"Azərbaycanda dəqiq diaqnoz qoya bilmirlər. Orada
xərçəng diaqnozunun qoyulduğu xəstələrin çoxunda bu xəstəlik aşkar
edilmir".
Bu sözləri Axar.az-a İstanbulun "Neolife" Tibb Mərkəzində
çalışan və bir müddət əvvəl ölkəmizdə işləmiş türkiyəli cərrah
Hamdi Koçər Azərbaycan səhiyyəsinin durumundan danışarkən dedi.
Türkiyəli tanınmış həkim qeyd etdi ki, Bakıda xərçəng xəstəliyi
diaqnozu qoyulmuş yüzlərlə xəstəni əməliyyatsız, yalnız müalicə
yolu ilə sağaldıb:
"Bakıdakı insanlara həkimlik etmək mənim üçün qürurvericidir.
Oradakı xəstələr məndən çox razı idi. Çünki Azərbaycanda xəstələrin
əksəriyyəti öz xəstəlikləri haqqında düzgün məlumat ala bilmirlər.
Cəmiyyətdə böyük məlumatsızlıq var".
Həkim bildirdi ki, xüsusilə qadınlara süd vəzi ilə bağlı yanlış
diaqnozlar qoyub həyatlarını məhv edirlər:
"Bakıda qadınlar süd vəzi xəstəlikləri ilə bağlı az
məlumatlıdır. Azərbaycanda həkimlər mastopatiya adlanan və heç bir
ölkədə olmayan, tamamilə yalançı bir xəstəlikdən danışır. Qadınları
bu xəstəliklə qorxudur, əməliyyat edir, süd vəzilərini kəsirlər,
olduqca bahalı, kimyəvi dərmanlar yazırlar. Mən ora ilk gəldiyim
gündən mənə müraciət edən bütün qadınlara başa salırdım ki,
mastopatiya adlı xəstəlik yoxdur. Olmayan xəstəliyi necə müalicə
etmək olar? Mastopatiya müalicəsi, dərmanı və əməliyyatı olmayan
süd vəzisinin təbii halıdır. Ancaq sizin ölkədə bunu da əməliyyat
edir, insanlarda olmayan xəstəlik yaradırlar. Dünyada
mastopatiyadan ölən bir nəfər də insan yoxdur".
H.Koçərin fikrincə, Azərbaycanda həm Ultrasəs (UZİ), həm də
patologiya həkimlərinin təhsili kifayət qədər olmadığı üçün
xəstələrə səhv diaqnozlar qoyulur: "Diaqnoz yanlış olduğu üçün də
müalicənin doğru olma ehtimalı yoxdur".
Türkiyəli həkim Azərbaycanda patologiya hesabatlarının xəstələrə
verilməməsindən də danışdı. Qeyd etdi ki, xəstə öz xəstəliyinin
əlamətləri barədə məlumatlı olmalıdır:
"Xəstələrə patologiya hesabatları mütləq verilməlidir. Mən orada
çalışdığım müddət ərzində çox istədim ki, xəstələrə öz
xəstəliklərinin əlamətləri haqqında sənəd verim. Çünki bu xəstənin
mütləq haqqıdır ki, əgər xərçəngdirsə, bunun əlamətlərini bilsin.
Ancaq vermirlər. Çünki Azərbaycanda həkimlər analizlərinə
güvənmirlər, güvənsəydilər, verərdilər".