Ötən gün millət vəkili Hadı Rəcəbli maraqlı və vacib bir
açıqlama verib. Bildirib ki, özəl klinikalara verilən lisenziyanın
ləğv olunması prosesi sadələşdiriləcək. Millət vəkili hesab edir
ki, nəzarət mexanizmləri gücləndirildikcə, onların işindəki
qüsurlar da azalacaq. Ancaq bu günlərdə özəl klinikada həkimlərin
nişanlı qızın başına gətirdikləri bədbəxt hadisənin doğurduğu
suallar hələ də cavabsız qalır.
Axar.az-ın yaydığı xəbərə görə, toyuna hazırlaşdığı bir vaxtda
estetik əməliyyat etdirən xanım həkimlərin səriştəsizliyinin
qurbanı olub. Adətən, vətəndaşlar çox pul müqabilində az bilik və
bacarıq nümayiş etdirən yerli həkimlərə güvənmirlər. Ona görə
müalicə üçün ya xarici ölkələrə gedir, ya da xaricdən özəl
klinikalara təşrif buyuran həkimlərə üstünlük verirlər. 27 yaşlı
xanımın başına gətirilən olayla artıq həmin həkimlərə və
klinikalara olan azaçıq inamı da məhv etdilər.
Heç yerdə izi qoymayan "həkim"
Hadisə isə ötən il aprelin 7-də İstanbul Estetik Klinikasında
baş verib. Türkiyədən gələn həkim Zubeir Orter xanımı müayinə edən
kimi dərhal əməliyyata götürüb və səhərisi geri qayıdıb. Uğursuz
əməliyyatdan sonra yoxa çıxan həkimi hələ də tapa bilməyiblər.
Klinikanın baş həkimi isə gənc qızın səhhətinə dəyən ciddi zərbənin
müqabilində yalnızca üzr istəməklə kifayətlənib.
Yeri gəlmişkən, həkim Zubeir Orteri hamımıza bəlli olan sosial
şəbəkələrdə, ən geniş axtarış sistemi olan Quqlda tapmağa çalışdıq.
Lakin cəhdlərimiz baş tutmadı. İnsanların savadına və bacarığına
güvənib taleyini etibar etdiyi həkimin heç yerdə izi belə yoxdur.
Zavallı müştəriləri də həkimin onlara verilən telefonlara cavab
vermədiyini deyir.
Ona görə də olay özəl kilinikaların fəaliyyətinə və oraya
xaricdən gətirilən həkimlərin işinə nəzarət məsələsini
aktuallaşdırdı. Haqlı suallar ortaya çıxdı: Həmin klinikaların
xaricdən həkim dəvət etməsi hansı qaydada tənzimlənir? Xaricdən
gələn həkimlərin işinə nəzarət varmı və necə qurulub? Uğursuz
əməliyyatlara görə kim məsuliyyət daşıyır?
İstəyəndə yasaqlar işə düşür
Türkiyədən dəvət olunan həkim-cərrah Hamdi Koçər Bakıda bir neçə
özəl klinikada xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım
edirdi. Onun müalicəsindən razı qalan xəstələr Milli Onkologiya
Mərkəzinə getməkdən imtina edirdilər. Xeyli müddət Azərbaycana
gəlib-gedən, insanlara şəfa bəxş etdiyi iddia edilən (hər halda
bunu həkimin müalicə etdiyi insanlar deyir) həkim daha ölkəyə
buraxılmır. Səbəbi kimi yerli həkimlərin qısqanclığı və onun
barəsində yalan informasiya ilə yanlış rəy formalaşdırmasını
göstərirlər.
Bizi isə maraqlandıran başqa şeydir: yasaq imkanı varsa, demək,
insanların sağlamlığına, gələcək həyatına ciddi zərbə vuran Zubeir
Orter kimi fırıldaqçı "həkimə" də asanlıqla qadağa qoymaq, hətta
məsuliyyətə çəlb etmək mümkündür. Səhiyyə Nazirliyi səy göstərsə,
həmin adamı beynəlxalq axtarışa verərək məsuliyyətdən yayınmasını
da əngəlləyə bilər.
"Stomatologiya üzrə lisenziya alıb,
amma..."
Yeri gəlmişkən, gənc qızın başına gələn bədbəxt hadisədə
İstanbul Klinikasının məsuliyyəti danılmazdır. Özəl klinikalara hər
hansı sahə üzrə fəaliyyət göstərməsinə icazə verildiyi halda onlar
lisenziyada nəzərdə tutulmayan xidmətləri də təklif edirlər və
nəticədə bədbəxt hadisələr baş verir. Bu məsələni millət vəkili
H.Rəcəbli də dilə gətirib:
"Bir də görürsən ki, stomatologiya üzrə lisenziya alıb, amma
abortla məşğuldur. Ona görə də bir müddət əvvəl Azərbaycanda özəl
müəssisələrdə tibbi xidmətin tənzimlənməsi, onlara lisenziyaların
verilməsi ilə bağlı bəzi addımlar atıldı, bu qaydaların pozulmasına
görə cərimələr 8 min manatadək artırıldı. Amma bəzən qanunları
pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında
müəyyən problemlər yaranır".
H.Rəcəbli qeyd edib ki, eyni zamanda xaricdən Azərbaycana gələn
həkimlərə də ciddi nəzarət olunur.
Mövzunu davam etdirəcəyik.