Rusiyanın Krımda yerləşdirdiyi işğalçı qüvvələrin ehtiyatları yalnız Yeni ilə qədər kifayət edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksey Getman deyib.
Krıma gedən quru təchizat yollarından danışan Getman qeyd edib ki, Rusiya işğalçı qüvvələrinin Krımdakı hərbi qarnizonunun fəaliyyəti üçün zəruri olan silah-sursatın və digər təchizatın əsas hissəsi Krım körpüsü vasitəsilə daşınıb.
Onun sözlərinə görə, təchizatın müəyyən hissəsi Kerç boğazındakı bərə keçidi, eləcə də Rusiyanın nəqliyyat vasitəsi kimi istifadə etdiyi hava yastıqlı desant gəmiləri vasitəsilə həyata keçirilib. Lakin bu vasitələrin daşıma imkanları məhduddur.
Getman hazırda Krımdakı Rusiya hərbi qruplaşmasının əməliyyat baxımından mühasirə vəziyyətində olduğunu hesab edir. Onun fikrincə, təchizatın ciddi şəkildə azalması Rusiya qüvvələrinin vəziyyətini daha da çətinləşdirəcək:
“Əgər hərbi bölmə ehtiyac duyduğu təchizatın yalnız onda birini alırsa, fəaliyyətini necə davam etdirə bilər? Müəyyən ehtiyatlar hesabına bir müddət normal fəaliyyət göstərmək mümkündür. Lakin bu ehtiyatlar yenilənməsə, çox tez tükənəcək”.
Ekspert vurğulayıb ki, Krımdakı Rusiya qüvvələri anbarlarda mövcud olan ehtiyatlar hesabına Yeni ilə qədər müəyyən qədər davam gətirə bilər. Bundan sonra isə yarımadaya təchizat çatdırmaq üçün imkanlar daha da məhdudlaşa bilər.
Qeyd edək ki, Ukrayna ordusunun noyabrın 16-sı və 17-də Krım körpüsünə zərbələri nəticəsində körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsi tamamilə uçub.