Yuxarı

USM müayinəsi zərərlidirmi? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili orqanların diaqnostikasında ilkin və vacib metod olan ultrasəs müayinə xəstələrin ən çox üz tutduğu və güvəndiyi müayinədir. İnsanları isə hər zaman bir sual düşündürür: Tez-tez USM müayinəsindən keçmək orqanizmə mənfi təsir edirmi?

Bu barədə Axar.az-ın sualını USM mütəxəssisi Taleyə Aslanova cavablandırıb.

- Tez-tez USM olunmaq ziyandırmı? Bu aparat şüa verirmi?

- Ultrasəs müayinə şüa diaqnostika müayinəsinə aiddir. Rentgen və kompüter tomoqrafiyada rentgen şüalarıdır, USM-də isə ultrasəs dalğalardır. Onlar səs dalğaları olduğu üçün ziyansızdır, orqanizmi şüalandırmır. Vaxt və maddiyyat baxımından da çox sərfəlidir. Təkrar baxmaq olur. Əsas üstünlüyü odur ki, dinamikanı izləyə bilirik. Məsələn, MRT-də müayinə hərəkətsizdir. Xəstə düz, sakit uzanmalıdır. USM-də isə hərəkətli izləyə bilirik. Bu müayinədə bir neçə dəfə eyni orqana baxmaq olur.

- Bəs, uşaqlar üçün USM neçə aylıqdan uyğundur?

- Körpələr, uşaqlar üçün də ən ideal müayinə növüdür. Bizim ən kiçik pasiyentimiz 3-5 günlük yenidoğulmuşlardır. Körpələrdə beyinin, əmgəyin, sinus vəzinin müayinəsi elə USM-də aparılır. Eləcə də qarın boşluğu. Yəni USM insanın doğulduğu anından 100 yaşına kimi təkrar-təkrar üz tutacağı, əks göstərişsiz müayinə metodudur.

- Son 2 ildə pasiyentlərdə ən çox hansı xəstəlikləri aşkarlamısız: qadınlar, kişilər və uşaqlarda?

- Kaş ki, bizim insanlar USM-ə profilaktika məqsədilə gələrdilər, nəinki müalicə üçün. Çünki çox zaman artıq xronikləşmiş və gecikmiş formaları aşkar edirik. Son zamanlar bütün daxili xəstəliklərdə nəinki cavanlaşma, hətta uşaqlaşma prosesi gedir. Uşaqlarda, körpələrdə infeksiyalarla bağlı xəstəliklər, hidrosefaliya təyin olunur. Qadınlarda ginekoloji orqanlarda mioma və kistlər, qalxanvari vəzin ur, yəni zob xəstəliyi və təəssüf ki, süd vəzində onkoloji patologiyalar çox aşkarlanır. Bir fakt da sevindiricidir ki, qadınlarımız süd vəzinin profilaktik yoxlanması vərdişini qazanıblar. Bir balaca şikayət olan kimi tez müraciət edirlər. Bu da süd vəzi xərçənginin erkən diaqnostikasında mühümdür. Kişilərdə daha çox piylənməyə bağlı qaraciyər və öd problemlərinə rast gəlinir. Son zamanlar kişi və qadın xəstəliyi deyilən fikir də aktuallığını itirib. Çünki əvvəllər öd xəstəlikləri statistikaya görə, qadınlarda rast gəlinirdi, indi isə kişilərdə çoxdur. Qalxanvari vəzinin xəstəliklərinə kişilərdə də rast gəlinir.

- Əsrin bəlası olan onkoloji xəstəliklərin təyinində USM nə qədər kömək edir? Erkən mərhələdə şişləri görmək mümkündürmü?

- Bu xəstənin müayinəyə nə dərəcədə tez gəlməsindən asılıdır. Bəzi xəstəliklər var ki, onlara tranzitor deyilir, yəni xərçəngə meyilli, şişə çevrilə biləcək. Bunlara mastopatiyanın düyünlü forması, qalxanvari vəzidə düyün, uşaqlıqda bəzi şişlər, öddə polip aiddir. Biz baxırıq, düyünün forması, kənarına, nə qədər düyün mürəkkəb quruluşludursa, qan təchizatı güclüdürsə, bir o qədər onun xərçəngə çevrilmə riski var. USM yalnız şübhələnə bilər, onkoloji diaqnozu qoya bilmərik. Bundan sonra istiqamətləndiririk ki, sonrakı müayinələrdən keçsinlər. Xüsusən genetikasında onkoloji xəstələr olanlar mütləq profilaktik yoxlamadan keçməlidirlər. Təəssüf ki, son illər çox gənc insanlarda da artıq onkoloji mərhələyə keçmiş dəyişikliklər aşkar etmişəm. Yaşlı insanlarda isə limfomaya daha çox rast gəlirik. Bir də məni narahat edən bir məsələ var: xəstə çox vaxt vərəmdir deyə vaxt itirir, yəni vərəmdən müalicə alır. Amma onun diaqnozu limfoma çıxır, bunu da son mərhələdə aşkarlayırlar. Çünki xəstə uzun müddət vərəm olduğunu düşünür. Bu xəstəliklərin əlamətləri oxşardır və nədənsə limfoma kimi təhlükəli məqam diqqətdən kənarda qalır. Qadınlarımız 35 yaşdan sonra USM-də ginekoloji və süd vəzi müayinəsindən başqa uşaqlıq boynunun da müayinəsindən keçməlidirlər. Çünki məhz uşaqlıq boynunda daha çox onkoloji xəstəliklərə rast gəlinir. Çox şükür ki, uşaqlarımızda ciddi onkoloji şişlər aşkarlamamışam. Amma olub ki, yenidoğulmuş körpənin böyrəyinin üstündə, bir uşaqda da qaraciyər və mədəaltı vəzidə aşkar etmişik. Sonradan da məlum oldu ki, o bağırsaqdan yayılmış metastaz idi. Ona görə də dəfələrlə pasiyentlərimizə deyirik ki, USM-dən çəkinməsinlər, özləri də, övladları da ildə 2 dəfə keçsinlər. Lazım gələrsə, lap ayda da keçmək olar. Burda heç bir fasilə gözlənilmir, heç bir ziyan da yoxdur.

Tarix
2019.03.10 / 00:33
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla