Milli Onkologiya Mərkəzinin və Türk Tibbi Onkoloji
Dərnəyi təşəbbüsü ilə Bakıda II Azərbaycan-Türkiyə Onkolojı Günləri
başlayıb.
Report xəbər
verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri
şöbəsinin cərrah-onkoloqu Əziz Əliyev, Azərbaycanın baş onkoloqu
Azad Kərimli, Türk Tibbi Onkologiya Dərnəyinin rəhbəri Əhməd Özət
və digər azərbaycanlı və türk mütəxəssislər iştirak edib.
Cərrah-onkoloq Əziz Əliyev baş-boyun xərçənginin cərrahiyyəsi
barədə geniş məlumat verib. O bildirib ki, bu xəstəliyə tutulan
xəstələrin üçdə biri ölür:
"Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və
siqaretdir. Bu xəstəlikdə şüa terapiya daha yaxşı effekt
verir".
Baş onkoloq Azad Kərimli bildirib ki, xərçəng xəstəliyi bütün
dünyada olduğu kimi Azərbaycanda geniş yayılıb: "Bu konfrans
türkiyəli həkimlərlə keçirdiyimiz ikinci konfransdır. Bu konfrans
sayəsində onlar bu sahədə gördüyü işləri, araşdırmaları bizimlə,
biz isə onlarla bölüşürük. Bu digər konfranslarla bu konfransın
fərqli cəhətidir".
Konfrans oktyabr ayının 23-dək davam edəcək.