"Mövcud olan 4 temperament tipini - sanqvinik,
melanxolik, xalerik və fleqmatik tiplərini Allah hər bir insana
verib".
Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Hüseyin Xəlilov
insan xarakterinin müəyyən edilməsinin yollarından danışarkən
deyib. Hüseyin Xəlilovun sözlərinə görə, hər bir insanda bunların
dördü də var:
"Elə başa düşülməsin ki, bir insan melanxolikdirsə, onda digər
tiplərin xüsusiyyətləri yoxdur. Bu tiplərin dördü də hər bir
insanda cəmləşib. Amma bunlardan hansısa biri daha çox üstünlük
təşkil edir. Bəs üstünlük nədən ibarətdir? Xolerik bir adam çox
cəsarətli, riskli, hövsələsiz, çox tez özündən çıxandır. Amma zaman
keçdikcə həyatın təsirləri, həyat hadisələri onu yumşaldır,
melanxolik bir adama gətirib çıxara bilir.
İnsanın hansı tipə aid olduğunu müəyyən etmək üçün test var.
Birincisi, bu test sistemi vasitəsilə temperamentin tiplərini
öyrənmək olur; ikinci, insanın davranış və hərəkətlərini,
mimikasını, onun ruh halını, bədən dilini onun mimiklərindən,
pantonimlərindən aydınlaşdırmaq və hansı temperament tipinə aid
olduğunu müəyyən etmək olar. Məsələn, deyək ki, evdə valideynin
dörd övladı var və xarakter baxımından valideyn övladlarını necə
tanıya bilər. Daha çox hərəkətli, daha çox aktiv, tez özündən
çıxan, tez sıçrayan uşaq xolerik tipinə aiddir. Daha çox danışan,
rahat ünsiyyətcil, özünü rahat təqdim edən, adamlar içərisində
sıxılmayan, darıxmayan, özünü ifadə etməyi bacaran uşaqlar
sanqviniklərdir. Çox tez təsirlənən və təsirlənib fikirləşən, təsir
dairəsinə düşüb bunu duyğularında dərinləşdirən uşaqlar fleqmatik
keyfiyyətlidirlər. Melanxoliklərin zəif temperamentə malik
olduqlarını valideynlər evdə hiss edə bilərlər. Melanxoliklər az
danışar, evə insan gəldikdə ortalıqdan itər, gizlənər və yeni
mühitə çətinliklə alışarlar".