.
Bəlkə də bilmirlər ki, 14-cü mərtəbədə, od-alovun içində özünün
yanma, boğulma, ölmə riskinə əhəmiyyət vermədən əynindəkiləri
çıxarıb bir insana geyindirmək və zəhərlənib huşunu itirməklə
qeyri-bərabər döyüşdə düşmən sona qədər vuruşmaq səviyyəsindədir:
hər ikisində "özünüqoruma instikti" olmur: qəhrəmanlıq bu
instinktin öldüyü anda başlayır. Fərq odur ki, birində Vətən,
digərində Vətəndaş qorunur!
Vətəndaşları həyatı bahasına qoruyan Xətaini də ona görə
danışdırdıq. Daha doğrusu, yalnız o anı bizimlə bölüşməyə zor-xoş
razı sala bildik:
- Hadisə olan gün təlimdə idim. 3-cü dərəcəli həyəcan siqnalı
verildikdə təlimləri yarımçıq qoyub hadisə yerinə tələsdik. Ora
çatanda artıq bizim əməkdaşlarımız yanan binanın içərisində
kəşfiyyat, xilasetmə işlərinə başlamışdı. Elə bu zaman əməkdaşımız,
baş çavuş Məmməd İbadovu gördüm. O, artıq 3 nəfər sakini yanğından
xilas etmişdi. Halsız vəziyyətdə idi, tüstüdən zəhərlənmişdi. Onun
döyüş paltarını istədim, geyinib yuxarı qalxdım. 14-cü mərtəbədə
döşəməyə uzanmış kişini ayağa qaldırdım. Gedək, dedim. Getmək
istəmədi. Dedim, vaxt keçdikcə vəziyyət daha da pisləşir, gedək. Su
içirtdim, nəm əski ilə üzünü sildim. Kişi dedi ki, astmayam,
bacarmıram, hava uda bilmirəm. Tez əynimdəki döyüş paltarımı
çıxarıb ona geyindirdim, əleyhqazımı ağzına bağladım. Onu
pilləkənlərlə düşürdüm, özüm isə yaş əski ilə zəhərli havadan
qorunurdum. 7-ci mərtəbəyə çatanda dedim, ola bilsin, mənim havam
çatmasın, mən təcili qaçaraq düşüm, sən qorxma, blokda ancaq tüstü
var, alov yoxdur, özün enərsən. Gördüm, kişi tərəddüd etdi, ona
görə də onu tək qoymadım, halsızlaşsam da, ondan əl çəkmədim. Bir
də onda ayıldım ki, xəstəxanadayam.
Yəni mənim yerimə hamı belə edərdi, elə edirdilər də...