"Narkomaniyaya daha çox
varlı təbəqələrin uşaqları cəlb olunur".
Bu sözləri Axar.az-a Azərbaycanda xüsusən də
gənclər arasında bu xəstəliyin geniş yayılmasına münasibət
bildirərkən psixoloq-psixoterapevt Dəyanət Rzayev dedi. Onun
sözlərinə görə, Azərbaycanda gənclər arasında bu hal geniş yayılıb.
Belə şəxslər təkcə ətrafdakılar yox, öz yaxın çevrələri və ailə
üzvləri üçün də çox təhlükəli olurlar:
"Narkomaniya xroniki, sağalmayan, regitiv (təkrar baş vermə)
olunan bir xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı buna ciddi
riayət edir. Bu xəstəlikdə şəxsiyyətin prodatsiyası getmir, ancaq
insanın motivasiyası dəyişir. Çox təəssüflər olsun ki, bu
xəstəliyin ən pis tərəfi narkoman olmuş şəxsin başqalarını da
yoluxdurma marağı və burda güdülən hansısa məqsədlərdir. Bu gün
cəmiyyətimizdə insanların narkomaniyaya cəlb olunmasında kateqoriya
baxımından kəskin bir fərq müşahidə olunur. Yəni bu işdə ən çox
zərər görən varlı təbəqələrin uşaqlarıdır. Əlbəttə ki, burada maddi
maraqlarla yanaşı, başqa səbəblər də yer alır".
Psixoloq bildirdi ki, narkomaniyada iki formada asılılıq var:
psixi və fiziki. Fiziki asılılığın müalicəsi olsa da, digərinin
çarəsi yoxdur. Narkomaniya xəstəliyinə yoluxmuş şəxslərin cəmiyyət
üçün ən təhlükəli tərəfi onların yoluxdurma marağıdır. Bu yolda isə
onlar müxtəlif üsullardan: aldatma, zor tətbiq etmədən istifadə
edərək məqsədlərinə nail olmağa çalışırlar.
D.Rzayev son zamanlar gənclər arasında özəlliklə
psixo-narkomaniyanın geniş yayıldığını qeyd etdi:
"Tibdə "Morfi", "Tramadol" kimi preparatlar narkotik tərkibli
ağrıkəsicilərdir ki, müxtəlif xroniki xəstəliklərdə istifadə
olunur. Ancaq "Tramadol" preparatından istifadə edən narkomaniya
aludəçilərində bu sonradan insan orqanizmində birbaşa sümük
toxumaları və hüceyrələrə təsir etdiyindən müəyyən bir müddətdən
sonra asılılıq yaradaraq insanda bütün orqanların sıradan çıxmasına
səbəb olur. 1960-cı ildən 2004-cü ilə qədər "Tramadol"un yaratdığı
asılılıq nəticəsində 38 milyon insan ölüb. Çox təəssüflər olsun ki,
bu gün nəinki xarici ölkələrdə, Azərbaycanda da bu dərmanın
reseptsiz satışına şərait yaradan apteklər var. Bu preparatdan
yalnız sağalmayan və ağır durumda olan xəstəliklər üçün istifadəyə
icazə verilir. Əks təqdirdə qeyri-qanunu psixo-preparatların
dövriyyəsi ilə məşğul olmaq cinayətdir".
Psixoloqun sözlərinə görə, istifadəçilər bu xəstəliyə
tutulduqdan sonra ən çoxu üç və ya dörd il arasında ölürlər:
"Çox acınacaqlı bir haldır ki, heç şəxsiyyət ifadəsinə layiq
olmayan bu xəstələr çıxdıqları bu yolun sonunun olmadığını, yeganə
çıxış yolunun ölüm olduğunu bilə-bilə başqalarını da bu bataqlığa
sürükləyirlər. Burada varlı ailələrinin uşaqları sadəcə olaraq
maddi mənbə qurbanına çevrilirlər".
Psixoloq-psixoterapevt Dəyanət Rzayev sonda onu da qeyd etdi ki,
narkomaniyaya yoluxmuş xəstələr müalicəyə üz tuturlarsa, bunun
altında sağalmaq yox, başqa səbəblər gizlənir. Uzun müddət narkotik
aludəçisi olmuş şəxslərin əsas məqsədi müalicə alaraq qanlarını
təmizlətdikdən sonra yenidən buna başlayaraq əvvəlki həzlərini
bərpa etməkdir. Buna görə də bu problem çox ciddi və təhlükəli
olduğundan xüsusən də gənclərimiz bu tələyə düşməmək üçün hər an
ehtiyatlı olmalı, öz çevrələrini daim gözdən keçirməlidirlər.