58 yaşlı Bakı şəhər sakini
Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub.
"Axar.az" xəbər verir ki, o, "Azad Azərbaycan" (ATV)
televiziyasında yayınlanan "Çox yaşa" verilişinin aparıcısı, uroloq
Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də "City Hospital-da
əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən
əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib
çıxarıb.
S.Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub və o
əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar
kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib.
V. İsmayıl isə sidik kisəsinin ümimiyyətlə götürülməsini məsləhət
görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə
sonra sağlam evə qayıdacağını deyib.
Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin
pisləşib. S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə
görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin
ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib.
Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum
olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan
əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar
ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb,
tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər "City
Hospital"da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim
xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib.
Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun
xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat
zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan
xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət
orqanından çıxıb. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik
kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib.
Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini
müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay "City
Hospital"da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən
S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb
Universitetinin Tədris Terapevtik klinikasına köçürüb. Amma burada
xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina
edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün
"Medistyle" özəl hospitalına aparıb. Burada həkimlər onun
əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar
da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və
martın 26-da dünyasını dəyişib.
Həkim Vasif İsmayıl isə iddia edir ki, xəstə müalicənin səhv
aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara
görə dünyasını dəyişib. "Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün
sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də
ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün
idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək
xəstəni reanimasiyadan çıxardı" – deyə Vasif İsmayıl bildirib.
Amma S.Ələkbərovanın həyat yoldaşı həkimin yalan danışdığını
deyir: "Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin
çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan
verməmişik. Faktiki olaraq biz 1,5 ay xəstəni reanimasiyada
saxlamışıq və bu müddət ərzində xəstənin əməliyyatı və müalicəsi
üçün 22 min manat xərc çəkmişik. Üstəlik bu müddətdə xəstəyə
vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də biz öz
hesabımıza almışıq. Biz görəndə ki, artıq "City Hospital"da
xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir,
onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq.
Başqa klinikada isə xəstəyə baxan kimi bizə onun ölümcül olduğunu,
müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir
neçə həkim bizə bildirdi ki, sidik kisəsinin götürülməsi onun
ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik
kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən
sonra əməliyyat etməliydi. Amma o bunun fərqinə varmadan xəstəni
tələsik əməliyyat edib. İkincisi, o əməliyyat zamanı xəstənin
bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağ
ciyərlərində ləkələr olub və əməliyyatdan sonra onun ağ ciyərində
durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs
bilməliydi ki, ağ ciyərində belə bir problemi olan adamı
əməliyyatdan sonra nə gözləyə bilər".
Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa
insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq
müstəvisində danışmaq məcburiyyətindədirlər: "O, ölümünə bais
olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir.
Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən
vəsait də geri qaytarılmalıdır. Biz bizə dəyən həm maddi, həm də
mənəvi ziyana görə təzminat tələb edəcəyik".
Z.Ələkbərov həmçinin vurğulayıb ki, Vasif İsmayıl bir insanın
həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına
baxmayaraq, hələ də ATV-də "Çox yaşa" verlişini aparır və özünün
reklamı ilə məşğuldur: "Bu reklam isə insanların həyatı bahasına
başa gəlir. Həm ATV telekanalı, həm də V.İsmayılın əməkdaşlıq
etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin
qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə
deyərlər, bazarını bağlamalıdır....".