Yuxarı

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Polşa Kiyevin ən yaxın siyasi, hərbi və humanitar tərəfdaşlarından biri kimi çıxış edib. Milyonlarla ukraynalı qaçqına qapılarını açan, Ukraynaya ən böyük hərbi dəstək verən dövlətlərdən biri olan Varşava uzun müddət iki ölkə arasında strateji müttəfiqliyin nümunəsi hesab olunurdu. Lakin son hadisələr göstərir ki, ortaq təhlükə və ortaq düşmən tarixi ziddiyyətləri tamamilə aradan qaldıra bilmir.

Prezident Vladimir Zelenskinin Ukrayna Ordusunun bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi barədə qərarı Polşada ciddi narazılıq doğurub. Məsələnin mahiyyəti ondadır ki, Ukrayna və Polşa eyni tarixi hadisələrə tamamilə fərqli prizmadan baxırlar.

Ukrayna üçün Ukrayna Qiyamçı Ordusu (UPA) XX əsrdə milli azadlıq mübarizəsinin simvollarından biridir. UPA həm nasist Almaniyasına, həm də Sovet İttifaqına qarşı mübarizə aparan qüvvə kimi təqdim edilir. Müstəqillik uğrunda savaşın rəmzi sayılan bu təşkilatın ideoloji irsi müasir Ukrayna dövlətçiliyində də müəyyən yer tutur. Bu gün Ukraynada geniş istifadə olunan “Слава Украине! Героям слава!” şüarı da məhz həmin dövrün mirası hesab edilir.

Polşa isə UPA-nı tamam fərqli şəkildə qiymətləndirir. Varşavanın mövqeyinə görə, 1943-1944-cü illərdə Volın və Şərqi Qalitsiya bölgələrində minlərlə polyakın qətli ilə nəticələnən etnik təmizləmə əməliyyatlarının əsas icraçılarından biri məhz UPA olub. Polşa parlamenti bu hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyıb. Buna görə də UPA rəhbərlərinin və ya həmin təşkilatın qəhrəmanlaşdırılması Polşa cəmiyyətində ciddi etirazla qarşılanır.

Məhz bu tarixi yaddaş fərqi hazırkı diplomatik qarşıdurmanın əsas səbəbidir. Prezident Karol Navrotskinin Zelenskini qərarını yenidən nəzərdən keçirməyə çağırması və Kiyevdən verilən sərt cavab iki ölkə arasında fikir ayrılığının taktiki deyil, strateji xarakter daşıdığını göstərir.

Hadisələrin sonrakı inkişafı da diqqət çəkir. Zelenskiyə təqdim olunmuş “Ağ Qartal” ordeni ətrafında yaranan qalmaqal, Ukraynanın yüksək vəzifəli nümayəndələrinin bu mükafatdan imtina etməsi və Polşa siyasi dairələrində Ukraynanın Avropa Birliyinə inteqrasiyasına dair səslənən tənqidi fikirlər münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.

Əslində, burada söhbət təkcə bir orden və ya bir hərbi hissənin adından getmir. Məsələ ondan ibarətdir ki, Polşa və Ukrayna milli kimliklərini formalaşdırarkən eyni tarixi hadisələrə zidd məna yükləyirlər. Ukrayna üçün qəhrəman olan şəxs və ya təşkilat Polşa üçün cinayətkar kimi qəbul edilir. Bu isə tərəflərin ortaq tarixi narrativ yaratmasını son dərəcə çətinləşdirir.

Bütün bunlar Avropa Birliyi perspektivi baxımından da əhəmiyyətlidir. Ukraynanın AB-yə üzvlüyü yalnız iqtisadi və hüquqi islahatlarla məhdudlaşmır. Birliyin üzv dövlətlərinin siyasi razılığı da vacibdir. Polşanın bu prosesdə xüsusi çəkisi nəzərə alınarsa, tarixi mübahisələrin gələcəkdə Kiyevin Avropa inteqrasiyası yolunda əlavə maneələr yarada biləcəyi istisna deyil.

Son illər Ukrayna və Polşa münasibətləri daha çox Rusiyadan gələn təhlükə fonunda qiymətləndirilirdi. Lakin son hadisələr göstərir ki, geosiyasi maraqlar müvəqqəti olaraq ölkələri yaxınlaşdıra bilsə də, tarixi yaddaş məsələləri aradan qalxmır. Əksinə, təhlükə amili zəiflədikcə və ya ikinci plana keçdikcə bu ziddiyyətlər yenidən üzə çıxır.

Bu səbəbdən Polşa-Ukrayna münasibətlərində müşahidə olunan gərginlik iki ölkə arasında təsadüfi diplomatik insident deyil. Bu, onilliklərdir həllini tapmayan tarixi problemlərin növbəti təzahürüdür və yaxın gələcəkdə də Varşava-Kiyev xəttində əsas müzakirə mövzularından biri olaraq qalacaq.

Qeyd etmək lazımdır ki, bu mövzu Polşa-Ukrayna münasibətlərində yeni deyil. Volın hadisələri ilə bağlı mübahisələr son 15-20 ildə dəfələrlə diplomatik böhran yaradıb. Sadəcə, Rusiya-Ukrayna müharibəsi dövründə bu ziddiyyətlər ortaq təhlükə səbəbindən arxa plana keçmişdi. İndi isə tarixi yaddaş yenidən siyasi gündəmə qayıdır...

Tarix
2026.06.21 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla