"Azərbaycan rəssamı" dedikdə
ağla ilk gələn adlardan biri, bəlkə də birincisi Səttar
Bəhlulzadədir. Bu gün rəssamlıq sənətimizin nəhəng siması Səttar
Bəhlulzadənin anım günüdür.
O, 1909-cu il dekabrın 5-də Bakının Əmircan kəndində anadan
olub. Azərbaycan rəssamlıq məktəbini və Moskva Rəssamlıq
İnstitutunu bitirən Bəhlulzadə yaradıcılığında daha çox
vətənpərvərlik mövzularının yer aldığı mənzərə-peyzajlar,
intim-lirik natürmortlar işləməyə üstünlük verib. Azərbaycan
təsviri incəsənətində lirik mənzərə janrının banisi hesab olunan
Səttar Bəhlulzadənin "Vətənimin baharı", "Azərbaycan nağılı", "Neft
daşları", "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Suraxanı
atəşgahı", "Əmircan", "Bakıda atəşfəşanlıq", Kəpəzin göz yaşları",
"Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Şamaxı üzümlükləri",
"Qudyalçay vadisi", "Şahnabat", "Əbədi məşəllər", "Əfsanəvi
torpaq", "Qızılbənövşəyə gedən yol" və s. əsərləri R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət
Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində
saxlanılır.
Bəhlulzadə Moskvadan qayıtdıqdan sonra yaradıcılığında müəyyən
dəyişikliklər olur. Rəssam daha çox tarixi mövzulara üstünlük
verməyə başlayır və bu dövrdə "Babək üsyanı", "Fətəli xan", "Xəttat
Mir Əli" kimi tarixi əsərlər meydana çıxır.
Səttar Bəhlulzadənin fərdi sərgiləri Kanada, Fransa, Norveç,
Yaponiya, Belçika, Kuba, Bolqarıstan, Misir, Əlcəzair, Livan,
Suriya, İraq, Tunis, Çexoslovakiya və dünyanın bir sıra başqa
ölkələrində nümayiş etdirilib, muzeylərdə daimi eksponat kimi
saxlanılıb.
Səttar Bəhlulzadə dərin düşüncə adamı idi. Bir dəfə
emalatxanasında bir gənc dahi rəssamdan soruşur:
– Səttar müəllim, neçənci ildə və harada anadan olmusunuz?
– Mən iki dəfə doğulmuşam. Bir dəfə əlim fırça tutan, ağlım
rəngləri seçən, gözüm gözəlliyi görə bilən gün, bir dəfə də 1909-cu
il dekabrın 15-də Bakının Əmircan kəndində.
Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı,
Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə 1974-cü ilin
bu günü Moskvada vəfat edib və doğma kəndi Əmircanda dəfn edilib.
Rəssamın qəbirüstü abidəsi ucaldılıb.