Dövlət İmtahan Mərkəzində (DİM) insanları narahat edəcək qeyri-adi dəyişikliklərin olacağı gözlənilmir.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri Məleykə Abbaszadənin DİM sədrliyindən ayrılmasının imtahan və qəbul sistemində səbəb ola biləcəyi dəyişikliklər haqda danışarkən deyib.
“Sosial şəbəkələrdə də görürük ki, abituriyentlər, eləcə də universitetə hazırlaşan hər bir şəxs Məleykə Abbaszadədən sonra DİM-də hansısa dəyişikliklərin olub-olmayacağı, qəbul sisteminin ləğv edilib-edilməyəcəyi və digər məsələlərlə bağlı narahatlıq keçirirlər. Lakin hesab edirəm ki, belə dəyişikliklərin başvermə ehtimalı olduqca azdır, hətta demək olar ki, yoxdur.
Məleykə Abbaszadə bu illər ərzində DİM-də elə bir sistem və institusional mexanizm yaradıb ki, bu, dünyanın bir çox ölkəsinin qiymətləndirmə və imtahan platformalarından qətiyyən geri qalmır.
Düşünürəm ki, DİM-də formalaşmış sistem kifayət qədər düzgün və güclüdür. Buna görə də onun dəyişdiriləcəyinə inanmıram. Əlbəttə, kadr dəyişiklikləri ola bilər, sədr dəyişə bilər, müxtəlif vəzifələrdə yeniliklər baş verə bilər. Amma sistemin dəyişəcəyini gözləmirəm.
Çünki sistem düzgün qurulduqda, proseslər də öz axarında davam edir. Mənim yanaşmam bundan ibarətdir”, - ekspert bildirib.